EN

Göbələk nə zaman zəhərə çevrilir - dietoloqdan tövsiyə

Kliniki Tibbi Mərkəz (KTM) zəhərlənmə ilə bağlı şok statistika yayıb. Məlumata görə, bu ilin oktyabr ayı ərzində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 93 nəfər qəbul edilib, 4-ü ölüb. 

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 20 nəfər sirkə turşusundan, beş nəfər göbələkdən, dörd nəfər ilan sancmasından, dörd nəfər botulizmdən, dörd nəfər etanoldan, bir nəfər layelladan zəhərlənən şəxslərdir.

Eyni zamanda onlardan altısı allergik reaksiya, üçü fosfor üzvi birləşmələrdən, ikisi dəm qazından zəhərlənmə, iki nəfər isə həşərat sancması səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən ikisi kişi, ikisi isə qadın olmaqla dörd nəfər ölüb. Bunlardan ikisi sirkə turşusu, biri layella sindromu və biri də göbələk zəhərlənməsindən olub.

Bəs göbələk nə zaman təhlükəli ola bilir? Təbii ki, burada söhbət yeməli göbələklərdən gedir. 

Mütəxəssislər bildirir ki, göbələklər zülal, karbohidrat, aminturşular, B, C, D, E, PP vitaminləri, fosfor, kalium, sink, dəmir, kalsium, yod mineralları və fol turşusu ilə zəngindir. Həmçinin tərkibində yağlar az olduğu üçün azkalorili qida sayılır. Sink və B qrupu vitaminləri ilə zəngin olması sayəsində göbələyin istehlakı fiziki və zehni yorğunluğu, həmçinin stresi aradan qaldırır.

Təzə halda olan yeməli göbələklərin kimyəvi tərkibi orta hesabla 90 faiz su, quru çəkisinin 30-40 faizi zülal, 10-15 faizi karbohidrat, 1-2 faizi isə yağlardan ibarətdir.

Azərbaycanda rast gəlinən yeməli göbələklərə adi şampinyon (Agaricus campestris), yay boletusu (Boletus aestivalis), çıxıntılı boletus (B. appendiculatus), ağ göbələk (B. edulis), qəşəng boletus (B. regius), çəhrayı südlücə (Lactarius torminalis), narıncı südlücə (L. deliciosus), palıd südlücəsi (L. İnsulsus), sarı yağlıca (Suillus luteus) və digərlərini şamil etmək olar.

Mütəxəssislər qeyd edir ki, torpağın təbiətə bəxş etdiyi göbələk nə qədər dadlı, ləzzətli, faydalı olsa da, bir o qədər də orqanizm üçün təhlükəsi var. Düzgün seçilməyəndə, emal edilməyəndə və saxlanmayanda göbələk zəhərlənməyə, hətta ölümə belə səbəb ola bilir. İstehlak dövründən asılı olaraq göbələkdən zəhərlənmə hallarına ilin müxtəlif fəsillərində, əsasən də yaz və payızda təsadüf olunur. Göbələk zəhərlənməsinin simptomlarına mədə-bağırsaq pozuntusu, qusma, başgicəllənməsi və s. kimi hallar aiddir. Zəhərlənmənin müddəti göbələklər tərəfindən sintez olunan toksinlərin növü və miqdarından asılıdır. Belə ki, göbələk toksinləri orqanizmdə səbəb olduğu simptomlara görə sinifləndirilir. Protoplazmik toksinlər hüceyrələrin məhvinə səbəb olmaqla orqan və toxumalarda funksional çatışmazlıqlar yaradır. Məsələn: neyrotoksinlər həddən artıq tərləmə, koma, hallüsinasiya, həyəcan, depressiya və s. kimi nevroloji simptomlara səbəb olur. Gastrointestinal toksinlər isə ürəkbulanma, qusma və ishal kimi əlamətlərlə müşayiət olunan zəhərlənməyə yol açır.

Morfoloji cəhətdən oxşarlığına görə bəzi yeməli və zəhərli göbələk növləri vizual olaraq çətin fərqləndirilir. Çox vaxt təcrübəsizlikdən zəhərli göbələkləri yeməli göbələklərə bənzədərək toplayırlar ki, bu yanlışlıq səbəbindən hər il dünyada yüzlərlə insan ölümü baş verir. Yeməli göbələyin içərisinə bir tək zəhərli göbələyin qarışması belə zəhərlənməyə yol aça bilir. Ona görə də yol kənarında, açıq satılan yox, qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Qablaşdırılmış məhsulu alarkən isə etiket məlumatları mütləq nəzərdən keçirilməlidir. Çünki yeməli göbələklər də bəzən zəhərlənməyə səbəb olur. Bu da məhsulun yararlılıq müddəti ötdükdə, düzgün şəraitdə saxlanmadıqda baş verir. Göbələyi xüsusən də polietilen torbada saxlamaq nəmlənməsinə, kiflənməsinə səbəb olur. Göbələkdən hazırlanmış salat və yeməklərin də düzgün saxlanması vacibdir. 

“Müasir cəmiyyətimizin ən dietik qida məhsulu kimi tanınan göbələk geniş istifadə olunur. Avropa mətbəxinin təqdim olunduğu kafe-restoranların menyusunda göbələk daimi olaraq var. Azərbaycanda da göbələk sevənlərin sayı artmaqdadır. Bu qida məhsulu hətta uşaqlar tərəfindən də sevilir”.

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında tanınmış diyetoloq-həkim Ləman Süleymanova mövzu ilə bağlı danışarkən deyib. Diyetoloq göbələyin tərkibinin müxtəlif vitaminlərlə zəng olduğunu diqqətə çatdırıb:

“Göbələyin tərkibində xüsusən lesitin adlı maddə var ki, bu maddə qanda xolesterini normadan artıq olan, həmçinin ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara yaxşı təsir edir. 

Həmçinin göbələk artıq çəkidən əziyyət çəkən insanlara da məsləhət görülür. Xüsusilə 2-ci tip diabet şəkər xəstələrinə tövsiyə olunur. Hətta sübut olunub ki, süd vəzi xərçəngindən əziyyət çəkən qadınlara göbələk çox yaxşı təsir edir. Çünki tərkibində xüsusi maddələr, antioksidantlar var. Həmçinin zehnin güclənməsinə, qanda yağların artmasına, müxtəlif xəstəliklərdə göbələk xoş təsir göstərən qida məhsuludur".

Diyetoloq qeyd edib ki, bəzən zəhərli göbələyi yeməli göbələklə səhv salırlar ki, bu da çox təhlükəlidir:

“Məsələn, adi şampinyon yeməli göbələkdir. Lakin sarı rəngdə şampinyon var ki, bəzən onu adi şampinyonla səhv salırlar, yəni, görünüşcə bir-birinə çox bənzəyir. Sarı şampinyon çox təhlükəli göbələk növüdür və ölümə də səbəb ola bilir. 

Göbələyi bişirən zaman diqqət etmək lazımdır, belə ki, zəhərli göbələyi isti suda qaynadan zaman qaşığı suya salanda qaşıq qara rəngdə olur. Bu o deməkdir ki, göbələk zəhərlidir. 

Zəhərli göbələkdən zəhərlənmənin simptomları onun növlərinə görə dəyişir. Məsələn, sarı şampiyon göbələyinin qəbul edilməsi nəticəsində qarabasmalar olur, insan dəli olmaq dərəcəsinə çatır, nevroloji problemlər yaranır. Solğun, qırmızı amanita göbələyindən zəhərlənmənin isə ilkin əlamətləri ishal, qusma, baş hərlənməsi olur. 

Hətta bəzi yeməli göbələkləri belə “üfürə-üfürə” qəbul etmək lazımdır. Yaxşı olardı ki, qablaşdırılmış göbələklərə üstünlük verilsin. Bu zaman mütləq şəkildə onun  istifadə müddətinə diqqət etmək lazımdır. Bəzən, vaxtı keçmiş qablaşdırılmış göbələklər ciddi zəhərlənmələrə gətirib çıxara bilir. 

Həmçinin, yeməli göbələklərin tərkibində maddələr var ki, əgər göbələk tələb olunan temperaturda saxlanılmadıqda, həmin maddələr aktivləşir və qida məhsulu kiflənməyə başlayır. Adətən bu kiflənmə görünmür və təhlükə saçır. 

Yəni o demək deyil ki, yeməli göbələk zərərsizdir, əgər bu qida məhsulu düzgün qablaşdırılmadıqda və yaxud istifadə müddəti bitdikdə artıq zəhərli göbələyə çevrilir".


Chosen
18
3
news24.az

4Sources