Tanınmış aktyor Rafael İsgəndərov şəhid dostu Müşfiq Abbasovla son görüşündən bəhs edib.
News24.az xəbər verir ki, sənətçi bu barədə Baku TV-yə danışıb.
"Müharibəyə getməmişdən bir həftə əvvəl bizə gəldi. Oturduq, söhbət etdik. Döyüşlərə qatılacağını söylədi. Dedim ki, Müşfiq, sənin 50 yaşın var, vicdanın, Vətən qarşısında təmizsən, bəlkə getməyəsən. O da, "Mənim 50 yaşım var, onun 18 ilini Ağdamda yaşamışam, 2 ilini Rusiyada keçirmişəm. Qalan 30 ilini isə mən yaşamamışam", dedi", - deyə aktyor bildirib.
Qeyd edək ki, iki oğlu ilə könüllü olaraq döyüşlərə qatılan, Birinci Qarabağ savaşında da iştirak etmiş Müşfiq Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə M.Abbasov ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.