EN

Afrikanın daha bir ölkəsi Fransa ilə hərbi əməkdaşlıqdan imtina edib

Fransa Xarici İşlər Nazirliyi bildirib ki, Çadın iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Paris ilə razılaşmanı dayandırmaq qərarını müzakirə edir. SİA xəbər verir ki, hazırda təxminən 1000 fransız əsgərinin yerləşdiyi Çad cümə günü, noyabrın 29-da Fransa ilə hərbi əməkdaşlıq üzrə Sazişi ləğv etdiyini bəyan edib.

Çad Xarici İşlər Nazirliyi bu qərarın ölkənin strateji tərəfdaşlarını yenidən müəyyən etmək istəyi ilə bağlı olduğunu bildirib. Afrika ölkəsinin xarici siyasət idarəsinin bəyanatında deyilir: “Çad Respublikası hökuməti Fransa Respublikası ilə imzalanmış müdafiə sahəsində əməkdaşlıq Sazişini ləğv etmək qərarına dair öz xalqını və beynəlxalq ictimaiyyəti məlumatlandırır”.

Çadın xarici işlər naziri Abderaman Kulamallah tərəfindən imzalanan bəyanatda deyilir ki, 60 illik müstəqillikdən sonra ölkənin tam suverenliyini təsdiqləməsi və milli prioritetlərə uyğun olaraq strateji tərəfdaşlıqlarını yenidən müəyyənləşdirməsinin vaxtı çatıb. O əlavə edib ki, 2019-cu ilin sentyabrında yenidən hazırlanmış Sazişə xitam verilməsi heç bir halda iki xalq arasında tarixi münasibətlərin və dostluq bağlarının pisləşməsinə işarə etmir. “Çad hər iki xalqın rifahı naminə Fransa ilə ümumi maraq doğuran digər sahələrdə konstruktiv əlaqələri davam etdirmək əzmində qalır”, -deyə nazir vurğulayıb.

Bu qərar Fransanın Avropa və xarici İşlər naziri Jan-Noel Barrotun Qərbi Afrika ölkəsinə səfəri zamanı açıqlanıb. Noyabrın 27-də Çada səfər edən fransız nazir bu ölkənin Prezidenti Mahamat İdris Debi ilə danışıqlar aparıb.

Çad keçmiş müstəmləkə sahibləri ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığına son qoymaq üçün Niger və Mali də daxil olmaqla Sahil regionunun digər ölkələrinə qoşulur. 2023-cü ilin avqustunda seçilmiş Prezident Mohamat Bazumun devrilməsindən sonra Nigerin hərbi rəhbərləri müdafiə sahəsində əməkdaşlıq üzrə Rusiyada danışıqlar kontekstində Fransa ilə hərbi müqavilələri ləğv etdiklərini elan ediblər. Bu, 2022-ci ildə Malinin Paris ilə müdafiə Sazişindən çıxmaqla bağlı eyni qərarı elan etməsindən sonra baş verib.

Bu arada, Seneqal Prezidenti Bassirou Diomaye Faye Fransa mətbuatına bildirib ki, o, fransız hərbçilərin ölkəsində mövcudluğuna son qoymağa çalışır. Hazırda Qərbi Afrikanın bu ölkəsində 350 fransız əsgəri var.

Chosen
26
sia.az

1Sources