EN

Azərbaycanlı xanımlardan maraqlı təşəbbüs: “Gələcəyin İşığı” Sosial Platforması

Azərbaycanda sosial inkişaf və inklüzivlik istiqamətində HR, psixologiya və digər sahələrdə çalışan xanımların iştirakı ilə “Gələcəyin İşığı” Sosial Platforması yaradılıb.

Demokrat.az xəbər verir ki, bu təşəbbüs, uşaq evlərində böyüyən qız uşaqlarının təhsil və məşğulluq imkanlarının genişləndirilməsini, onların sosial və peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.

Platforma könüllülük prinsipi əsasında yaradılıb.

“Gələcəyin İşığı”nın əsas məqsədi qız uşaqlarının müasir biliklərə yiyələnməsi və peşə bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif təhsil və təlim proqramlarının hazırlanması, onlara psixoloji dəstəyin göstərilməsi və qızların cəmiyyətin fəal üzvlərinə çevrilməsi üçün inklüziv yanaşmanın tətbiqidir.

“Gələcəyin İşığı” Sosial Platforması Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan sosial siyasətə dəstək göstərməyi hədəfləyir. Platforma dövlətin bu sahədə həyata keçirdiyi genişmiqyaslı işlərə özəl sektor və vətəndaş cəmiyyətinin könüllü töhfəsi kimi dəyərləndirilir.

Platformanın təsisçiləri inanırlar ki, bu layihə cəmiyyətin inklüziv inkişafına xidmət edəcək.

Platformanın “Linkedin” üzərindən yayılan ilk elanlarında bu təşəbbüsün yalnız peşəkar sahədə deyil, həm də sosial məsuliyyət kontekstində böyük təsir yaratdığı vurğulanır:

"Biz inanırıq ki, hər bir fərdin potensialını inkişaf etdirmək üçün bərabər imkanlar yaratmaq, cəmiyyətimizin sosial rifahına töhfə verməkdir".

Bu məqsədə töhfə vermək istəyən şəxslər könüllü əsasda “Gələcəyin İşığı” platformasına qoşularaq, öz bilik və bacarıqlarını paylaşmaqla cəmiyyətə fayda verə bilərlər.

Daha çox məlumat əldə etmək və təşəbbüsə dəstək olmaq üçün platformanın “Linkedin” səhifəsinə baxa bilərsiniz.


Chosen
8
2
demokrat.az

3Sources