EN

"Stellantis" fikir ayrılığı: Baş direktor istefa verdi

Avtomobil istehsalçısı "Stellantis" yarandığı gündən şirkətə rəhbərlik edən baş direktor Karlos Tavaresin istefa verdiyini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, onun varisinin axtarışı 2025-ci ilin birinci yarısında başa çatmalıdır. Bu müddət ərzində konserni Con Elkanın başçılıq etdiyi müvəqqəti icra komitəsi idarə edəcək.

Bu il əhəmiyyətli problemlərlə üzləşən "Stellantis" oktyabr ayında böyük bir liderlik dəyişikliyi elan edib. Daha sonra şirkətin maliyyə direktoru Natali Nayt istefa verib, Avropa və Şimali Amerikadakı bölmələrin rəhbərləri, həmçinin "Maserati" və "Alfa Romeo" şirkətlərinin direktoru dəyişdirilib. 

Eyni zamanda, şirkət 2026-cı ildə "Stellantis"dən ayrılacağı gözlənilən Tavaresin varisinin axtarışına başladığını elan etmişdi. Lakin bugünkü açıqlamada qeyd olunduğu kimi, son həftələrdə baş direktorla Direktorlar Şurası arasında fikir ayrılıqları intensivləşib və bu səbəbdən dərhal yolların ayrılması qərarı verilib.

Portuqaliyalı Karlos Tavares karyerasının çox hissəsini "Renault" və "Nissan"da keçirib, növbə ilə hər iki alyans şirkətində rəhbər vəzifələrdə çalışıb. 2014-cü ilin yanvarında o, "PSA Peugeot Citroen"in baş direktoru olub və Fransa konserninin "Fiat Chrysler" ilə birləşməsinə təşəbbüs edib. Bu əməliyyat 2021-ci ildə bağlanıb və "Stellantis" konserni yaranıb.

"Stellantis" satışları bu il 2023-cü illə müqayisədə xeyli pisdir. Üçüncü rübün sonunda konsernin gəliri illik müqayisədə 27% azalıb. Bundan əvvəl istehsalçı 2024-cü il üçün proqnozunu pisləşdirərək bunu çətin bazar şəraiti və Şimali Amerikada istehsalın məcburi azalması ilə əlaqələndirdi. Stellantis səhmləri ilin əvvəlindən bəri 41% ucuzlaşıb.

Paşa Məmmədli

Chosen
11
2
valyuta.az

3Sources