EN

Tbilisidə polis etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıb - YENİLƏNİB-4 - VİDEO

Tbilisidə parlament binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə ediblər.

APA “Interpress” agentliyinə istinadən xəbər verir ki, eyni zamanda aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam edir.

Qeyd edək ki, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırmasına etiraz edirlər.

***
18:29




Tbilisidə parlament binasının qarşısında yenidən etiraz aksiyası başlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, saat 18:00 radələrində əraziyə gələn etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar.

Hazırda hakim partiya əleyhinə şüarlar səsləndirən etirazçılar qanunverici orqanın həyətinə pirotexniki vasitələr atırlar.

Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.

***

saat 11.12

Tbilisidə etiraz aksiyası davam edir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, şəhərin mərkəzi Çavçavadze küçəsini bloklayan etirazçılar ərazidə tonqal qalayıblar.

Mitinq iştirakçıları aksiyanın davam etməsi üçün bir-birlərini yeməklə təmin edirlər. Aksiyanın keçirildiyi əraziyə təkərlər gətirilib.

Etirazla əlaqədar prospektdə nəqliyyatın hərəkəti dayanıb, bir sıra mərkəzi küçələrdə tıxac yaranıb. Əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

***

saat 10.10

Tbilisidə etiraz aksiyaları davam edir.

APA-nın “NewsGeorgia”-ya istinadən verdiyi xəbərə görə, hazırda aksiya iştirakçıları Çavçavadze küçəsində, Tbilisi Universitetinin birinci korpusunun qarşısında toplaşıb.

Hələ ki, polislə toqquşma qeydə alınmayıb.

***

saat 07.33

Tbilisidə dünən axşamdan başlayan etiraz aksiyaları hələ də davam edir.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, periodik olaraq polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanır.

Polis xüsusi təyinatlı dəstələri parlamentin ərazisindən Opera Teatrı istiqamətində hərəkətə keçiblər və aksiya iştirakçılarına xəbərdarlıq edilib.

Polis qüvvələrini zirehli maşınlar izləyir. Hüquq mühafizə orqanların əməkdaşları etirazçıların süni barrikadalar qurduğu Çavçavadze küçəsində hərəkət edirlər.

Rustaveli prospekti və Lagidze küçəsi də polislər tərəfindən mühasirəyə alınıb.

Bundan başqa Azadlıq meydanı Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları, həmçinin xüsusi texnikalar tərəfindən mühafizə olunur.

Tbilisidə Tbilisidə

© APA | Tbilisidə parlament qarşısında etiraz aksiyası

Chosen
4
20
apa.az

10Sources