EN

Azərbaycanda dollara tələbat artıb, manatı nə gözləyir? 

“Son aylarda Azərbaycanda keçirilən valyuta hərraclarında dollara tələbin artması müşahidə edilir. Dollar hərraclarındakı artımlar bəzi banklarda ajiotaja səbəb olub və onlar dollar satışına müəyyən məhdudiyyətlər tətbiq etməyə çalışır. Yayılan məlumatlarda iddia edilir ki, hətta bir neçə bank valyuta qıtlığı ilə üzləşməkdən ehtiyat edərək satışı məhdudlaşdırıb. Ajiotaja heç bir əsas yoxdur, bankların valyuta satışı üçün kifayət qədər dollar kütləsi mövcuddur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Aydın Hüseynov: Vətəndaş bank və ya poçt rabitəsi vasitəsilə istənilən həcmdə valyutanı xaricə köçürə bilər Pravda.az

Deputatın sözlərinə görə, xarici valyutaya tələbin artmasının səbəbi bir neçə faktorla bağlıdır. “Başlıca səbəb qeyri-neft və qaz idxalının artmasıdır ki, bu da investisiya aktivliyinin yüksəlməsi və dövlət xərclərinin genişlənməsi ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə geniş miqyas alan tikinti və bərpa işləri, eləcə də çoxsaylı infrastruktur və iqtisadi-sosial layihələrin icrası böyük həcmlərdə sərmayələr hesabına həyata keçirilir. Bu layihələrin icrasında xaricdən alınan mal və avadanlıqlar dollara tələbi artırır”.

A.Hüseynov qeyd edib ki, Azərbaycanda dollara olan tələbi ödəmək üçün kifayət qədər valyuta resursları mövcuddur: “Dollar tələbatını qarşılayan Mərkəzi Bank və Dövlət Neft Fondunun (DNF) ehtiyat bazası tələbi 100% qarşılayır və hətta aylıq izafi dollar qalığı da yaranır. Dollar hərraclarında daha aktiv satıcı qismində iştirak edən Neft Fondu hər ay bazar iştirakçılarının tələbatını ödəmək üçün valyuta hərraclarına 600-700 milyon dollar çıxarmaq likvidliyinə malikdir. Tələb hətta ayda 800-900 milyon dollara yüksəlsə belə, Neft Fondu bütün ehtiyacları qarşılamağa hazırdır. Bundan başqa, dollara olan tələbi qarşılamaq üçün Mərkəzi Bankın da dollar ehtiyatları mövcuddur. Ancaq DNF-nin valyuta satışları kifayət etdiyindən, Mərkəzi Bankın valyuta rezervlərindən istifadəyə ehtiyac qalmır”.

A.Hüseynov bildirib ki, Azərbaycanda manatın məzənnəsini iqtisadi faktorlar müəyyən edir: “Tədiyə balansının cari vəziyyəti pisləşdiyi halda manat üçün ciddi risklər meydana çıxa bilər. 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 5 milyard dollardan çox müsbət saldo qeydə alınıb. Ticarət saldosu onu göstərir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 5 milyard dollar çoxdur. Bu amil də ölkədə dollar ehtiyatının olmasından xəbər verir. Həmçinin Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilsə də, MB-nin də böyük valyuta bazası vardır”.

Xatırlatma: Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 6 milyard 603,9 milyon ABŞ dolları məbləğində satış olub. Rəsmi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Təkcə bu ay isə valyuta satışının məbləği 487,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 14,1 % çoxdur.

Poliqon.info

Chosen
8
8
poliqon.info

9Sources