EN

Gənc liderlər MDB ölkələrində könüllülər hərəkatı ilinə yekun vurublar

Sankt-Peterburqda MDB ölkələrinin gənclər təşkilatlarının illik forumu keçirilib. İştirakçılar Birlik ölkələrində könüllülər hərəkatı ilinə yekun vurub, bu istiqamətdə uğurlu layihələri nəzərdən keçirəcək, gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirəcəklər.

AZƏRTAC xəbər verir ki, platforma MDB ölkələrindən olan 18-35 yaş arası gəncləri – könüllülər birliklərinin rəhbərlərini və fəallarını, beynəlxalq təşkilatların nümayəndələrini və gənclərlə iş üzrə mütəxəssisləri bir araya gətirib.

Forumun açılışında MDB ölkələrinin Gənclər Parlamentlərarası Assambleyasının (GPA) icraçı katibi Marqarita Levina çıxış edib. Onun sözlərinə görə, könüllülük fəaliyyətinin inkişafı MDB GPA-nın maraqları çərçivəsindədir.

“Biz könüllülüklə bağlı təşəbbüsləri fəal şəkildə dəstəkləyirik, dərk edirik ki, könüllülük təkcə sosial problemlərin həlli yolu deyil, həm də gənclərə məsuliyyət, vətəndaşlıq mövqeyi və ümumi dəyərlərə sadiqlik aşılamaq üçün güclü bir alətdir”, - deyə GPA katibi qeyd edib və əlavə edib ki, gənclər assambleyasının iştirakı ilə “Könüllülük fəaliyyəti haqqında” model Qanun hazırlanıb və qəbul olunub.

Marqarita Levina MDB GPA-nın iclası çərçivəsində “Müasir cəmiyyətdə könüllülər hərəkatı” adlı dəyirmi masanın keçirilməsindən bəhs edib. İclasda könüllülük fəaliyyətinin dəstəklənməsi üzrə qanunvericilik tədbirləri, uğurlu layihələr və MDB ölkələri arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunub.

“Dəyirmi masanın nəticələri qanunvericiliyin daha da təkmilləşdirilməsi və könüllülərin təşəbbüslərinin dəstəklənməsi məqsədilə MDB dövlətlərinin parlamentlərinə göndəriləcək qətnamənin əsasını təşkil edib. Qətnamə ilə MDB PA-nın rəsmi saytında da tanış ola bilərsiniz”, - deyə assambleyanın nümayəndəsi bildirib.

Forumun təntənəli hissəsi qruplar üzrə işlə davam etdirilib. Burada Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan nümayəndələr öz ölkələrində gələn il üçün könüllülük mərkəzlərinin fəaliyyəti ilə bağlı planlarından bəhs ediblər.

Qeyd edək ki, Rusiyanın Elm və Ali Təhsil Nazirliyi, “MIREA – Rusiya Texnologiya Universiteti”, MDB ölkələrinin Gənclərlə İş üzrə Şurasının təşkilatçılığı ilə keçirilən tədbirə “Rusiya Gənclər və Uşaq Assosiasiyaları Milli Şurası” İctimai Birliklər Assosiasiyası dəstək verib.

1Sources