EN

“Qarayev Residence” sakinlərin razılığı olmadan binanı sökür

“”Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK Nizami rayonu ərazisində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında 4 yaşayış binasının söküntüsü ilə məşğuldur. BŞHİ-nin sərəncamında yazılıb ki, binaların altındakı torpaq sahəsi guya bina tikməsi üçün sakinlərlə razılığa gəlmək əsasında “Kursus-Nizami” MTK-nın istifadəsinə verilir. Sərəncama görə, guya bina qəzalı vəziyyətdədir. Birincisi, əgər belədirsə, Şəhərsalma və Tikinti Məcəlləsinə görə, bu iş BŞİH-nin deyil, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. FHN məhkəməyə müraciət etməli, binanı sökdürməlidir. Təbii ki, bu işi dövlət orqanı gördüyünə görə dövlət sakinlərin qeydinə də qalmalıdır. Amma bizdə praktika başqa cürdür. BŞİH belə qanunsuz sərəncam verir. Binanın altındakı torpaq sahəsi oradakı mənzil mülkiyyətçilərinin istifadəsindədir. Mülki Məcəllə deyir ki, binanın mülkiyyətçiləri torpaqdan da istifadə edirlər. Sən sakinlərin istifadəsində olan torpağı necə “Kursus-Nizami” MTK-nın istifadəsinə verirsən? Vermisənsə belə, bu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Belə bir çıxarış isə yoxdur. Təbii ki, ola da bilməz. Çünki torpaq daşınmaz əmlakın dövlət reyestrinə getsə, deyəcəklər ki, torpaq artıq istifadədədir. Yəni BŞİH səlahiyyətlərini kobud şəkildə aşıb”.

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

“”Kursus-Nizami” MTK bu sərəncamı bayraq tutaraq sakinlərin üstünə gəlir. Kimləsə xoş dillə, kimləsə qorxu ilə danışır. Artıq sakinlərin çoxunu çıxarıblar. Guya bunlara başqa yerdə yaşamaları üçün kirayə haqqı veriləcək. Yerində yeni bina tikəndə guya yeni mənzil verəcəklər. Amma bu, könüllü, hamının razılığı ilə olmalıdır. Bir nəfər razı deyilsə, siz heç kimi köçürə bilməzsiniz. Bir neçə sakin, o cümlədən mənim müdafiə etdiyim sakinlər razı deyillər. “Kursus-Nizami” MTK məhkəmədə iddia verir ki, bina sökülməli, sakinlər çıxarılmalıdır. Nizami Rayon Məhkəməsi də bunların iddiasını təmin edib. Çünki çoxluq söküntüyə razılıq verib. Bu, tam cəfəng mövqedir. Biz həmin qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişik. Şikayətə hakim Elşən Kazımovun sədrliyi ilə baxılır. Paralel olaraq biz Bakı İnzibati Məhkəməsinə də şikayət vermişik ki, BŞİH-nin sərəncamı qanunsuzdur. Bundan sonra “Kursus-Nizami” MTK Nizami Rayon Məhkəməsinə ayrıca iddia verdi ki, sakinlər indidən çıxarılsın, ərazi hasarlansın. Nizami Rayon Məhkəməsinin hakimi, Tağı Əhmədovun oğlu Rauf Əhmədov belə qanunsuz qərardad vermişdi ki, bəli, sakinlər dərhal çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi bu qərardadı ləğv etdi. Rauf Əhmədov barəsində də xüsusi qərardad çıxarıldı ki, qanunu pozub. Buna baxmayaraq, hazırda binanı sökürlər. Blokun qapısı da yoxdur. Bununla bağlı biz Nizami Rayon İcra və Probasiya Şöbəsinə müraciət etdik, həmin şöbə də məhkəməyə müraciət etdi. Nizami Rayon Məhkəməsi “Kursus-Nizami” MTK-nın rəhbərini cərimələdi. Həmin qərardan sonra bunlar yenə söküntüyə davam edirlər. Bakı Apellyasiya Məhkəməsindəki iclasda vəsatət verdim ki, siz bu işi dayandırmalısınız. Bakı İnzibati Məhkəməsi BŞİH-nin sərəncamına münasibət bildirməyib. Sərəncamın qanunsuzluğuna baxılır. Mülki Prosessual Məcəlləyə və Konstitusiya Məhkəməsinin buna dair verdiyi şərhlərə görə bir məhkəmədə baxılan iş digərinə həlledici şəkildə təsir edirsə, digər işi dayandırmalıdırlar. Burada aşkar belə hal var. Bakı Apellyasiya Məhkəməsi işi dayandırmasa, son nəticədə binanın sökülməsi barədə qərar versə, binanı söksələr, İnzibati Məhkəmə yekunda BŞİH-nin sərəncamının qanunsuz olmasına dair qərar versə, onun qərarının heç bir əhəmiyyəti olmayacaq. Çünki artıq bina yoxdur. Bunun üçün o qədər də ağıl, yaxud hüquqşünas olmaq lazım deyil. Aşkardır ki, Bakı Apellyasiya Məhkəməsinə təsir var. Çünki “Kursus-Nizami” MTK  tələsir. Görün arxasında hansı qüvvələr dayanıb ki, camaatın evini əlindən alır, sökür, dağıdır. Bütün bunlar Azərbaycanda mülkiyyət hüququnun vəziyyətini göstərir. BŞİH qanunsuz sərəncam verir, vətəndaşların istifadəsində olan torpaq sahəsini onların əlindən alır, hansısa özəl tikinti şirkəti gəlib camaatı evindən çıxarır. Nizami Rayon Məhkəməsi bir neçə qanunsuz qərarlar verib. Bakı Apellyasiya Məhkəməsi də son nəticədə “Kursus-Nizami” MTK-ya kömək etmək istəyir. Baxın, mülkiyyət hüququnun müdafiəsi yoxdur. Buna görə də bəzən “Bakıda mülk almayın” deyəndə razı olmurlar. Haqq qorunmur…”, – hüquqşünas bildirib.

Chosen
20
1
tribunainfo.az

2Sources