EN

FHN-in nümayəndələri AEBA-nın konfransında iştirak edib

Noyabrın 26-28-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərində Nüvə elmi, texnologiyası, tətbiqi və Texniki Əməkdaşlıq Proqramı üzrə konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev və Agentliyin Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova iştirak edib.

Konfransda çıxış edən Agentliyin rəisi Nicat Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə AEBA arasında əməkdaşlıq və “Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. AEBA ilə növbəti illər ərzində texniki əməkdaşlığın müvafiq proqram əsasında müəyyən edildiyini diqqətə çatdıran N.Əliyev, nüvə texnologiyalarının təhlükəsiz tətbiqinin əhəmiyyəti barədə danışıb.

FHN-in nümayəndə heyəti eyni zamanda Türkiyə Respublikasının Vyanada yerləşən Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilən “Nüvə tətbiqləri və infrastruktur” adlı paralel tədbirdə də iştirak edib. Tədbir zamanı Mətanət Qəhrəmanova təqdimatla çıxış edərək nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, radioaktiv tullantıların idarə edilməsi və tənzimləyici qurum barədə ətraflı məlumat verib.

FHN-in nümayəndələri, həmçinin konfrans çərçivəsində bir sıra yan tədbir və texniki görüşlərdə iştirakı ediblər.

Chosen
4
3
ikisahil.az

4Sources