EN

Paşinyanın və Qərbin maraqları müharibə hazırlığı üstündə birləşdi...

Image

Ukrayna-Rusiya cəbhəsi dünyanın ən qaynar bölgələrindən biri olaraq qalmaqda davam edir. Bu istiqamətdə böhranın yaranmasında Qərbin rolunun birmənalı olduğu isə artıq heç kimə sirr deyil. Amma məsələ burasındadır ki, Qərb ölkələri Ukrayna münaqişəsində uduzurlar, lakin onu dayandırmaq və uğursuzluqlarını etiraf etmək istəmirlər.

Macarıstan baş naziri Viktor Orbanın dediyi kimi Qərb çətin vəziyyətə düşüb, uduzulmuş müharibə aparır. Amma vəziyyət ondan ibarətdir ki, Qərb ölkələri Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəmir. Belə vəziyyətdə Qərb Ermənistan vasitəsilə Rusiyaya qarşı Qafqazda yeni cəbhə açmaq istəyir. Bu da səbəbsiz deyil. Ermənistanın arxasında duran Qərb dövlətləri, xüsusən də Fransa Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Əksinə  rus ordusu daha çox Ukrayna ərazisini nəzarətə götürür. Belə vəziyyətdə Rusiyanın diqqətini başqa istiqamətə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla Qərb vəziyyəti daha da gərginləşdirməyə can atır.  Amma proses Azərbaycana da təsirsiz ötüşmür. Elə Ermənistanın yeni müharibə avantürası bunu təsdiqidir və  Qərbin növbəti planıdır. Görünən odur ki, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlaşdırır. Ermənistan hakimiyyəti də bu avantüraya gedir. Çünki Ermənistan baş naziri Nikol Paşinyanın reytiqni alt-üst olub. Paşinyanın rəhbərlik etdiyi komanda ötən müddət ərzində verdiyi vədlərin əksəriyyətini yerinə yetirə bilməyib. Bu müddətdə vətəndaşların rifah halının yaxşılaşması istiqamətində ciddi nailiyyətlər əldə olunmayıb. Nə daxili, nə də xarici siyasətdə nəzərəçarpacaq uğurlara imza atılıb. Ölkədə aparılan rəy sorğuları hökumət başçısına etimadın kəskin azaldığını, hakimiyyətin bütün sahələrdə siyasətinin fiaskoya uğradığını sübut edir. 2021-ci ildən sonra baş verən bir sıra hadisələr, o cümlədən 2023-cü ilin sentyabrında lokal xaraketli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi, bu ilin aprelində Qazax rayonunun işğal altındakı 4 kəndinin bir güllə atılmadan qaytarılması Ermənistanda Paşinyana qarşı çıxanların sayının artmasına səbəb olub. Təbii ki, Ermənistanın siyasi rəhbərliyi bütün baş verənlərdən xəbərdardır və vəziyyəti düzəltmək üçün müxtəlif addımlar atır. Hakimiyyət rəsmilərinin regionlara səfəri, bəzi məmurları nöqsanlara görə tənqid etmək, işdən çıxarmaq, sosial proqramlar, ucqarlarla bağlı “iqtisadi layihələr” gözlənildiyi kimi nəticə vermir. Ölkə daxilində isə siyasi vəziyyət getdikcə gərginləşir. Orduda baş verən intiharlar, sosial vəziyyətin günü-gündən çətinləşməsi, Qarabağ erməniləri ilə yaranan problemlər, Rusiya ilə münasibətlərin kəskin tonda davam etməsi kimi məsələlər hakimiyyəti müxtəlif addımlar atmağa məcbur edir. Belə vəziyyətdə Qərbin yardımı ilə Ermənistan hakimiyyəti Azərbaycana qarşı müharibəyə başlayıb nəsə əldə edəcəyinə ümid bəsləyir. Xam xəyal olsa da buna cəhd edir. Amma prosedə Qərbin də rolu böyükdür. Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı yenə təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir. Prosesdə Yunanıstan da aktiv iştirak edir.

Yunanıstanın Ermənistana zenit-raket sistemləri, o cümlədən S-300-lər verməsi də Qərbin planının tərkib hissəsidir. Qərb Cənubi Qafqazı öz caynağına keçirmək üçün Ermənistana süni nəfəs verir və onu yeni müharibəyə sövq edir. Elə Qərbdə də indi gizlətmirlər ki, Cənubi Qafqaza Rusiyaya qarşı ikinci cəbhə açmaq, Azərbaycana təqzyiq üçün tramplin kimi baxırlar. Buna paralel olaraq, Qərbin bölgədə güclənməsi də Ermənistanda möhkəmlənməkdən keçir. Çünki Gürcüstan keçmiş təcrübəsi fonunda daha ehtiyatlı davranış sərgiləyir, Azərbaycan isə müstəqil siyasi xəttindən geri çəkilmir. Bu halda zəif halqa Ermənistandır. Bu durumda Azərbaycan bildirir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görəcək. Rusiya da gecikməməlidir. Hər halda, bunu Ukrayna təcrübəsi də sübut edir. Xatırladaq ki,  Ukraynada uzun müddət gözləmə mövqeyində olan Rusiya nəticədə bu ölkəni itirdi və indiki vəziyyətə düşməli oldu. Eyni səhvin Ermənistanda təkrarlanması Rusiyaya baha başa gələ bilər. Təbii ki, bundan sonra rəsmi İrəvanın davranışları Rusiyanın atacağı növbəti addımların mahiyyətini müəyyən edəcək. Hələlik isə bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına cəhd edilir.  İndilikdə Ermənistanın yenidən silahlanması, revanşist əhvali-ruhiyyənin dəstəklənməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına xidmət edir. Görünən odur ki, Qərb, xüsusən də Fransa Cənubi Qafqazda Azərbaycanın yaratdığı mövcud reallıqları qəbul etmək istəmir.  Hər vəchlə sülh prosesinə mane olmağa çalışır, revanşizmə dəstək nümayiş etdirir. Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı müşahidə missiyası da bu çirkin planın tərkib hissəsidir. Beləliklə, Qərbin Ermənistanla bağlı atdığı addımlar bölgəni ciddi formada gərginliyə sürükləyir. Amma bundan ən çox zərər görən tərəfin Ermənistan olacağı da sirr deyil.

Tahir TAĞIYEV





Chosen
26
50
baki-xeber.com

10Sources