EN

Banklardan əmanət faizləri ilə bağlı qərar - Bundan sonra...

Azərbaycan Mərkəzi Bankından açıqlanan məlumatlara görə, ötən il Vergi Məcəlləsinə depozit gəlirləri ilə bağlı edilmiş vergi güzəştləri milli valyutada kiçikhəcmli əmanətlərin artımına səbəb olub. Belə ki, milli valyutada 30 min manatadək əmanəti olanların sayı 9 ayda 36 faiz artıb. Bir ildən yuxarı milli valyutada əmanətlərin payı 48,8 faizdən 56 faizə yüksəlib.
 
Nəhayət, 2024-cü ilin ilk 9 ayında əhalinin banklarda əmanətləri 10 faiz artaraq 13,8 milyard manatı keçib. Bu göstərici tarixdə ən yüksək həddə çatıb.
 
Mərkəzi Bankın statistikasına əsasən oktyabrın 31-nə bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edir: depozitlər cəmi öhdəliklərin 79.5 faizi və ya 34 milyard 373.9 milyon manatını təşkil edib. Depozit portfelinin 59.4 faizi (20,404.3 milyon manat) hüquqi şəxslərin, 40.6 faizi (13,969.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
 
 Fiziki şəxslərin əmanətlərinin 66 faizi (9 milyard 216.4 milyon manat) milli valyutada, 34 faizi (4,753.1 milyon manat) xarici valyutadadır.
 
Fiziki şəxslərin əmanət portfelinin 59.5 faizi (8 milyard 314.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 0.9 faiz və ya 72 milyon manat artıb.
 
Hüquqi şəxslərin tələbli depozitləri 14 milyard 979.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.4 faizini təşkil edib.
 
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.7 faiz bəndi azalaraq 33.5 faiz təşkil edib.
 
Əmanətlərin artımında əsas rol, şübhəsiz ki, faizlərin yüksəlməsinindir. Belə ki, xüsusilə cari ilin ikinci yarısında banklar manatla əmanət faizlərini artırıblar. Hazırda bir sıra banklar 12-13 faizlə əmanət cəlb etməyə çalışırlar. Bankların bu siyasəti nədən qaynaqlanır? Əmanət faizləri niyə artırılır və bunun hansı müsbət-mənfi təsirləri var?
 
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, əmanət faizlərindəki artım daha çox banklardakı likvidliyin azalmasından qaynaqlanır: 
 
"Banklararası bazarın son 2 ildə müəyyən inkişaf mərhələsinə çatması sistem əhəmiyyətli banklardan maliyyə vəsaitlərinin digər banklara axmasına və dolayısı ilə də maliyyə bazarlarına yönəldilməsinə şərait yaradıb. Depozit faizlərinin yüksəlməsinin bir müsbət tərəfi var ki, vətəndaşlar vəsaitlərini banklarda yerləşdirməyə həvəsli olurlar. Bu isə passiv yığımların banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi və pulun dövriyyə sürətinin artması multipikativ effektinin yaranmasına, eyni zamanda müəyyən sosial qrupların gəlirlərinin artmasına gətirib çıxarır. Mənfi hal budur ki, əmanət faizlərinin yüksək olması kredit faizlərinin də artmasını şərtləndirir, bu da iqtisadiyyata daraldıcı təsir göstərən amildir”. 
 
Ekspert bildirir ki, banklar əhalidən yüksək faizlə topladıqları vəsaitləri aşağı faizli və uzunmüddətli biznes kreditlərinə deyil, yüksək faizli və qısamüddətli istehlak kreditlərinə yönəltməklə gəlirliliyi təmin etməyə çalışırlar: "Bu səbəbdəndir ki, son vaxtlar istehlak kreditləri üzrə faizlərdə artım müşahidə olunur”. 
 
İqtisadçı Eldəniz Əmirova görə, kommersiya banklarının əmanət faizlərini artırmasının bir neçə səbəbi ola bilər: 
 
"Burada birincisi Mərkəzi Bankın pul siyasətindən qaynaqlanan səbəblər ola bilər. İkinci səbəb kimi inflyasiyanın sürətlənməsi çıxış edə bilər. İnflyasiya artırsa, banklar da məcburdurlar ki, əhalinin gəlirini təmin etmək üçün əmanət faizlərini qaldırsınlar. Başqa bir səbəb likvidlik məsələsidir. Nəhayət, bir səbəb də banklar arasındakı rəqabət amilidir. Düşünmürəm ki, hazırda depozit vəsaitlərinin artmasında Mərkəzi Bankın pul siyasəti əsas rol oynasın. Çünki Mərkəzi Bankın uçot dərəcəsinin depozit və kredit faizlərinə təsiri elə yüksək deyil. İnflyasiya da elə yüksək deyil ki, depozit faizləri 12-13  faizə qədər artsın. Deməli, qaldı iki səbəb: likvidlik və banklararası rəqabət. Düşünürəm ki, bu iki faktorun daha böyük təsiri var. Çünki axır illərdə banklar arasında depozit cəlbi ilə bağlı kifayət qədər açıq rəqabət olduğu görünür. Likvidliklə bağlı dəqiq nəsə demək mümkün deyil. Elə banklar var ki, likvid vəsaitləri yetərincədir, bu sahədə hansısa problemləri yoxdur. Bu halda yeganə amil o ola bilər ki, banklar likvidliyi daha da artırmağa çalışırlar”.
 
Qeyd edək ki, əmanət faizlərinin artması, müddətli əmanətlərin payının yüksək olması bankların depozit faizləri üzrə xərclərini artırıb. Rəsmi statistikaya əsasən bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının depozitlər üzrə faiz xərcləri  725,8 milyon manat təşkil edib. Bu, illik müqayisədə 245,9 milyon manat (51,2 faiz) , aylıq müqayisə ilə 89,4 milyon manat (14 faiz) çoxdur. Bu ilin oktyabr ayının birinə bankların depozitlər üzrə faiz xərcləri 636,4 milyon manat, ötən ilin noyabrın 1-nə isə 479,9 milyon manat təşkil edib.
 
Hesabat dövrü ərzində bankların müddətli depozitlər üçün ödədiyi məbləğlər aylıq 75,7 milyon manat (13,8 faiz), illik isə 221,5 milyon manat (55,2 faiz) artaraq 622,9 milyon manata yüksəlib.
 
Cəlb edilən əmanətlərin qısamüddətli və yüksək faizli istehlak kreditlərinə yönəldilməsi bankların faiz gəlirlərində də ciddi artıma səbəb olub. Belə ki, 2024-cü ilin noyabın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 3 milyard 242 milyon manat olub.  Həmin göstərici oktyabrın 1-nə olan dövr ilə müqayisədə 358,6 milyon manat və ya 12,4 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 380,1 milyon manat və ya 13,3 faiz çoxdur.
 
2023-cü il noyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 milyard 861,9 milyon manat olmuşdu.
 
Mənbə: "Yeni Müsavat"
Chosen
197
4
hit.az

5Sources