EN

"Xalq artisti kimi bunu özümə yaraşdırmıram" - Ağadadaş Ağayev məhkəmədə ifadə verdi

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağadadaş Ağayev ifadə verib.
 
O bildirib ki, hadisədən əvvəl həmin klinkada əməliyyat olunub:
 
"Qulağımdan əməliyyat olundum. Qəza keçirəndə telefonum da qırılmışdı. Ağrıkəsicilər vururdular. Sonradan ağrılarım çoxaldı, qulağımda qanaxma olurdu. Mən evin terrasına çıxdım, xəstəxana yolun əks istiqamətində idi. Yuxarıdan mühafizəçiyə müraciət etdim ki, xəstəxanaya desinlər, mənə kömək eləsinlər. Bu şəxsə dedim ki, əməliyyat edən şəxslərdən kimisə çağırsın, mənə yardım göstərilsin.
 
Bunun mənə cavabı pis oldu. Dedi ki, sən kiməsə əmr eləməyə öyrənmisən, qudurmusan-falan... Mən anında reaksiya vermədim, bir az səbrimi basdın. Bu, mənim pisimə gəldi. Gözünü yumub, ağzını açdı. Artıq elə söz dedi ki, aşağı düşməli oldum. Gördüm ki, bu mənim qapımın ağzındadır. Bunu uzaqlaşdırdılar. Xəstəxananın qarşısından keçdi yolun o biri tərəfinə. Bir də eşitdim ki, səsi gəlir. Məni təhrik elədi ki, çıx bayıra.
 
Bu ikinci dəfə gələndə hiss elədim ki, əlində nəsə alət var. Mən də ehtiyat üçün rəngli baltanı götürdüm. Onu balta ilə vurmaq niyyətim olmayıb, əgər olsaydı, qapımın ağzında vurardım. O məni elə həddə çatdırdı ki, bu hadisə baş verdi. Buna dedim uzaqlaş, getmədi, ona görə baltanı atdım. Məni bu hadisəyə təhrik elədi, dedi kişisənsə, çölə çıx. Anesteziyanın təsirindəydim, əlbəyaxa olacağımıza inanmırdım.
 
Sonra dalaşmağa başladıq. Dəmir parçasını götürüb məni vurdu. Amma yıxılmadım. Gördüm ki, "dubinka" ilə yaramın üstündən vurdular. Orada daha iki nəfər var idi, guya bizi aralayırdılar. Mən "dubinka"nın zərbəsindən yıxıldım. Yıxılandan sonra da məni vurmağa başladılar. Necə insandırlar ki, yıxılanı belə vururdular. Adamın gərək insaniyyəti olsun. Belələrindən insan olmaz. Nəhayət bizi aralaşdırdılar. Xəsarətlər alıb evimə gəldim".
 
A.Ağayev bildirib ki, bu hadisə ona qarşı düşünülmüş bir addım olub:
 
"Hadisədən sonra düşündüm ki, bu, mənə qarşı əvvəldən hazırlanmış məsələdir. Mən xəsarət alan qadını görməmişəm və baltanın ona dəydiyini bilməmişəm. Baltanı atanda əsəbdən insanlıqdan çıxmışdım. Nurəddini vurmaq istəsəydim, onu elə qapımın ağzında vurardım. Kamera görüntülərinə baxsaz görərsiniz ki, o məsafədən balta ilə kimisə vurmaq olmaz. Dalaşandan sonra bir nəfər mənə kömək edib evə qədər gətirdi. Mənə qarşı çox haqsızlıq olub. Azərbaycanın xalq artisti kimi bunu özümə yaraşdırmıram".
 
Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.
 
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. /Report/
 
Chosen
4
25
moderator.az

10Sources