EN

Sabah mənim AD GÜNÜMDÜR

Dekabrın 4-də yazıçı, publisist, tərcüməçi Mahir Qabiloğlunun doğum günüdür, onun 58 yaşı tamam olur.

Modern.az saytı M.Qabiloğlunun özü haqda yazdığı “Sabah mənim ad günümdür” yazısını təqdirm edir.

***

4 dekabr mənim ad günümdür. Təkcə mənim yox. 4 dekabrda o qədər adam doğulub ki... Amma onlardan mənə nə?! 4 dekabr təkcə mənimçün ad günüdür. Düzünü desəm, xoşlamıram ad gününü. İndinin özündə də qızlarım, nəvələrim təbrikə gələndə acıqlanıram onlara. İndi deyəcəksiniz ki, lap düz eləyirsən. Burda qeyri-adi nə var ki? 58 yaşlı kişi də ad günü keçirməyi xoşlayar? Yaşlı adamlara yubiley yaraşar. O da beş-on ildən bir. Ad günü balaca uşaq üçündür. Tortun üstünə düzülmüş şamları yandırsınlar. Ətrafdakıların oxuduğu  “happi bös dey” Azərbaycan xalq mahnısının sədaları altında, səbəkar rəngbərəng şamları üfürüb söndürsün. Sonra şamların söndüyünü görüb ağlayan səbəbkar üçün həmin şamları bir də yandırsınlar. O, birdə üfürüb söndürsün... Çox uzun prosesdir. Sonra da ətrafdakılar ona “Ad günün mübarək!” əvəzinə, qədim Azərbaycan ifadəsi olan “İyi ki doğdun!” söyləsinlər. Bu qədər sadə və əttökən. Hər halda mənim ətim tökülür. 

İndi mən də sabahı gözləyirəm. Cubbulular gələcək. Gələndə analarına tort və şam aldıracaqlar. Sonra da balaca boylarıyla məni məcbur edəcəklər ki, mən bu şamı üfürüb söndürüm. (Plov da olacaq. Şamsız). Bu proses fotolentin yaddaşına köçürüləcək. “Feysbuk”da paylaşılacaq. Hamı da deyəcək ki, “Mahir, ad günün mübarək!”. Hətta virtual olaraq mənə gül çələngləri, odekalon, maşın da bağışlayacaqlar. Amma heyf ki, virtual. Onsuz da ruhum yüksək səviyyədir. Bu qədər ruhi hədiyyəni bədənimə necə yerləşdirəcəyəm? Bilmirəm. İndidən çox qayğılıyam. Vəzifəli adam olsaydım, hər ad günündə heç olmasa 20 dənə qızıl qol saatı qabaq düşərdim. Axı, yaşlı kişi üçün bundan abırlı hədiyyə hələ də icad edən tapılmayıb.
 

İndi deyəcəksiniz ki, Mahir, axı nə istəyirsən? Nəvələrin, qızların tort gətirir – bəyənmirsən. “Feysbuk” dostların virtual hədiyyə atəşinə tutur – bəyənmirsən. 20 dənə qızıl qol saatı da ola bilsin ki, nəvaxtsa gəlsin. Onu da bəyənmədin. Axı, nə istəyirsən? De da...
 

Heç nə. Təkcə varlığınız bəsdir. Sadəcə  istəyirəm ki, şair Qabillə Bəyim müəllimənin yeganə övladları Mahirçün 1 yaşından 17 yaşına qədər keçirdikləri ad günündən danışım. İstəyirəm sizi də virtual olaraq o illərdə qalan ad günümə dəvət edim. Vəssalam. Başlayaq?


DAXIL
 

17 illik bir tarix mənimçün iki yerə bölünür. 4 yaşına qədərki dövrdə hazırlıq prosesi yadımda qalmayıb. Qalan 13 il isə ad günü ərəfəsi mənim üçün çox “əzablı” keçib.  Hər dekabrın 4-ü ərəfəsində ənənəyə uyğun olaraq atam daxıl alırdı. Köhnəni sındırıb, pulları stolun üstünə tökürdük. Yeni daxılı isə onun yerinə qoyurduq. İl boyu atam, anam hər dəfə maaş alanda daxıla pul atardılar. Yaxud da xırda pul atamın cibinə ağırlıq edəndə, onları daxıla – 1 illik “katorqa”ya göndərərdi. Dayılarım, xalalarım, yaxın qohumlar evə gələndə köhnə qaraçılar kimi (əvvəllər qaraçılar əl açmırdılar. Əllərində dəmir nəlbəki tutaraq dilənirdilər) daxılı gətirib qabaqlarında dayanırdım. Gözümü də gözlərinə zilləyirdim. Çəkilib dəf olmurdum. Ta ovaxtacan ki, daxılın dəliyindən içəri nəsə keçsin. Verməyəndə pərt olub ağlayırdım. Ağlayanda qazancım dəmir yox, kağız pul olurdu. “Ağlayanın payı ikiqat olar” Atalar sözü bax burdan yaranıb. Bu xasiyyətimlə indi, bəlkə də maliyyə-vergi sistemində işləməliydim. Alınırdı məndə cibdəki pulu gözəyarı müəyyən etməklə pul qopartmaq.
 

Atam həmişə gipsdən düzəldilmiş heyvan fiqurlu daxıl alardı. Amma günlərin bir günü çəlləyi xatırladan dəmir daxıl aldı. Vədə çatdı. Daxılın ağzını konservaaçanla açdıq. İçini stolun üstünə boşaltdıq. Nə görsək yaxşıdır? Gümüşü rəngli 10, 15, 20 qəpikliklər qapqara qaralıb. Səhərəcən sürtmüşük bu pulları, ta ağaranacan. Sizi çox da intizarda qoymayım. Gəlim mətləbə. Yəni ki, daxıldan çıxan pulun məbləğinə. 180, 200, bəzən də 250 rubl olurdu. Bundan çox çıxmırdı. Həmin günlər həm də maaş günü olduğundan, atam əmək haqqısını da üstünə qoyub səhər tezdən çıxırdıq bazarlığa. 



“AD GÜNÜ” filmi

 

Bu filmə hamınız baxmısınız. Amma atam nəzərdə tutduğu menyunu həyata keçirsəydi, buna pulumuz çatmazdı. Müasir dildə desək “Dosta zəng” köməyə çatırdı. Daha doğrusu ənənə halına düşdüyündən dostlar, qohumlar özləri zəng edərdi.
 

Birinci Lənkəranda sərhədçilik həyatı yaşayan xalam əri Abbasəli Novruzov. (indi general-mayor). Zəng edib sadəcə vaxtını dəqiqləşdirərdi. Səhər ata-bala oturardıq “Jiquli”mizə. Üz tutardıq Duvannıya. Yəni ki, Qaradağ rayonu Qobustan qəsəbəsinə. Sürəti 40-60-dan yuxarı qaldırmayan atamla 1 saata gəlib çıxardıq Qobustanın girişinə. Xalam ərinin  dediyi adam da sövdələşdiyimiz vaxtda öz maşınıyla gələrdi ora. Baqajı açar, kisəyə qoyularaq səliqəylə bürmələnmiş asetrin balığını və iki kiloluq banka qara kürünü çıxararaq qoyardı maşınımıza. Sonra da ata-bala yavaş-yavaş qayıdardıq şəhərə.
 

Sonra Mərdəkanda yaşayan dostu Xan Mərdəkanlı zəng edərdi. Rəsmi adı Xanbaba Məmmədov idi. Amma hamı onu Xan Mərdəkanlı cağırardı. Atam ona “Xan Mərdəkanlı” adlı şeir də həsr eləmişdi. Zəng edib deyirdi ki, 4-ü axşam oğlum Zakirlə sizdəyəm. Bu da o demək idi ki, uşağın hədiyyəsi hazırdır: üç cür qutab və Mahirin akvariumu üçün  qızıl balıqlar. Atamın üzü gülürdü. Ağ balığın qızartması, qara kürü,  üç cür sac qutabı. O vaxt bu nemətlər əlçatmaz və baha idi. İndi də. Yox indi əlçatmaz deyil, əfsanədir.
 

Qalırdı başqa yeməklər. “Stoliçnı salat”,  təzə pomidor-xiyar, kənd və holland pendiri, soyutma toyuq, ləvəngi toyuq, meyvə, göyərti, borjomi, limonad və Bakı vinzavod-2 arağı. Plov, yanında da iki cür qara. Bax bu vaxt anamın səsi başlayırdı yavaş-yavaş çıxmağa. “Qabil, mən iş adamıyam. Gücüm çatmayacaq”. Bunun cavabında isə atam nə desə yaxşıdır? “Mən bu qədər qonaq çağırmışam. Hamısı da deyib ki, gələcəyik”. Çox məsuliyyətli adam idi anam. Bircə onu soruşdu ki, bəs “neçə nəfər?” Atam da “heç, 10-12 nəfər olar”.
 

Beş dayım və digər qohumların bu saya daxil olmadığını bilən anamın rəngi qaçırdı: “Keçən dəfə də 10 demişdin, 25 nəfər gəldi. Uşaqlar (dayılarımı nəzərdə tuturdu) pilləkanların üstündə yeyib-içirdilər”. Atam isə bütün bunları qulaqardına vurub “hazırla süfrəni” əmrini verirdi. Yox, başqa cürə başa düşməyin. Mebellə dolu 15 kvadratmetrlik otağa sizcə neçə qonaq sığışa bilərdi? Bu barədə bir az sonra.
 

Dekabrın 2-si olmasına baxmayaraq artıq “ad günü” gününün  həyəcanını yaşamağa başlayan anamın  deyinməyinin qarşısını almaq üçün atam telefonu götürüb zəng edərdi: “Nərgiz xalaqızı, Mənzər dayıqızı, gəlin köməyə”. Onlar da həmən haya çatardılar. Atam da evin tək uşağı olduğundan uşaqlıqdan ərkəsöyün böyümüşdü. Bir sözünü iki eləməmişdilər.




Birinci düyünü arıtlayıb hazır qoyardılar. İndiki kimi deyildi. Yəni ki, həqiqi düyü satardılar o vaxt sovet adamına, plastik yox. Sonra qara üçün lazım olan şabalıdın başlarını kəsib qaynamağa hazır qoyardılar. Kişmişi bir-bir saplağından təmizləyərdilər. Kartof, yumurta, kökü qaynadandan sonra qabığından çıxarardılar. Xırda-xırda doğrayıb emal ləyənə tökərdilər. Üstünə xırda doğranmış şor xiyar və toyuğun qaynadılmış döş ətini əlavə edərdilər. Xama və mayonez isə qonaqlar gəlməmişdən qabaq əlavə olunardı ki, salat tez turşumasın və ya su salmasın. Mayonez moskovski olsa da, xama bakinski idi. Yəni ki, keyfiyyətsiz. Bütün bu proseslərdə gələcəyin kişi aşpazı cubbulu Mahir İmamverdiyev də yavaş-yavaş püxtələşib böyüyərdi.
 

Başınızı çox ağrıtmayım. Yarımfabrikat məsələləri dekabrın 2-si və 3-ü beləcə həll olunardı. Dekabrın 4-ü el dilində desək, anamın təzyiqi qalxardı. Hətta həyəcandan ürəyi bulanardı. “Birdən çatdırmaram və ya yaxşı alınmaz” deyərək. Atam isə bir gün qabaq mənimlə bazarlığa çıxar, içki, meyvə, tərəvəz  tədarükünü görərdi. İşgəncəydi mənimçün. 4 mərtəbəni neçə dəfə qalxıb-düşmək olar? Ona görə də həmişə anamın tərəfində olurdum. İstəmirdim ad günümün keçirilməsini.
 

Bir gün qabaq dayılarım mənimçün gözəl hədiyyələr gətirirdi. Məsələn, qarmon sistemiylə çalışan pianino. Dayım Fikrət üstünə şeirlə təbrik də yazdırmışdı:
 

İndi sənin 7 yaşın var, Mahur,
İstəyirəm hey çalasan “Şur”, “Mahur”.
 

Günlərinin birində Vaqif dayım bunu “Röyniç” alman pianinosuna çevirdi. 7 il də beləcə 6 nömrəli musiqi məktəbinin yollarında qaldım. Əlavə təhsil yükü altında sızıldamağa başladım. Niyə belə deyirəm? Çünki onda bunun xeyrini qanmırdım. Uşaq idim axı...
 

Ad günü məlum olurdu ki, bəs atam çox adam çağırıb. Krovatları söküb qonşu Bayram Bayramovgilə daşıyaraq, yataq otağını da boşaldırdıq. Qonaq otağındakı divanı baş tərəfdə çəpəki qoyurduq. Üstünə çoxlu döşək-yorğan qalaqlayırdıq ki, oturanların boyu stola çatsın. Orda əsasən yaşlı adamlar və tamada otururdu. İlk illərdə tamada xalq şairi Məmməd Rahim idi. O, öləndən sonra bu posta qonşumuz, şair Qasım Qasımzadə layiq görüldü.
 

Xülasə, qonşulardan stol-stulların hamısı müvəqqəti olaraq müsadirə olunurdu.  Boşqab, çəngəl-bıçaq çatmayanda məni qonşuya qaçırdardılar. Sonra süfrəni salıb başlayardıq servirovkaya. Mənzər dayıqızı bütün süfrə etiketlərini mənə başa sala-sala gözəl bir süfrə açardı.
 

Qonşuların da hamısı  dəvətli idi. Sayım?  Baş üstə. Bayram Bayramov və Zümrüd xala, İsmayıl Şıxlı və Ümidə xala, Hüseyn Abbaszadə və Solmaz xala, Orxan Çəmənzəminli və Fəridə xala, Əkbər Ağayev və Həlimə xala, Məsud Əlioğlu və Rəna xala, bəzən Samvel Qriqoryan (onda ermənilər bizim “qardaşımız” idi), Salam Qədirzadə və Roza xala, Əliağa Kürçaylı və Şəhla xala, Məmməd Rahim və Mələk xanım, Qasım Qasımzadə və Tamara xala, Nəbi Xəzri və Gülarə xala, Xəlil Rza və Firəngiz xala, Əmir Mustafayev və Ofelya xala, Sabir Şıxlı və Qənirə, beş dayım, atamın dayısı, xalası uşaqları və Qabilin 28 kvadratmetrlik  2 otaqlı mənzili. Necə yerləşirdi bu qədər qonaq ora? Yəqin ki, ürək geniş olanda kvadraturanın azlığı əsas rol oynamırmış. Bu proses 10 yaşımacan davam elədi. Ta o vaxtacan ki, dayılarım üsyan qaldırdı: “Qabil, biz nəvaxtacan böyük otaqda deyilən sağlıqları eşidib, blokda – pilləkənlərin üstündə bu sağlıqlara badə qaldıracağıq? Pilləkanların üstündə qəzet salıb, süfrə düzəldəcəyik?”. Bax, bu iraddan sonra atam ayıldı. Yemək-içmək  bol olsa da, dəvətlərə məhdudiyyət qoydu. Mən isə çox yorulurdum. Lap “Ad günü” filminin qəhrəmanı kimi. Məclis başa çatandan sonra stol-stulu qonşulara daşıyıb, qaytarmaq, Boşqabları yuyub-qurulamaq, evləri səliqəyə salmaqda anama kömək edirdim. Çünki evin həm qız, həm də oğlan övladı mən idim. Atam isə məclisdən aldığı ruhi qidanın laylası altında artıq ikinci yuxusunu görürdü.  Bu ad günlərində ən çox sevindiyim o idi ki, 4 dekabrda dərsə getmirdim. 5 dekabr isə Konstitusiya bayramı olduğundan iş günü sayılmırdı.


İllər ötdü, mən böyüdüm. Universitetə girəndən sonra daxıl məsələsi də bitdi. Ad günlərinin çərçivəsi daraldı. Yalnız dayılarım və biz. Tamadalar, qonaqlar da növbə ilə dünyalarını dəyişdilər. Əsgərliyə gedəndə isə bu ənənəni tam dayandırdım. Hətta atam icazə alıb məni dekabrın 4-də evə buraxdırmağa cəhd etsə də,  razı olmadım. Bu yaxında anamın əsgərliyə yazdığı məktubu oxuyanda bu məqamı yenidən xatırladım.
 

Vaxt keçdi. Estafeti uşaqlara verdim. İndi meydanda tək idim. Bazarlığı özüm edirdim. 172 kvadratmetrlik mənzilimizə lap 40 adam da yerləşərdi. Amma atam Sakit Ocaqlı, Akif Məcidoğlu və həyat yoldaşı Həqiqət, qəynim Ramiz, bacanağım Rəfael, doktor Nahid, dostu Hidayət Zeynalov, Mənzər dayıqızı, Zaur dayıoğlu çərçivəsindən qırağa çıxmırdı. Mənim mənzilim böyük, ürəyimsə çox da geniş deyildi. Hərdən cığallıq edib noyabr və dekabrda doğulan qızlarımın ad günlərini birləşdirmək istəyirdim. Alınmırdı. Əksinə iqtisadi sanksiyalara məruz qaldım. Həyatının son illərində, mənim, həyat yoldaşımın, və iki qızımın ad günlərinin ayrı-ayrılıqda keçirmək əmri verdi. Son yaşımız isə elə 40-da qaldı.
 

İndi isə lap böyümüşəm. Böyük oğlan olmuşam. Niyə “Böyük kişi olmuşam” demədim? Çünki mənə heç vaxt demirdilər ki, “Mahir, yekə kişi olasan”.  “Mahir, yekə oğlan olasan!” arzu edirdilər. Mən də böyüyüb yekə oğlan oldum. “Toyuna gələk” deyirdilər – toyum oldu. “Qabil, Bəyim, o gün olsun ki, baba-nənə olasınız” dedilər – iki qızım oldu. Mənə  baba omağı arzulayırdılar, o da oldu. Son arzunu isə özüm etməliyəm. “Övlad çiynində o dünyaya gəzməyə getmək. Axı hər şey gəldi-gedərdir. Adama gəzmək qalır”.




SON

 

Evdə qələbəlikdir.  Adama nə qədər deyərlər ki, “Baba, iyi ki, doğdun”. Tortun üstündəki şamı özləri yandırırlar, özləri də üfürürlər. Bilmirəm ad günü mənimdir, yoxsa bunların? Yox, elə bilməyin ki, tortun üstünə əvvəllər olduğu kimi 58 dənə şam düzüblər. Əsla. Şam şəklində 5 və 8 rəqəmidir yalnız. Bunlar 5-lə 8-i asanlıqla söndürürlər. Mən isə 58-i il-il söndürə-söndürə gəlirəm. O vaxt sağlığıma araq içirdilər. İndi isə “Azza” tortuyla çay içirlər. Özü də ki, onlardan biri Qabildir. Əlbəttə ki, nəvəm Qabil.

Chosen
4
22
modern.az

10Sources