EN

İran və Əsəd geri çəkilir - General qələbə mesajı verdi

Noyabrın 27-də Suriyanın Hələb və İdlib vilayətlərində silahlı Suriya müxalifəti ilə Bəşər Əsəd rejiminin rəhbərlik etdiyi qüvvələr arasında başlayan döyüşlər davam edir.

Teleqraf.com xəbər verir ki, müxalif qüvvələrin generalı Əhməd Rəhal əməliyyatlarla bağlı Türkiyə mətbuatına danışıb.

General rejimin Hələbdə sürətlə təslim olmasından təəccübləndiklərini vurğulayıb:

“Suriya rejiminin dərhal necə süqut etməsi bizi şoka saldı. Amma rejimin İranın dəstəyi ilə salamat qaldığı, Hələbin “Hizbullah”ın nəzarətində olduğunu bilirik, ümid edirik ki, əməliyyatlar genişlənərək Əl-Zəhra bölgəsinə doğru irəliləyəcək.

Əməliyyatın Təl Rıfatda davam etməsini istəyirik. Çünki orada YPG var, bu dəhlizi qurtarmalıyıq. Suriyada Əsəd və “Hizbullah”ın sürətli məğlubiyyətinin YPG-nin Mənbiç, Təl Rıfat və ətraf bölgələrdə sürətli süqutuna mütləq təsir edəcəyini düşünürük. Bu gəlişmələrə görə Suriya müxalifəti rahat nəfəs ala bilir. Qaçqınlar da asanlıqla evlərinə qayıda bilirlər.

İndi vəziyyət başqadır, keçmişdə Əsədin hücumlarına görə insanlar Suriyadan Türkiyəyə qaçırdılar, indi əksi olacaq, Türkiyədən Suriyaya qayıdacaqlar”.

Rəhal əlavə edib ki, indiki məqamda hədəf Hələb və Səraqibdir, yaxın günlərdə başqa bölgələr də azad oluna bilər.

Türkiyə mətbuatı müxalif qüvvələrin Hələb şəhərinin mərkəzini ələ keçirdikləri barədə məlumat yayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
272
32
teleqraf.com

10Sources