EN

Tural Abbaslı: Məqsədimiz bələdiyyə seçkilərində qalib gəlmək deyil

Azərbaycanda növbəti bələdiyyə seçkiləri artıq 2025-ci il yanvarın 29-na təyin edilib. Ötən illərdən fərqli olaraq, bələdiyyələrin sayı 1400-dən 685-ə endirilir. Həmçinin seçkilər 118 seçki dairəsini əhatə edəcək.

Eyni zamanda bu ilki bələdiyyə seçkilərində yeni əsas dəyişiklərdən biri də bələdiyyələrin qrant ala bilməsidir. 

Ağ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, seçkilərdə iştirak etməyə çalışacaqlar:

"Yerli təşkilatlara məlumat verilib ki, həvəsi olanlar bu seçkilərdə iştirak etsinlər. İştirak məqsədimiz bələdiyyə seçkilərində qalib gəlmək deyil. Əslində Partiya üzvlərinin, rayon təşkilatı aktivlərinin seçkilərdə işlərinin formalaşdırılması, cəmiyyətlə işləmək və Partiyanın təbliğatıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda bələdiyyə sistemi iflic vəziyyətdədir. 1999-cu ildən fəaliyyət göstərən bələdiyyənin Azərbaycanın ictimai-siyasi və sosial həyatında heç bir təsir imkanları yoxdur. Bunlar əvvəllər lap çox idi. Sonralar 2 dəfə sayları azaldıldı. Sonuncu dəfə də 685-ə endirildi. Nə qədər ki bələdiyyələr qardaş Türkiyədəki kimi bütün səlahiyyətlərə malik deyil, onların fəaliyyəti simvolik olacaq. Yəni icra hakimiyyətlərinin kölgəsində qalacaqlar. Əslində bələdiyyə yerli özünüidarə deməkdir. Yəni hər kənd icmal şəklində öz problemini həll etməlidir. Amma indi 4-5 kənd bir bələdiyyədə birləşib. Bu da dolayısıyla elə icra hakimiyyəti strukturuna yaxınlaşdırılır. İnanmıram ki, hazırkı dəyişikliklər bələdiyyələrin fəaliyyətində və ya dövlətdəki ictimai-siyasi səhnədəki mövqeyində müsbət mənada dəyişikliklər etsin. Azərbaycanda icra strukturlarının səlahiyyətləri tam bələdiyyələrə verilməlidir.  O zaman bələdiyyələr effektiv işləyə bilər. İndiki halda bələdiyyələrin bu formada fəaliyyət göstərməsini dövlətə yük hesab edirəm. Bəzi səlahiyyətlərin alınması, bəzilərinin əlavə olunması ilə bələdiyyələri düzəltmək mümkün deyil".
Chosen
41
sherg.az

1Sources