EN

Rubl sürətlə ucuzlaşır - azərbaycanlılara da ziyanı var

Rublun dəyərdən düşməsi Rusiyaya göndərilən məhsullara mənfi təsir göstərir; azərbaycanlı ixracatçı sahibkarlar üçün nəticə ziyanlı ola bilər

Rusiyanın milli valyutası olan rublun dəyərsizləşməsi getdikcə daha sürətli xarakter almağa başlayıb. Mərkəz Bankdan kənar hərraclarda - Forex-də dolların məzənnəsi 114,5 rubla, avro 120,6 rubla yüksəlib. Rusiya Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında Çin yuanının məzənnəsi 15 rubla qədər artıb.

Rusiyalı ekspertlər rublun dəyərsizləşməsini ölkədə xarici valyuta qıtlığı, həmçinin sanksiyaların təsiri ilə izah edirlər. Bildirilir ki, dollar və avro ilə yanaşı, dost ölkə olan Çin yuanının axını da tələbatı qarşılayacaq həcmdə təmin olunmadığına görə rublun həmin valyutalar qarşısında məzənnəsi sürətlə azalır.

Bu arada Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsinin dekanı Pavel Seleznev əhaliyə rublun növbəti və daha güclü dəyərsizləşməsinə hazırlaşmağı tövsiyə edib. “Dolların məzənnəsi artmaqda davam edəcək. İndi 150-dən danışırlar. 150 hətta yumşaq variantdır, dollar 180 rubl da ola bilər”, - ekspert vurğulayıb.

Natiq

Natiq Cəfərli 

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, rus rublunun dəyərdən düşməsi kənd təsərrüfatı məhsullarını daha çox Rusiyada satan azərbaycanlı iş adamlarına pis təsir edir: “Azərbaycanlı iş adamları məhsullarını rus rublu ilə satırlar, Azərbaycana isə başqa valyuta ilə qayıdırlar. Valyuta bahalaşdıqca onların gəlirləri, qazancları azalır. Bu halda müəyyən qədər qazanc əldə etmək üçün qiymətləri artırmalıdırlar, lakin bu Rusiya bazarında bəzən problemlərə səbəb ola bilir, çünki istər-istəməz bazarın qiymətlərlə bağlı öz  "diktəsi" var. Bu baxımdan rublun dəyərdən düşməsi Azərbaycandan Rusiyaya göndərilən məhsullara mənfi təsir göstərir, məhsulların həcminin və dəyərinin azalmasına, nəticədə fermerlərin gəlirlərinin azalmasına gətirib çıxara bilər".    

Subsidiya

Xalid Kərimli

İqtisadçı Xalid Kərimli isə hesab edir ki, azərbaycanlı fermerlər qiymətləri Azərbaycan manatına görə təyin edirlər. “Yeni Müsavat”a açıqlamasında ekspert qeyd etdi ki, fermerlər gəlirlərini manatla hesablayırlar: “Rubl dollara görə ucuzlaşanda manata görə də ucuzlaşmış olur. Rus alıcısı üçün bizim məhsul eyni qiymətə satılsa da, qiyməti kəskin bahalaşmış olur. Yəni fermer qiyməti artırmasa da, qazancı dəyişmir. Rublun ucuzlaşması birmənalı olaraq rus alıcısı üçün Azərbaycan məhsulunun qiymətini bahalaşdırır. Satıcı məhsulu köhnə qiymətlə satmağa çalışsa, qazancı kəskin düşəcək, əgər alıcılıq qabiliyyətinin aşağı olduğunu görsə, qiyməti endirməyə məcbur olacaq. Odur ki, rublun ucuzlaşması azərbaycanlı ixracatçı sahibkarlar üçün ziyanlıdır”.

O ki qaldı Rusiyada yaşayan və Azərbaycanda yaşayan ailələrinə pul göndərən azərbaycanlılar üçün rus rublunun ucuzlaşmasının təsirlərinə, X.Kərimli bildirdi ki, bu onlar üçün pis xəbərdir: “Rusiyada yaşayan azərbaycanlılar maaşı, məvacibi rublla alırlar. Cari xərcləri çıxdıqdan sonra yerdə qalan vəsaiti ya dollarla, ya da manatla, yaxud da elə rublla göndərirlər. Rublu manata çevirəndə vəsaitin həcmi azalır. Bu səbəbdən rublun ucuzlaşması həm ixrac üçün zərərlidir, həm də göndərilən vəsaitin həcminin azalması baxımından sərfəli deyil”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”




Chosen
3
6
musavat.com

7Sources