EN

Azər Məmmədov: “Düzünü desəm, belə hesabla uduzacağımızı gözləmirdim”

“Qarabağ”ın sabiq kapitanı, Ağdam klubunun keçmiş müdafiəçisi Azər Məmmədov apasport.az saytına müsahibə verb. O, Azərbaycan çempionunun avrokuboklardakı şanslarını dəyərləndirib.

- “Qarabağ” “Lion”la görüşdə məğlub oldu. Hesabın belə olacağını ehtimal edirdiniz?

- Düzünü desəm, belə hesabla uduzacağımızı gözləmirdim. Ağır və çətin oyun olacağını bilirdim. Hər halda, "Lion" elə-belə komanda deyil, güclüdür. Ancaq belə uduzacağımızı düşünmürdüm. Ən azından heç-heçə edəcəyimizi fikirləşirdim.

- Qurban Qurbanov hesabın oyuna görə olmadığını bildirdi. Sizin bununla bağlı fikriniz necədir? Sizcə də belədir?  

- Həqiqətən də hesab oyuna görə olmadı. Çünki "Qarabağ"ın qola çeviriləsi epizodları çox idi. Sadəcə bunlardan istifadə edə bilmədilər. Burada keyfiyyət öz sözünü dedi. "Lion" əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. "Qarabağ" da qol imkanlarından istifadə etsəydi, hesab belə olmazdı, fərqli olardı.

- Gürcüstan millisinin forvardı Jorj Mikautadze iki qol vurdu. Sizcə, nə vaxtsa azərbaycanlı hücumçu olacaq ki, avrokuboklarda Avropa klubunda qollarını sıralasın?  

- Azərbaycan futbolunun bədbəxtçiliyidir ki, MDB ölkələrinin futbolçuları yaxşı çıxış edəndə, fikirləşirik ki, bizdə niyə yoxdur? Halbuki Azərbaycanda da yaxşı hücumçular olub. İstəmirdim ad çəkəm, amma məcburam. SSRİ-dən müstəqillik dövrümüzə keçən vaxtda Nazim Süleymanov, Vəli Qasımov, Samir Ələkbərov olub. Bizim də güclü hücumçularımız var idi. Rövşən Əhmədov olub, Gəncədə. Əgər futbolçularımız olubsa, demək ki, yenə də ola bilər. Sadəcə bu onu göstərir ki, Gürcüstanda inkişaf strategiyası düzgün gedir. Günü-gündən də inkişaf edə-edə gedirlər. Bizim də göstəricimiz odur ki, inkişaf etmək, daha çox işləmək lazımdır. Ki, bizdə də elə futbolçular olsun, xaricdə yaxşı çıxış etsinlər. Mikautadzeyə baxdım, yaxşı mənada paxıllığım tutur ki, bu futbolçudan bizdə niyə yoxdur?

- “Qarabağ” iddialı liqaların böyük klubları ilə görüşlərdə böyükhesablarla uduzur. “Tottenhem”, “Ayaks”, “Lion”... Sizcə, niyə 11 illik təcrübəsinə rəğmən “Qarabağ” bu klublara belə hesabla uduzur?    

- Gəlin etiraf edək ki, "Qarabağ"ın elə rəqibləri olub ki, favorit onlar göstərilib. Amma yekunda "Qarabağ" həmin rəqiblərə qalib gəlib. Futboldur da. "Qarabağ" da yaxşı klubları məğlub edib. Siz dediyiniz klublar var, onlar da "Qarabağ"ı. "Tottenhem", "Ayaks", "Lion" Avropa arenasında öz sözlərini yüksək səviyyədə deyən klublardır. Ona görə də, bizim o klublara çatmaqdan ötrü, rahat oynamaqdan ötrü futbolumuz da inkişaf etməlidir, liqamızın səviyyəsi qalxmalıdır. Ondan sonra isə bu klublarla rahat ayaqlaşa bilərik.

- “Qarabağ”ın müdafiə xəttindəki aşkar səhvlərini nə ilə əlaqələndirirsiz?   

- "Qarabağ"ın öz oyun fəlsəfəsi var. Rəqib kim olursa-olsun həmişə hücum futbolu oynayır. Çalışırlar ki, məzmunlu, gözəl oynasınıar. Belə futbol oynayan komandalarda həmişə arxa xətdə boşluqlar olur. Azərbaycan Premyer Liqasında 9 klub səhv edəndə, "Qarabağ" onu bağışlamır, dərhal cəzalandırır. "Qarabağ"ın səviyyəsi digər klublardan keyfiyyət olaraq üstündür. Klublarımız yüngül səhv edən kimi "Qarabağ" cəzasını verir. Beynəlxalq arenada da rəqiblər çox güclü olurlar. "Qarabağ" da hücum futbolu oynadığı üçün arxada boşluqlar olur. Rəqibin futbolçularının keyfiyyəti üstün olduğu üçün səhvləri bağışlamırlar, dərhal cəzalandırırlar. Hücum futbolu oynayan, "Qarabağ"ın fəlsəfəsi elədir ki, arxa xətdə həmişə boşluqlar ola bilir.

- “Qarabağ”ı FKSB, “Olimpiakos” və “Elfsborq”la oyunlar gözləyir. Azərbaycan çempionu bu oyunlardan maksimum neçə xal götürə bilər?

- Dəqiq deyə bilmərəm ki, "Qarabağ" bu üç oyundan neçə xal toplaya bilər. Bir şeyi deyə bilərəm ki, hər üç rəqib də yaxşı komandadır. Turnirdə yer alan klubların heç biri zəif deyil. Hər oyun "Qarabağ" üçün ağırdır. Üç oyundan heç olmasa 4-5 xal toplamaq lazımdır ki, 24lük"də qərarlaşaq. Digər komandalar udur, öz yerlərini bərkidirlər. Üç oyunda bir qələbə, iki heç-heçə etsək, 24lük-də ola bilərik.

"Baku Sportinq" "Cəbrayıl"ı məğlub etdi

Olimpiya çempionu Hidayət Heydərov "Neftçi"nin qonağı olub

Millimiz Estoniyaya məğlub oldu - YENİLƏNİB

I və II Liqada oktyabrın ən yaxşı qolunun müəllifləri mükafatlandırılıb

Millinin baş məşqçisi: "Uduzsaq da, futbolçular çox yaxşı çıxış etdilər"

Chosen
36
apasport.az

1Sources