EN

Paşinyan odla oynayır

Hayların baş naziri, doğrudanmı, Azərbaycanla hansısa savaşda qalib gələcəyinə ümid edir?

Sabah dekabr ayı başlayır və Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün verilən proqnozlarda bu aya ümidlər böyük idi. Amma hər şeydən göründüyü kimi, sülh sazişi üzrə razılaşma, böyük ehtimalla, 2025-ci ilin təqviminə yazılacaq. Bakı bu məsələdə öz prioritetlərini bir daha aydın şəkildə açıqladı, sülh müqaviləsinin mətninə son cavabını İrəvana göndərdi. Növbəti addım qarşı tərəfdən gözlənilir. Amma Ermənistan hakimiyyətinin sülh dialoqunu davam etdirmək əvəzinə, cəmiyyəti revanşist əhval-ruhiyyəyə köklədiyini, yeni müharibə nağıllarına hazırladığını görürük.

Danışıqlar prosesinin ləngiməsi fonunda Ermənistanın aktiv şəkildə silahlanması diqqəti cəlb etməyə bilməz. Buradan təbii sual doğur: Ermənistan Azərbaycanla sülh dialoquna gedir, yoxsa revanş götürmək xəyalı ilə müharibəyə hazırlaşır? Amma, göründüyü kimi, məqsəd heç də təkcə revanşizmlə bağlı deyil. İrəvanı bu hərbi-siyasi təxribata körükləndirən kənar qüvvələr var. Onların “perspektivə hesablanmış” planlarına Rusiyanı Cənubi Qafqazdan mümkün qədər tez sıxışdırıb çıxarmaq daxildir.

İrəvandan səslənən bəyanatlarda müharibə ritorikasının artmasının səbəblərindən biri də Nikol Paşinyanın daxildə reytinqinin fəlakətli dərəcədə aşağı düşməsidir. Bunun qarşısını almaq üçün onun fərqli təşəbbüslərə, yeni addımlara ehtiyacı yaranıb. Siyasi ekspertlər son nəticəsi hesablanmayan belə avantürist təşəbbüslərdən biri kimi Ermənistanın lokal hərbi əməliyyata başlaması və Azərbaycan üzərində, kiçik də olsa, qələbə qazanmasını göstərirlər. Baş nazir, guya, bu yolla həm güc strukturlarında, həm də bütövlükdə, Ermənistan cəmiyyətində öz mövqeyini möhkəmləndirəcəyini düşünür. Lokal döyüşdən “qalib çıxmış baş nazir”. Paşinyanın xarici kuratorlarının hiyləgər planının mahiyyəti bundan ibarətdir: ildırımsürətli lokal müharibə ilə Azərbaycan ərazisinin müəyyən hissəsini işğal etmək, bununla da danışıqlar prosesində mövqelərini gücləndirmək.

* * *

Bölgədə real müharibə şəraitinin yaradılmağa çalışıldığına şübhə yeri qoymayan daha bir fakt. Bu ay Ermənistan və Fransa silahlı qüvvələrinin bölmələri Yunanıstanda birgə təlimlərdə iştirak ediblər. Keçirilən təlimlərin devizi və xarakteri diqqəti çəkir: “Əməliyyat hazırlığını, döyüş qabiliyyətini, qarşılıqlı anlaşmanı, təcrübə mübadiləsini və iştirakçı qüvvələr arasında qarşılıqlı əlaqəni artırmaq üçün canlı atəş də daxil olmaqla müdafiə və hücum əməliyyatları üçün taktiki ssenarilərin tətbiqi”.

Xatırladaq ki, cari il iyunun 12-də Ermənistan parlamenti Yunanıstanla hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi haqqında sazişi ratifikasiya edib. Bundan başqa, mötəbər mənbələrin yaydıqları məlumata görə, erməni hərbçiləri fransız təlimatçıların rəhbərliyi altında şərti sərhədin Ermənistan tərəfində bir-birini tunellər sistemi vasitəsilə birləşdirilən “bastion qalaları” inşa edirlər. Burada söhbət təkcə müdafiədən getmir. Mütəxəssislərin fikrincə, erməni diversantlar həmin fransız tunelləri şəbəkəsinin köməyi ilə Azərbaycana qarşı təxribatlar törədə, onu təkcə müdafiə infrastrukturunun elementinə deyil, həm də mümkün hücum əməliyyatları üçün tramplinə çevirə bilərlər.

İrəvanın müharibə hazırlıqlarının əlaməti sayıla biləcək növbəti fakt: 2024-cü il yanvarın 30-da “Yerkrapa” erməni terror təşkilatının rəhbəri Sasun Mikaelyan 10 mindən çox yaraqlısı ilə Azərbaycanla şərti sərhədin o üzündə daimi döyüş mövqelərində olduğunu bəyan etmişdi. Bütün bunlar aydın şəkildə onu göstərir ki, Ermənistan Azərbaycanla yeni müharibəyə fəal surətdə hazırlaşır. Təbii ki, İrəvan bu zaman Aİ, Fransa, ABŞ kimi xarici kuratorlarının hərtərəfli dəstəyinə ümid edir. Məsələyə bu kontekstdən yanaşanda Polşa Prezidenti Andjey Dudanın iki ölkə arasındakı şərti sərhədə baş çəkməsini, orada “durbinli diplomatların” yanında poza verməsi təxribatını da təsadüfi saymaq olmaz. Polşa Rusiyanın Avropadakı əsas rəqiblərindən biri kimi bütün perimetr boyu Moskvanın diqqətini Ukraynadakı müharibədən yayındıra, onun gücünü parçalaya biləcək münaqişələrin yaranmasında son dərəcə maraqlıdır. Varşava bu planına uyğun gələn “qaynar nöqtələrindən” biri kimi, “böyük güclər”in, o cümlədən, Kremlin maraqlarının kəsişdiyi Cənubi Qafqazı, məhz Azərbaycan–Ermənistan münaqişəsini görmək istəyir.

Bu məqamda oxucuların diqqətinə maraqlı bir detalı da çatdırmaq istərdik. Bəzi hərbi ekspertlərin dediklərinin əksinə olaraq, Ermənistan nəyə görə COP29-un gedişində sərhəddə aşkar təxribata əl atmadı? Ona görə ki, Azərbaycanın sadəcə, BMT-nin İqlim Sammitinin sədri olmadığını, Bakıya dünyanın onlarca dövlətinin prezident, vitse-prezident, baş nazir və nazırləri daxil olmaqla, 70 mindən çox yüksək qonaq və iştirakçının gəldiyini və bu tədbirin beynəlxalq miqyasını, nüfuzunu başa düşdü. Ermənistanın sərhəddə törədə biləcəyi istənilən təxribat beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənəcəkdi. COP29 başa çatdı və indi Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlara əl atacağı istisna olunmur. Ekspertlərin pessimist proqnozlarının özünü doğrultmasını qətiyyən arzulamırıq. Amma sərhədimizin o üzündən belə hərəkətlərə hazırlığın görüldüyü barədə müəyyən siqnallar verilməkdədir.

* * *

Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi icmalçı Tofiq Abbasov hesab edir ki, Ermənistan baş naziri bəzi hallarda sözün düzünü deməkdən çəkinir: “Doğrudur, erməni cəmiyyətinin gözünü reallığa açmaqdan ötrü müəyyən addımlar atır. Xəyallardan uzaq, real Ermənistanı qurmaq məsələsi onun üçün çox vacibdir. Ona görə ki, haylar bəlkə də yeganə millətdir ki, əvvəl mifləri yaradır, sonra da özü onların təsiri altına düşür. Paşinyan ölkəsində yekdil idarəçiliyin olması zərurətini başa düşür. Yəni qərarlar Vaşinqtonda, Los-Anselesdə, yaxud Paris ətrafında deyil, İrəvanda qəbul olunmalıdır. Digər tərəfdən, cəmiyyətin özündə bir konsolidasiya olmalıdır. İqtisadi yüksəlişdən danışsalar da, bunun Rusiyanın hesabına qaçaqmalçılıqla qazandıqlarından ibarət olduğunu hamı bilir. Məhz bu “qara bazar”ın sayəsində Ermənistan iqtisadiyyatını müəyyən qədər dinamik formaya gətirə bilib. Amma, bu, müvəqqəti effektdir. Axı, daxili qeyri-sabitliyə görə heç bir xarici dövlət Ermənistana sərmayə qoymaq istəmir”.

T.Abbasov diqqəti Qərbin mülki missiya adı altında bölgədə vəziyyəti gərginləşdirməyə hesablanan fəaliyyətinə yönəltdi: “Qərbin planları böyükdür. Ermənistanı Azərbaycanla yeni müharibəyə sövq etmək və bunun fonunda əraziyə özlərinin hərbi kontingentini yeritməyə nail olmaqdır. Bu halda İrəvan daha böyük problemlərlə, hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşə bilər. Paşinyanı amerikalılar, farnsızlar, yunanlar, polşalılar aldadırlar. Onlar fürsətdən yararlanmaq istəyirlər. Baş nazirin reytinqinin aşağı düşməsinin əsas səbəbi bu müstəvidə fərsizliyidir. Bəli, Paşinyan çox təhlükəli və avantürist planlar hazırlayan kənar qüvvələrə “yox!” deyə bilmir. Daxildə isə narazılıqlar artmaqdadır. İki milyard dollara yaxın hərbi büdcə bu ölkəni çökdürür. Bundan sonra Ermənistan Azərbaycana qarşı müharibəyə başlaya bilərmi? Əlbəttə ki, yox! Əgər buna getsə olan-qalanını da itirib darmadağın olacaq. Maraqlıdır ki, aranı qızışdıranları Paşinyan özü də görür, amma onlara mane ola bilmir”.

Məsələ xarici siyasi ekspertlərin rəyləri yerli politoloqlarımızın mövqeyi ilə demək olar ki, üst-üstə düşür. Onlar vurğunu daha çox Ermənistanın yeni silah növləri alması üzərinə gətirirlər.

Belarus hərbi eksperti, ehtiyatda olan polkovnik Leonid Spatkayın sözlərinə görə, 44 günlük müharibənin ilk günlərində Azərbaycanın pilotsuz təyyarələri tərəfindən məhv edilən “S-300” raket sistemləri, ümumiyyətlə, erməni hərbçiləri üçün tanış silah növüdür: “Buna görə də, köhnə bacarıqları bərpa etmək yeni Qərb texnologiyalarını mənimsəməkdən daha asandır. “S-300” kompleksi Hindistan və Fransa silahları ilə necə bir yerdə mövcud olacaq? Burada açıq şəkildə sistemli bir hərbi uyğunsuzluq var. Bu tərs mütənasiblik, çox güman ki, “bolt və qozun eyni ölçüdə olması” barədə zarafata bənzəyəcək. Amma standartlar fərqli olduğu üçün “sap bolt və qoza” uyğun gəlmir. Deməli, bu texnika Ermənistan silahlı qüvvələrinə o qədər də böyük fayda verməyəcək. Əksinə, böyük ehtimalla, problemlər yaradacaq. Ümumiyyətlə, Ermənistanın özünü necə aktiv şəkildə silahlandırdığına diqqət yetirdikdə, erməni siyasətçilərin dediklərini təhlil etdikdə kifayət qədər aydın nəticəyə gəlmək olar: siyasi müstəvidə nə deyilməsindən asılı olmayaraq, Ermənistan hakimiyyəti qisas təşnəsinə qapılıb və Azərbaycanla müharibəyə getməkdə qərarlıdır. Əlbəttə ki, əldə edilən silahlar hələ ki, Azərbaycanla müharibəyə başlamaq üçün kifayət eləməsə də, buna hazırlıq açıq şəkildə gedir”.

* * *

“Biz COP29 ərəfəsində və tədbirin gedişində İrəvanın beynəlxalq sammitdə iştirak ehtimalından müxtəlif bonuslar çıxarmaq üçün, guya, sülh danışıqlarında real sövdələşməyə getməyə hazır olduğunu deyəndə ermənilərin yeni intriqa səylərinin işartılarını gördük”. Bu fikirlərin müəllifi, rusiyalı politoloq Aleksandr Ryabtsovun qənaətinə görə, Ermənistan, sadəcə olaraq, özünü sülh müqaviləsinin imzalanması prosesində ümumi dil tapmağa çalışan tərəf kimi göstərirdi: “Amma reallıqda bunun adı təxribat oyunudur. Əgər Paşinyan və komandası, həqiqətən də, hansısa konkret nəticə istəsəydi, o zaman təkliflər boş sözlərdən ibarət olmayıb, konstruktiv xarakter daşıyardı. Xarakterik cəhət ondan ibarətdir ki, Paşinyan bir mövzunu nə qədər tez gündəmə gətirirsə, ondan əvvəlkini, sanki, ümumiyyətlə, heç olmayıbmış kimi bağlayır. Halbuki, görünən odur ki, Paşinyan yalnız bu yaxınlarda həmin problemdən qəzəblə danışıb. Onun nümayiş etdirdiyi bu “siyasi teatr” yalnız onu göstərir ki, Ermənistan öz öhdəliklərinə son dərəcə qeyri-ciddi yanaşır. Eyni zamanda, açıq şəkildə hərbi arsenalını artırmaq yolu ilə gedir ki, bu da Nikol Paşinyanın Azərbaycanla yeni hərbi münaqişəyə hazırlaşdığını əyani şəkildə göstərir”.

Bütün bu təhlükəli oyunların Ermənistan üçün nə ilə nəticələnəcəyini ehtimal etmək elə də çətin deyil. Deyəsən, İkinci Qarabağ müharibəsində və lokal antiterror tədbirində silahlı qüvvələrinin, onun bütün qoşun növlərinin və bütövlükdə, hərbi sisteminin müzəffər Ordumuz tərəfindən darmadağın edilməsi ona azlıq edib. Bəlkə Ermənistanın hərbi-siyasi rəhbərliyi 2020-ci ilin noyabrında hücumu dayandırmaq üçün Bakıdan rəhm diləməsini, müharibəni saxlatmalarından ötrü dünya “gücləri”nin paytaxtlarına fasiləsiz xahiş müraciətlərini unudub?

Aşkar görünən reallıq və fakt ondan ibarətdir ki, hayların baş naziri odla oynayır. Ermənistanın “lokal hərbi əməliyyatda kiçik bir qələbə” arzusu ilə hücum əməliyyatına hazırlaşması öz işidir. Bu, İrəvanın öz seçimidir. Biz bu məqamda yalnız onu deyə bilərik ki, İrəvanın Yerablur təpələrindəki qəbiristanlıqda kifayət qədər məzar yeri, Bakının Qənimətlər Parkında isə fərarilərin atıb qaçacağı hərbi texnikanı nümayiş etdirmək üçün geniş ərazi var. Zəfərdən qürur duyanın və məğlubiyyətdən göz yaşı axıdanın kim olduğunu dörd il əvvəl bütün dünya görmüşdü. Bu dəfə də görəcək...

İmran BƏDİRXANLI
XQ

Chosen
34
xalqqazeti.az

1Sources