EN

Broyler zavodları artır, istehsal da artır, ancaq qiymət də qalxır- niyə?

Image

Azərbaycanda toyuq və quş ətinin qiymətinin artması istehlakçıların narazılığına səbəb olub. Onlar onsuz da baha olan qiymətlərin daha da artmasından narazıdırlar. Qeyd edək ki, əvvəllər 17, 18 manata satılan hinduşka əti indi 19-20 manata təklif olunur. Eyni hal broyler toyuqlarda da müşahidə olunur. 

Maraqlıdır, broyler təsərrüfatlarının çox olmasına baxmayaraq, qiymət artımının səbəbi nədir?

Mürvət Həsənli: “Yemin qiymətində ucuzlaşma olarsa gələcəkdə toyuq ətinin qiyməti də ucuzlaşa bilər”

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, payız, qış aylarında toyuq ətinin qiymətinin ucuzlaşması gözlənilmir: “Adətən yaz-yay aylarında toyuq əti məhsullarının satış qiyməti ucuzlaşır. Bu da yemin qiyməti ilə bağlıdır. Yemin qiymətində ucuzlaşma olarsa gələcəkdə toyuq ətinin qiyməti də ucuzlaşa bilər”. 

M.Həsənli hesab edir ki, qiymət artımının bir neçə səbəbi var: “Bazarda kənd toyuqlarının, xüsusilə qaz, ördək və digər quş ətlərinin qiymətində də artım müşahidə olunur. Lakin hind quşu, qaz, ördək və digər quş ətlərinin qiyməti assosiasiya tərəfindən nizamlanmır. Ona görə də sözügedən quş ətlərinin qiymətləri fərdi şəkildə alıcılara təqdim olunur. Broyler toyuqlarının qiyməti isə kənd toyuqlarına nisbətən aşağıdır”.

Kamran Məmmədli: “Yemin bahalaşması qiymətə təsir edən əsas amildir”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qiymət artımının əsas səbəbi məhsuldarlığın aşağı düşməsi və xərclərin artmasıdır: “Yemin bahalaşması qiymətə təsir edən əsas amildir. Azərbaycanda bir çox quşçuluq təsərrüfatları mövcuddur. Bununla yanaşı biz quş ətini idxal da edirik. Buna xarici faktorun da təsiri var. Məlumdur ki, biz daha çox hazırda müharibə gedən Ukraynadan idxal edirdik. Ümumiyyətlə, bazarda sağlam rəqabət mühiti yaradılmalıdır. Belə olarsa istənilən məhsulun qiyməti artmaz”.

Günel CƏLİLOVA





Chosen
35
baki-xeber.com

1Sources