EN

BMU-da “Oxu, yarat, ilham al!” mövzusunda tədbir təşkil olundu

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Kitab klubu”nun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi şair-tərcüməçi Səlim Babullaoğlu, “Strauss” nəşr evinin rəhbəri İlkin Abdulla, “Santiago” kitab klubunun rəhbəri və qurucusu Aqil Rüstəmovla tələbələrin görüşü keçirilib.

Kulis.az xəbər verir ki, “Oxu, yarat, ilham al!” mövzusunda keçirilən tədbirdə bildirilib ki, məqsəd ədəbiyyatın insan həyatına təsirinə, dünyagörüşünün formalaşmasında əhəmiyyətinə diqqət çəkmək, gənclərdə ədəbiyyata maraq yaratmaq, mütaliə mədəniyyəti formalaşdırmaq, kitab oxumağı onların həyat tərzinə çevirməkdən ibarətdir.

Tələbələr qarşısında çıxış edən şair S.Babullaoğlu klubun təşkil etdiyi ilk görüşün qonağı olmaqdan məmnunluğunu bildirib, ədəbiyyat sevgisinin tarixçəsini gənclərlə bölüşüb. O, kitab oxumağa həvəsinin uşaq yaşlarında yarandığını, xüsusilə şəkilli kitablara maraq göstərdiyini vurğulayaraq ədəbiyyatın insanın xəyal gücünə təsirini, hər bir kitabın daşıdığı məzmunla aşıladığı dəyərləri qeyd edib. Şair gəncləri, ilk növbədə, milli dilimizi öyrədən folklor, daha sonra isə duyğuları gözəl ifadə etdirən, insan mənəviyyatına müsbət təsir göstərən poeziya nümunələrini oxumağa çağırıb.

İ.Abdulla nəşriyyat yaratmaqda məqsədinin ədəbiyyatı təbliğ etmək, oxu mədəniyyətini gücləndirmək olduğunu diqqətə çatdırıb. O, müasir dünya ədəbiyyatı nümunələrinə xüsusi önəm verdiklərini, indiyə qədər 30-a yaxın belə əsərin çap edildiyini deyib. Kitab klublarının roman, povestlərin ən yaxşı müzakirə müstəvisi olduğuna toxunan İ.Abdulla bu klubların ədəbiyyata həvəs yaratdığını, səviyyəli oxucu formalaşdırdığını söyləyib.

A.Rüstəmov isə kitabın onun həyatını necə dəyişdiyini, xarakterinin formalaşmasına nə kimi təsir göstərdiyini anladıb, yaratdığı klubda təşkil edilən ədəbiyyat müzakirələrinin gənclərin asudə vaxtlarının səmərəli keçməsində, düşüncələrini paylaşmasında əhəmiyyətini vurğulayıb. Bildirib ki, hər bir ədəbiyyatsevər təkcə kitab oxuyan yox, həm də ədəbiyyat təşviqatçısıdır.

Sonda tələbələrin sualları cavablandırılıb.

Chosen
7
2
kulis.az

4Sources