EN

Rəşad Sadıqov: “İkinci hissədə “Sumqayıt”dan daha üstün idik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəlikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyunun şahidi olduq. Hər iki komanda baxımlı futbol oynamağa çalışırdı. Qol epizodlarımız var idi. İstifadə edə bilmədik. Rəqib kornerdən fərqləndi. Meydanda bərabər mübarizə gedirdi. Əks-hücumlarımız kəsərli idi. “Sumqayıt” yaxşı pressinq edirdi. Biz də pressinq tətbiq edərək, hücumlar qurmağa çalışırdıq. Pis deyildi. İkinci hissədə rəqibdən üstün oynadıq və qol epizodlarından istifadə edərək qalib gəldik. Vaqif Cavadovu təbrik edirəm. Bu yükün altına girdikdə narahatlığım var idi. Amma oyunlar göstərir ki, yükü daşımağa qadirdir. Rəqibi analiz edəndə maraqlı detallar gördük. Vaqifə uğurlar arzulayıram. Futbolçularımı da təbrik edirəm. Üç gündən sonra kubok matçına çıxacağıq. Tez o oyuna keçid etməliyik.

Yaxşı pressinq tətbiq edib, hücuma keçidlərdən qollar vurduq. O elementlər də müasir futbolda çox önəmlidir. Qolların 60-70 faizi o elementlərdən sonra olur. Mövqe hücumları ilə qol vurmaq çətindir. Təhlil etdikdən sonra bəlkə fikrim dəyişəcək”.

Rəşad Sadıqov bu oyunda zədə almış braziliyalı hücumçu Rafael Utziqin zədəsindən də danışıb: “Görünən odur ki, zədəsi ciddidir. Dünən Qismət Alıyevi itirdik, 5-6 həftə olmayacaq. Bu gün Utziqin zədələnməsi bizi məyus edir. Görünən odur ki, qış fasiləsindən sonra oynaya biləcək. Sabah MRT olacaq. Daha dəqiq biləcəyik”.

“Qolları hədiyyə etdik” – Vaqif Cavadov

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının məğlubuyyətinə belə şərh verib:

“İki fərqli hissə gördük. Pis komandaya qarşı oynamadıq. “Zirə” çox yaxşı mübarizə apardı. Bilirdik ki, çətin oyun olacaq. Onlara hörmətlə yanaşırdıq. Qolları hədiyə etdik. Fərdi səhvlərimiz bu qollara gətirib çıxardı. Komandanın oyunundan razıyam. İlk hissədən tam razıyam. Yaxşı oyun oynadıq. Futboldur. Rəqib səhvlərimizdən istifadə etdi. Onları təbrik edirəm. Hər şey qaydasındadır. Futbolçularıma təşəkkür edirəm. Səhvlər olur, işləyəcəyik.

Futbolda emosiyalar olur. Sərtan Taşkın komandada dəyər verdiyim oyunçulardandır. Gəncdir. Öz səhvini bilir. Heç bir futbolçu ilə konfliktim olmayıb, olmayacaq da. Bu, bir daha təkrarlanmayacaq.

İstəyimiz qələbə qazanmaq idi. İkinci hissə başlayanda da düşüncəmiz qalib gəlmək, pressinq etmək idi. Səhvlərimiz 70-ci dəqiqədə olsaydı, deyərdim yorulduq. Amma ikinci hissə başlayanda oldu. Komanda 1:3 uduzurdu, futbolçularda ruh düşkünlüyü var idi. Hesabı dəyişmək çətin idi. Normaldır. İnanıram ki, bu səhvləri növbəti oyunlarda etməyəcəyik”.

Chosen
47
3
arena.az

10Sources