Ermənistan baş naziri verdiyi sözdən hara qaçacaq?
Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınmasına, sülh müqaviləsinin imzalanacağına ümid dolu 2024-cü il başa çatmaq üzrədir. İki ölkə arasında anlaşmanın əldə olunmasına inam yaradan daha çox Ermənistan baş naziri Nikol Paşinyanın ən yüksək tribunalardan özünə arxayın şəkildə verdiyi bəyanatları, mediaya ötürdüyü mesajları idi. Onun il ərzində bir neçə dəfə “sülhün bir addımlığında olmaları” barədə nikbinliklə dolu vədlərinə hayların xarici işlər naziri, parlamentin spikeri də tam əminliklə dəstək verirdilər. Bəs, nə oldu? Niyə vədlərini yerinə yetirmədilər?
Deyilən söz möhkəm siyasi iradəyə, reallığa və doğru diplomatik yanaşmaya söykənməyəndə son nəticə həmişə göydən asılı vəziyyətdə qalır. Ermənistan hakimiyyəti Azərbaycanla sülh danışıqları üzərində daha kimlərin “xidmətindən” yararlanmağa çalışmadı? Hansı “dolanbac üsullara” əl atmaqla Bakını sazişin mətnində güzəştə getməyə nail olacağına ümid bəsləmədi? Bütün üsulların tükəndiyi, bütün qapıların üzünə bağlandığı indiki məqamda da rəsmi İrəvan yenə, möcüzəyə inanan fanatik kimi, öz xeyrinə nələrisə dəyişmək xəyalından əl çəkmir. Bunu anlamaq və qəbul etmək istəmir ki, artıq divarın qurtardığı nöqtəyə gəlib çatıb, buradan o yana yolu qalmayıb. Məsələnin maraqlı tərəfi həm də odur ki, Nikol Paşinyanın başqa seçim şansı qalmayıb. Ya Azərbaycanla sülhə gələrək, normal qonşuluq münasibətlərini bərpa etməli, ya da özü-özünü saldığı siyasi-iqtisadi dalandan çıxmaq əvəzinə, daha müşkül labirintdə baş sındırmalıdır. Rəylərini soruşduğumuz siyasi ekspertlər də bu fikirlərlə razılaşdılar.
İrəvan prosesi uzadır
Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, sülh danışıqları bitməyincə Ermənistanın iddia etdiyi ərazilər Azərbaycan tərəfindən tanınmayacaq: “Sərhəd müəyyən edildikdən sonra Ermənistan istənilən missiyanı öz sərhədində yerləşdirib, fəaliyyətini təmin edə bilər. Bu, onların daxili işidir. Amma indiki mərhələdə müəyyən edilməmiş sərhəddə belə bir “missiyanın” fəaliyyəti bir növ siyasi təzyiq hesab edilir. Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı bu iddialardan imtina olunmasını tələb edir. Ona görə də erməni tərəfi ardıcıl olaraq bəyanatlar verməklə mümkün qədər prosesdən yayınmağa çalışır. Sual yaranır: İlin sonuna kimi Ermənistan konstitusiyanı dəyişdirə biləcəkmi? Onun belə açıqlamaları, sadəcə olaraq, siyasi spekulyasiyadır. Hətta Paşinyana demək lazımdır ki, bir günə konstitusiyanı dəyişdir! Niyə ilin sonunu gözləyirsən? Ya da bu həftənin sonuna qədər... Bu, onların daxili işidir. Gedib dəyişiklik etsinlər, sonra gəlsinlər. Bundan sonra Azərbaycan tərəfi bu və ya digər mövzulara baxa bilər. Rəsmi Bakı öz mövqeyini açıq şəkildə bəyan edib. Mən də Azərbaycanın yerində olsam deyərdim ki, sabaha kimi sülh sazişini imzalamağa hazıram. Görək Ermənistan sabaha kimi konstitusiyasını dəyişdirə biləcəkmi? Getsinlər müstəqillik haqqında bəyannaməni də dəyişdirsinlər. Sabaha kimi vaxt veririk!”.
T.Zülfüqarovun fikrincə, bu mövzunu gündəmdə saxlamağa çalışan İrəvan düşdüyü acınacaqlı vəziyyətin dərinliyini başa düşmür: “Ermənistanın indiki siyasi elitası dövlətlərini Ermənistan SSR-nin ərazisi əsasında qurub. Belə bir oyuncaq dövləti qurmaqları bir yana, üstəlik Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış ediblər. Buna uyğun olaraq da siyasət yürüdüblər. Nəticədə Azərbaycan əraziləri işğal edilib və Türkiyəyə qarşı siyasi təbliğat aparıblar. Əgər indi erməni tərəfi sülh istəyirsə, buna birmənalı olaraq son qoyulmalıdır”.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov sülh danışıqlarının ləng davam etməsində birbaşa İrəvanın günahkar olduğunu qeyd etdi: “Nikol Paşinyan siyasi hoqqabazlığın ustası olduğunu dəfələrlə sübuta yetirib. Əgər, o, bu yolla nəyəsə nail olmaq istəyirsə, amma bunu bacarmırsa, bu zaman mütləq hansısa bəhanələr tapılır. İrəvan dərhal yeni vədlər verməyə, yeni təkliflərlə çıxış etməyə başlayır. Fəqət, hara vurnuxsa da, nə sülhdən, nə də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan qaça biləcək. Bunu Ermənistan üçün geosiyasi imperativlik hesab etmək olar. Yəni, İrəvan bütün iddialarından əl çəksin, Bakı ilə sülh müqaviləsini imzalasın. Kommunikasiyaların qarşıqlıqlı şəkildə açılması, ilk növbədə isə Zəngəzur dəhlizinin işə düşməsi istiqamətində fəaliyyətə başlaması və Türkiyə ilə münasibətləri normallaşdırması tələb olunur. Bunların başvermə müddəti uzana bilər. Bu ilin axırına kimi olmasın, üç, beş aydan sonra, lap 2025-ci il ərzində baş versin. Amma qaçılmaz reallıq ondan ibarətdir ki, Azərbaycan tərəfi gələn ilin ortaları, maksimum sonları üçün dəmir və avtomobil yolunun sərhədə qədər çəkilməsini başa çatdıracaq. Ermənistan hakimiyyəti o vaxta kimi lazımi qərarları qəbul etməli, öz tərəfindən o işlərə start verməlidir. Əks-təqdirdə, İrəvan özü müəyyən çətinliklərlə üz-üzə qala bilər. Hələlik Paşinyan hansısa manevr imkanlarına malik olsa da, konkret addımları atmağa məcburdur. Hiss olunur ki, indiki məqamda tərəfdarlarını inandırmaq, ictimai rəyə təsir göstərməkdən ötrü cürbəcür sözlərdən, ifadələrdən istifadə edir. Hər halda Bakı həm diplomatik yollarla, həm də media vasitəsilə sülh prosesinin tormozlanmasının qarşısını alır. Sadəcə olaraq, hər iki ölkənin addım-addım sülhə doğru irəlilədiyini söyləyə bilərik”.
Belfast nümunəsi
Kənar aktorların “sülhyaratma təşəbbüsləri”nin arxada qaldığı, vasitəçisiz, tet-a-tet danışıqların konkret nəticələr verməyə başladığı mərhələ İrəvanın günahı ucbatından tormozlanıb. Ermənistan ictimaiyyətinin də sülhə hazır olduğunu qeyd edən ekspertlər sülhün əldə olunmamasının əsas səbəbi kimi Paşinyan komandasının xarici təsirlərdən hələ də qurtula bilməməsini göstərirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, siyasi analitik Fərid Şəfiyev hesab edir ki, dekabr ayında sülh danışıqları üzrə ikitərəfli görüşlərin bərpa ediləcəyi, hətta ilin sonunadək sülh müqaviləsinin imzalanması barədə verilən nikbin proqnozların özünü doğruldacağı real görünmür. İki ölkə arasında dialoqda yenilik yoxdur, sazişin mətnində müzakirəyə ehtiyac duyulan bir çox məsələlər öz həllini gözləyir. Misal üçün, Paşinyan qarşılıqlı iddiaları geri çəkməyə hazır olduğunu bəyan etdi. Doğrudur, o, konstitusiya dəyişikliyinə gedəcəyini də bildirib. Amma yerli müşahidəçilərin sözlərinə görə, gələn il Ermənistanda parlament seçkiləridir və əgər Paşinyan konstitusiya dəyişikliyinə getsə, bu zaman onun seçkilərdə qalib gəlmək şansı xeyli azalacaq. Həm də bu səbəbə görə dəyişiklik məsələsini seçkilərdən sonrakı mərhələyə saxlamaq istəyir. Bu barədə əvvəllər də fikrimi söyləmişəm. Yəni, sülh sazişinin mətnində bu məsələ ilə bağlı İrəvan boynuna müəyyən öhdəlik götürməlidir. Beynəlxalq təcrübədə buna bənzər nümunə var. Misal üçün, 1998-ci ildə İrlandiya Böyük Britaniya ilə qarşılıqlı saziş imzalayarkən bu üsuldan istifadə edib. Belfast sazişində referendumun sonrakı mərhələdə keçiriləcəyi qeyd olunmuşdu”.
F.Şəfiyev Nikol Paşinyanın Avropa İttifaqının Ermənistandakı mülki missiyası ilə bağlı dediklərinə də toxundu: “Onun sözlərini qismən müsbət dəyərləndimək mümkündür. Çünki Paşinyan artıq delimitasiya edilmiş sərhəd zonasından missiyanın çıxarılacağını bəyan edib. Burada söhbət prinsipdən gedir. Bakı üçün prioritet odur ki, həmin ərazilərdə üçüncü qüvvələr olacaq, ya yox. Bu istiqamətdə də hələlik irəliləyiş nəzərə çarpmır”.
Bəli, Ermənistan üçün vaxtın daraldığı, divarın sonunun çatdığı dönəm başlayıb. Hətta belə siyasi labirintlə üzləşən erməni cəmiyyətində hələ də revanşizm meyilləri müşahidə olunmaqdadır. “Kollektiv Qərb”in Ermənistanı intensiv silahlandırma xəttini tutması isə bu meyilləri sönməyə qoymamağa, Cənubi Qafqazda sülhün və əmin-amanlığın yolunu kəsməyə hesablanıb. Bakı hələlik səbr nümayiş etdirir. Amma divarın sonu olduğu kimi, səbrin də tükənəcəyi məqam var...
İmran BƏDİRXANLI
XQ