EN

DAMMİB İH-yə yeni sədr və üzvlər seçilib

DAMMİB

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi (DAMMİB) İdarə Heyətinin illik genişləndirilmiş yığıncağı keçirilib. Dünya azərbaycanlılarının birlik və həmrəyliyini qarşısına missiya olaraq qoyan təşkilat bundan sonra yenilənmiş heyətlə fəaliyyətini davam etdirəcək. DAMMİB-nin I vitse-prezidenti Rasim Məmmədovun ikiillik dövr üzrə hesabat-məruzəsindən sonra müzakirələr keçirilib, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Reyting.az-a DAMMİB-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildiriblər.

Toplantıda qeyd olunub ki, DAMMİB-nin ilk fəxri prezidenti elan edilmiş ümummilli lider Heydər Əliyevdən sonra təşkilatın qurucusu, Xalq yazıçısı, ikinci fəxri prezidenti Söhrab Tahir dünyasını dəyişməzdən bir qədər əvvəl İH-nin toplantısında vəzifə səlahiyyətlərini I vitse-prezident Rasim Məmmədova həvalə edib.

Diqqətə çatdırılıb ki, 2016-cı ildə DAMMİB-nin qurultayından sonra R. Məmmədovun təklifi ilə formalaşdırılan İdarə Heyətinin rəhbəri vəzifəsinə Xalq yazıçısı Çingiz Abdullayevin namizədliyi irəli sürülüb və o, yekdilliklə seçilib. Son 8 ildə təşkilat Ç. Abdullayevin rəhbərliyi altında geniş və səmərəli fəaliyyəti ilə istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə nüfuz qazanıb.

Ümimi yığıncaqda İdarə Heyətinin yeni rəhbərliyi seçilib, üzvləri formalaşdırılıb. İdarə Heyətinə müxtəlif vəzifələrə təsdiq olunmaqla aşağıdakı şəxslər seçiliblər:

Çingiz Abdullayev – DAMMİB-nin üçüncü fəxri prezidenti, Rasim Məmmədov – DAMMİB-nin prezidenti, Aydın Xan Əbilov – DAMMİB-nin I vitse-prezidenti. Yasəmən Hacıyeva, Kəmalə Orucova, Nurəli Məmmədov isə DAMMİB İH-nin üzvləri seçiliblər.

Daha sonra qarşıdakı iki il ərzində yeni fəaliyyət mərhələsinə qədəm qoyan DAMMİB-nin rüblük və illik iş planı barədə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Yığıncağın sonunda DAMMİB İH-nin fəxri prezidenti, Xalq yazıçısı Çingiz Abdullayevə təşkilatın fəaliyyətinə verdiyi töhfələrə görə xüsusi təşəkkür elan edilıb.
Chosen
53
1
reyting.az

4Sources