EN

Bayden hökuməti oğlunun xatirinə ABŞ demokratiyasını rüsvay etdi- həm də gedər ayaqda...

Image

Rauf Zeyni: “Co Bayden adminstrasiyası belə qanunazidd addımı atdı”

ABŞ Prezidenti Co Bayden oğlu Hanteri əfv edib. Baydenin bu barədə bəyanatı, təbii ki, dünyada birmənalı qarşılanmır. 

Baydenin bəyanatında deyilir: “Bu gün oğlum Hanter üçün əfv imzaladım. Vəzifəyə gəldiyim gündən Ədliyyə Departamentinin qərar qəbul etməsinə mane olmayacağımı dedim, oğlumun ədalətsiz şəkildə mühakimə olunmasını müşahidə etdiyim halda belə sözümü tutdum. Hanterə fərqli münasibət göstərildiyi aydındır. Onunla bağlı ittihamlar yalnız Konqresdəki bir neçə siyasi rəqibimin mənə hücum etməyə və seçilməyimə qarşı çıxmağa başladıqlarından sonra səsləndirildi”.

Məlumdur ki, Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli bilinib.

Dünya mətbuatından bilinir ki, Baydenin oğlu əyyaş, narkoman, cinayət törətmiş şəxsdir və 2018-ci oldən onun vergidən yayınması və qanunsuz silah saxlaması ilə bağlı araşdırma apaılır. 2023-cü ilin dekabrında isə konkret ittiham irəli sürülüb və barəsində məhkəmə qərarı var. 

Bayden səlahiyyətlırindən sui-istifadə edərək gethagetdə öz oğlunu azadlığa buraxıb. 

Vaxtında tüfeyli həyat tərzinə görə qınaq hədəfində olan Baydenin narkoman, cinayətkar, əxlaqsız oğlunu əfv etməsi başadüşüləndir, bu mənada ki, Bayden kimi siyasətçilər belə hallara təbii yanaşır, imkanları olan kimi cinayətə belə haqq qazandıra bilirlər. 

Qeyd edək ki, ABŞ-ın yeni seçilən prezidenti Donalt Tramp bunu sui-istifadə və hüququn aliliyinin pozulması kimi səciyyələndirib. 

Bir çox ekspertlərin təbrincə deyək, bu, amerikasayağı demokratiyadır. Azərbaycan kimi öz yolu ilə gedən, müstəqil siyasət yürüdən ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden administrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir və bunu bütün dünyanın, demokratiya donu geymiş Qərbin, beynəlxalq qurumların gözü qarşısında edir, amma onlar buna səssiz qalırlar. 

Ekspertlər qeyd edir ki, Bayden administrasiyasının bu son qərarı böyük qanun pozuntusudur. Doğrudan da, oğlu 40 illik həbs cəzasına layiq cinayətlər edib ki, söhbət vergidən yayınma, yalan danışma, silah ticarəti və sairdən gedir, Bayden də onu azad edib. Belədirsə, onda Bayden ABŞ-da bu ittihamlarla həbs edilənlərin hamısını əfv  etməli idi. Bu üzgörənlik, ikili standartlar nə deməkdir? Bayden oğlunun cinayətini bağışlayıb onu həbsdən azad etmək haqqında qərar qəbul edib, belə demokratiya olar?      

“O, bir daha özünün o prinsiplərə əməl etmədiyini, zəifliyini və dünya ictimaiyyətinə də şəxsi maraqların  qanunların aliliyindən daha yüksəkdə olduğunu nümayiş etdirdi”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində bildirdi ki,   ABŞ prezidenti Co Baydenin öz cinayətkar oğlunu əfv etməsi dünya ictimaiyyətini o qədər də təəccübləndirmədi, çünki onların siyasətinə xasdır.  “Baxmayaraq ki, onun oğlu cinayətlər edib, əyyaşlıqla, narkomanlıqla məşğul olub, bir neçə maddə üzrə ittiham edilərək həbs olunmuşdu. Vergidən yayınma məsələsi, qanunsuz silah saxlaması kimi faktlardan söhbət gedir ki, bunları onun oğlu edib. Xüsusilə demokratik dəyərlərdən, prinsiplərdən, qanunların aliliyindən danışan Bayden öz oğlunu əfv edərkən bu prinsipləri yada salmadı. Bayden administrasiyasının riyakarlığı, ikiüzlü və ikili standartları bu dəfə də özünü ifadə etdi. Əgər Bayden oğlunu əfv etməsəydi, desəydi ki, o da bütün Amerika vətəndaşları kimi qanunun aliliyi qarşısında bərabərdir, mənim oğlum da öz cinayətlərinə görə qanun qarşısında cavab verməlidir, onda o, o şəkildə tarixə düşə bilərdi. Amma bu gün hamımız şahid olduq ki, o, özünün bir daha o prinsiplərə əməl etmədiyini, zəifliyini və dünya ictimaiyyətinə də şəxsi maraqların   qanunların aliliyindən daha yüksəkdə olduğunu nümayiş etdirdi”.

R.Zeyni qeyd etdi ki, bunu görmək istəməzdik, çünki söhbət qanunların aliliyindən gedirsə bütün ABŞ vətəndaşları o qanunun qarşısında bərabər olmalıdır, Bayden öz oğlunu başqa vətəndaşlardan fərqləndirməli deyildi. “Əgər başqa bir ölkənin prezidenti oğlunu bu şəkildə əfv etsəydi, onu Bayden administarasiyası ittiham edəcəkdi ki, qanunun aliliyini pozur, demokratik dəyərlərə hörmətsiz yanaşır, eyni zamanda şəxsi mənafeyini digər mənafelərdən, ən azından qanunların aliliyindən üstün tutur. Amma gördüyünüz kimi, Co Bayden adminstrasiyası belə qanunazidd addımı atdı. Co Baydenin prezidentlik kürsüsünü tərk etməsinə çox az vaxt qalıb, oz yerini Trampa təhvil verəcək. Mən belə başa düşürəm ki, ABŞ-ın 47-ci prezidenti Trampa görüşdən sonra oğlunu əfv etdi. Mən şəxsi fikrimi deyirəm, bəlkə də Bayden bunu Trampla da razılaşdırıb ki, ola bilsin, məndən sonra oğlum daha sərt ittiham oluna bilər, siz də etiraz etməsəniz oğlumu əfv edərdim. Mən bəlkə yanlış düşünürəm, amma belə bir ehtimalım var. Bütün hallarda, nəhəng bir ölkənin prezidenti başqa addım atsaydı demokratiyaya, həm  öz,  həm də partiya prinsiplərinə, siyasi düşüncələrinə xidmət etmiş olardı. Ancaq bu halda onlar yenə də öz qərar və qaydalarına, öz prinsiplərinə təəssüf ki, riayət etməmiş oldular”-deyə R.Zeyni əlavə etdi.

İradə SARIYEVA





Chosen
287
49
baki-xeber.com

10Sources