EN

Professor Nuran Abdullayev: Bir ildən sonra Azərbaycan adına qazandığımız bir çox elmi uğurları müzakirə edəcəyik

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun rəhbəri professor, tibb elmləri doktoru Nuran Abdullayevin Moderator.az-a müsahibəsi
 
-Nuran bəy, uzun illərdir həm səhiyyə sektorunda, həm də ictimai-siyasi arenadakı fəaliyyətiniz ictimaiyyətə bəllidir. Yaşadığınız ölkədə Azərbaycan diasporunun inkişafında və güclənməsində xidmətləriniz göz önündədir. Həkimlərimizin Azərbaycanı Almaniyada layiqli təmsil etməsi üçün onlara göstərdiyiniz nümunəvi karyera ilə yanaşı, onlar arasında şəbəkələşməni daha yüksək səviyyəyə qaldıraraq birlik nümunəsi nümayiş etdirirsiniz. Bu çoxşaxəli fəaliyyətinizə son günlərdə daha biri əlavə edildi. Siz Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutuna rəhbər təyin olundunuz. Bu münasibətlə Sizi təbrik edirik.
 
-Əvvəlcə təbrikinizə görə təşəkkür edirəm. Mən hər zaman düşünmüşəm ki, qazanılan təyinatlara insan hər zaman layiq olmalıdır və bunun üçün də bu cür məsuliyyətlərə layiq olduğunu hər kəs öncədən qabiliyyəti və bacarığı ilə göstərməlidir. Ümumiyyətlə, mən bu cür təyinatlara sadəcə önəmli sayılan məsuliyyətlərimin və öhdəliklərimin daha da artması kimi baxıram. Buraya Azərbaycan adının qatılması isə mənim üçün məsuliyyətin şərəfli tərəfinin ən yüksək pillədə olması deməkdir.
 
-Yeni müstəvidə fəaliyyət istiqamətiniz maraqlıdır. Planlarınız nələrdir?
 
-Biotibbi Mühəndislik İnstitutunun fəaliyyət istiqaməti haqqında bildirim ki, bu sahənin özünün çoxşaxəliliyi bizim birbaşa fəaliyyət istiqamətimizdə də öz əksini tapacaq. İlkin mərhələdə önəmli məsələ yol xəritəsinin və prioritetlərin doğru seçilməsi idi ki, uğurlarımız davamlı və ardıcıl olsun. Belə ki, fəaliyyət istiqamətimizin təməlini elmi tədqiqatlar və bunlara əsaslanan nəticələr təşkil edəcək. İlk elmi tədqiqatlarımız tibbi diaqnostikada, müalicədə və xəstəliklərin proqnozunun təyin edilməsində süni intellektin yeni imkanlarını ortaya qoymaq olacaq. Bundan başqa, "Big Data" təhlili və tibbi görüntüləmələrin avtomatik analizi üçün alqoritmlərin hazırlanması da fəaliyyət planımıza daxildir. Paralel olaraq isə nəticələrimizin biotibbi texnologiyaların və cihazların hazırlanmasında, eləcə də tibbi robotikada və cərrahiyyə üçün nəzərdə tutulan robotik sistemlərdə tətbiqi Azərbaycan üçün bir innovativ yanaşma olacaq. Bunlar sadəcə ilkin mərhələ üçün nəzərdə tutulan planlardır, komandamızın göstərəcəyi əzm və iradə ilə əminəm ki, biz biomaterialların hazırlanmasında və eləcə də toxuma mühəndisliyində qazana biləcəyimiz uğura gedən yolda bir çox innovasiyalara imza atacağıq. 
 
 
- Sizin elmi arenadakı beynəlxalq uğurlarınız ictimaiyyətə bəllidir. Əməkdaşlıq etdiyiniz institutlarla tibbi mühəndislik sahəsində də əməkdaşlığı planlaşdırırsınızmı?
 
-Xarici institutlarla əməkdaşlıq əsasında beynəlxalq tədqiqat layihələrinin həyata keçirilməsi də yol xəritəmizdə nəzərə aldığımız əsas məqamlardandır. Bu sahədə Almaniyanın və eləcə də digər inkişaf etmiş ölkələrin bir neçə universiteti və institutu ilə artıq əməkdaşlıqla bağlı razılaşma əldə etmişik. Yaxın gələcəkdə bu əməkdaşlığın uğurlu nəticələri ilə hər birimiz tanış olacağıq. Sevindirici odur ki, bizimlə əməkdaşlıq etmək istəyən bir çox tanınmış şirkətlər də var ki, onlarla da əməkdaşlıq çərçivəsində iş prinsipimizin şərtlərini müəyyənləşdirəcəyik.
 
-Yerli kadrların hazırlanması məsələsində də planlar varmı? Bilirik ki, bu sahə Azərbaycanda yenidir və məsələnin çətin tərəflərindən biridir.
 
-Qeyd etdiyiniz biotibbi mühəndislik üzrə yerli mütəxəssis hazırlığında da artıq müəyyən işlərə başlamışıq və müəyyən təhsil proqramlarının təşkil olunması nəzərdə tutulub. Nəzərinizə çatdırım ki, yerli və xarici tədqiqat laboratoriyalarında praktik təcrübə proqramları, eləcə də tibbi və mühəndislik sahələrini birləşdirən təlim kurslarının keçirilməsi təhsil proqramının bir hissəsi olacaq. Mənim üçün daha bir qürurverici məqam isə xaricdə təhsil alıb və orada çalışan azərbaycanlı mütəxəssislərimizin yerli mütəxəssis və tələbələrlə əməkdaşlığını təşkil etməkdir. Düşünürəm ki, bu cür körpülərin qurulması bir çox uğurlara birlikdə imza atmağımıza kömək edəcək.
 
- Nuran bəy, Sizə uğurlar arzu edirik. Ümid edirik ki, yeni fəaliyyətiniz də uğurlu olacaq.
 
-Bir daha təşəkkür edirəm. Mənim üçün uğur təsadüf deyil – o, əzm, məqsəd və heç vaxt dayanmadan çalışmağın, qorxmayan iradənin nəticəsidir. Əminəm ki, bir ildən sonra Azərbaycan adına komanda olaraq qazandığımız bir çox elmi uğurları və onların nəticələrini təhlil edə biləcəyik. Burada "komanda" sözünü bilərəkdən istifadə etdim, çünki hər kəs bilməlidir ki, yuxarıda qeyd etdiklərimin hamısı komanda işidir. Komandanın da bəzi üzvləri ictimaiyyətə bəllidir, bəziləri də zamanla bəlli olacaq. Bu komandanın sevdiyim özəlliyi bizə inananlara dəstək ola biləcək qədər sadə və güclü olması, eləcə də çətin yollara bizə inananlarla davam etmə əzmidir.
Chosen
34
2
moderator.az

3Sources