EN

Kommunal qurumlar yenə öz AMPLUASINDA – Bakı qışa HAZIRDIRMI?

Azərbaycanda qış fəslinə sayılı günlər qalır. Amma bununla belə ölkədə soyuq hava müşahidə olunur, hətta bəzi ərazilərə qar yağıb.

Bakı soyuq havalara qarşı hazırlığını, əsasən, infrastrukturun möhkəmləndirilməsi ilə təmin edir. Bu, kommunal məsələlərin həlli, xüsusilə qazın işığın suyun və istilik sistemlərinin yoxlanması, davamlı təminatı, ictimai nəqliyyatın vaxtında işləməsi, yolların buzdan təmizlənməsi və s. kimi qabaqlayıcı tədbirlərin görülməsi ilə əlaqədardır.
 

MÖVZU İLƏ BAĞLI:

Kommunal xidmətə görə limitlər ləğv edilsin - TƏKLİF


Bakıda iqlimin xarakteristikasına görə qış o qədər də sərt keçmir. Amma qış gəlməmiş müəyyən hazırlıqların görülməsi şərtdir.

Bütün bunlara rəğmən kommunal xidmətlərə cavabdeh olan qurumlar yenə öz ampluasındadır. “Azəriqaz” İB həmişə olduğu kimi soyuq aylar düşsə də, hər gün bir ərazidə qəza və texniki səbəbləri əsas gətirərək qazı kəsir. Halbuki qurumdan saytımıza açıqlama verilmişdi ki, istilik mövsümündən sonra ərazilərdə fövqəladə hal istisina olmaqla qazın verilişi kəsilməyəcək. Üstəlik hansısa qəza və texniki səbəbdən kəsilən qaz xəttinin təmiri nədənsə 9-10 saat çəkir.

Məgər 1, maksimum 2 saata texniki çətinliyi aradan qaldırmaq müşkül məsələdir?

“Azərişıq” ASC-yə gəlincə...

Digər qurumlara nisbətən nümunəvi işləyən “Azərişıq” da son vaxtlar elektrik enerjisinin kəsiləcəyi ilə bağlı məlumatlar yayır. Rəsmi xəbərlərdən görünür ki, bu qurum da “Azəriqaz” kimi müxtəlif ərazilərdə elektrik enerjisini saatlarla kəsməyi adət halına gətirib

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də öz növbəsində, istədiyi vaxt, istədiyi ərazidə müxtəlif səbəblərə saatlarla su təminatını kəsə bilir.

İctimai nəqliyyatın fəaliyyəti isə göz qabağındadır.

Maraqlıdır, ilboyu texniki nasazlıqlarını yoluna qoya bilməyən sözügedən qurumlar qışa hazırdırlarmı?

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında deyib ki, payız-qış mövsümünə hazırlıq işləri getdiyi üçün arada lokal dayanmalar olur. Bu da qış aylarında abonentlərin davamlı, təhlükəsiz qazla təmin olunması üçündür:

“Hazırda tempratur aşağı olsa belə, qazın verilməsində dayanmalar olur. “Azəriqaz” İB hər il olduğu kimi may ayının 1-dən noyabrın 1-nə qədər payız-qış mövsümünə hazırlıq prosesini icra edir. 

“Bu işlər soyuq aylarda  abonentlərin təhlükəsizliyini və qazın davamlı olmasına xidmət edir. Bu hazırlıq prosesi yeraltı qaz xətlər yerüstü dayaqların üzərinə qaldırılması, karroziyaya uğramış boru xətlərinin yeniləriylə əvəz olunması, boyanma işlərinin aparılması, şkafların sazlığının yoxlanması, qaz sızmaların təftişinin keçirilməsi və s işləri əhatə edir ki, qış mövsümündə təzyiqə davamlı təhlükəsiz şəkildə qazın verilməsi təmin edilsin”.

Əhalinin qazsız qalmaması üçün...

Qurum rəsmisi əlavə edib ki, “Azəriqaz” İB  hər il olduğu kimi bu il də hər hansı bir hadisə olduğu zaman əhalinin qazsız qalmaması üçün alternativ qaz xətlərinin çəkilməsini icra edir:

“Bunun məqsədi odur ki, hər hansı bir lokal xarakterli hadisə baş verdikdə əhali saatlarla, günlərlə qazsız qalmasın, qaz kəmərləri vasitəsilə ərazinin qazla təminatı mümkün olsun. Bakı-Abşeron ərazisində bununla bağlı xeyli iş görülüb. Güman edirik ki, “Azəriqaz” İB ötən illərlə müqayisədə bu il qazın verilişini, xidmətini daha keyfiyyətli təşkil edə biləcək”.

Eldəniz Vəliyev qazın ərazilərdə tez-tez kəsilməsi məsələsinə də təkrar toxunub:

“Dünyanın ən böyük, inkişaf etmiş ölkələrində belə qaz təchizatında istismar olunan borularda zaman-zaman belə proseslər baş verir. Çünki bildiyimiz kimi, qazın aşılama xüsusiyyəti var. Yəni istismarda olan boruları qaz aşılayır, bir müddət sonra belə xırda sızmalar baş verir. Bu sızmalar lokal xarakterlidir, çox geniş deyil. Bu nəticələr də dərhal aradan qaldırılır”.

Abonentlər qazla bağlı problem yaşamırlar?

Müsahibimiz qeyd edib ki, hər hansı bir ərazidə lokal dayanmaların müşahidə olunmasının səbəbi təkcə sızmalar deyil.

“Dəfələrlə avtomobillərin boru xətlərinə çırpılması nəticəsi  xətlər zədələnib. Bu halların aradan qaldırılması üçün mütləq məcburi dayanmalar olur. Eyni zamanda, "Qaz İxrac" idarəsinə məxsus olan boruların da zədələnməsi baş verir. Əgər “Qaz İxrac” borularında zədələnmə baş verərsə, “Azəriqaz” İB nəticələrin aradan qaldırılmasını gözləmək məcburiyyətindədir. Yəni, təkcə bir səbəbi göstərmək olmaz, fors-major hallarda Azəriqaz İB lokal dayanmalara məcbur qalır. Ümumilikdə isə abonentlər bu dayanmalarla bağlı geniş tərkibli problem yaşamırlar”.

“Su xətləri təftiş olunur...”

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qurum hal-hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir:

“Əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Buna səbəb xətlər intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Eyni zamanda, kanalizasiya, nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir”.

Qurumdan sayğaclar barədə də açıqlama verilib:

“Qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən don vurmalardır. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir. İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də,  kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə don vurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir”.

“Don vurmadan mühafizə tədbirləri görülür”

Məlumatda bildirilib ki, şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Həmçinin, don vurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunub.

Qeyd edək ki, “Azərişıq” ASC-yə  sorğu ünvanlasaq da,  qurum suallarımızı cavablandırmayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

Chosen
14
bizim.media

1Sources