Azərbaycan regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına təkan vermişdir. Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir. Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir. Hazırlanan növbəti dövlət proqramı da regionların inkişafının müasir tələblərə uyğunlaşdırılmasına hesablanmışdı.
BÖLGƏDƏ RAHAT VƏ MÜASİR HƏYAT
Azad edilmiş torpaqların dirçəlişi və reinteqrasiyası ümumilikdə ölkənin iqtisadi potensialının artmasına geniş imkanlar vəd edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub. Sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması məqsədilə kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması ilə bağlı elektron platforma hazırlanır. Qlobal iqtisadiyyatda "yaşıllaşma və karbonsuzlaşma" meylləri qeyri-resurs iqtisadiyyatının inkişafı üçün imkanlar yaradır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli potensialı var və bu, xarici investorların marağını cəlb edir. Artıq soydaşlarımız azad edilmiş ərazilərdə salınan yeni yaşayış məskənlərində məskunlaşmağa başlayıblar. "Ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir.
Bu gün işğaldan azad olunan Şuşa, Zəngilan, Ağdam kimi ərazilərdə genişmiq¬yaslı bərpa-quruculuq işləri görülür və müasir tələblərə uyğun olaraq qurulur. Eyni zamanda, Kəlbəcər kimi ucqar rayonlar da diqqətdədən kənarda qalmayıb. Pilot layihələr kimi Kəlbəcər rayonunda arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərə lazımı şərait yaradılıb. Həmin sakinlər onlar öz təsərrüfatlarını yaradıb və işə baş¬layıblar. Laçında Güləbird su elektrik stansiyası istifadəyə verilib. Şuşada "Xarıbülbül", "Qarabağ" otellərinin istifadəyə verilməsi, Füzuli Beynəlxalq Hava Limanının açılışı, yol infrastrukturunun qurulması və s. qısa bir zaman məsafəsində reallaşan layihələrdir ki, bütün bu və ya digər layihələr Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəricisidir. bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonasına çevriləcək. Müharibədən dörd il ötməsinə baxmayaraq, qətiyyətlə deyə bilərik ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə misli görünməmiş bərpa və quruculuq işləri aparılır. Əlbəttə ki, işğaldan azad olunan ərazilərin bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən proses olsa da ölkəmizin iqtisadi gücü bütün bunlara imkan verir. Bildiyimiz kimi, "Ağıllı kənd" layihəsi müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni bir modelidir. Layihə Zəngilanın 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edir.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURA APARAN YOLLAR
İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl görülən işlər çərçivəsində yolların yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar əsasında yol infrastrukturunun təzələnməsi daha da sürətləndirilir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır.
İrimiqyaslı layihələr sırasında beynəlxalq hava limanları, "yaşıl enerji" zonasının yaradılması məqsədilə pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilməsi və s. ərazilərdə aparılan abadlıq quruculuq işləri Böyük Qayıdışın təntənəsidir. Suqovuşanda yol infrastruktu, abadlıq-quruculuq işləri də davam etdirilir. Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı, Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışı görülən işlərin miqyasının göstəricilərindəndir. Xüsusi olaraq qeyd etməliyik ki, işğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı Azərbaycanın hərbi təhlükəsizliyinin xüsusi diqqətdə saxlanılmasının göstəricisidir. Suqovuşanda açılışı olan hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb.
Onu da bildirək ki, Suqovuşanda Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Suqovuşan qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binası təmir olunur. Əlbəttə ki, bu və ya digər irimiqyaslı lahiyələrə start verilməsi işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir.
HƏR BÖLGƏDƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Əlbəttə ki, abadlıq-quruculuq işləri təkcə işğaldan azad olunan ərazilərdə deyil, həmçinin Azərbaycanın digər bölgələrində də sürətlə reallaşır. Quba da bu sırada olan məkanlardandır. Belə ki, 2020-ci ildən etibarən rayonun Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə Ümummilli Lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Həmçinin qəsəbə Mədəniyyət Evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək əvəzində yenisi inşa olunub. Quba-Qonaqkənd avtomobil yolu çəkilib. Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib. 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur. Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi. Azərbaycan Prezideni İlham Əliyevin bildirdiyi kimi, "Kəndin əsas problemi yol problemi idi. Doğrudan da bu yolun çəkilməsi hesab edirəm ki, tarixi hadisə sayıla bilər". Dövlət başçısı bildirib ki, Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu idi: "Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi... Nəhayət biz buna nail olduq". Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.
Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəb də burada görüdən işlərin nümunəsidir. Təhsil müəssisəsində müasir standartlara cavab verən yeni məktəbin inşası keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması deməkdir. Müasir infrastruktur tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərən amillərdəndir.
"Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı “ABAD”çıların qablaşdırma vasitələrinə olan tələbatı ödəmək, eləcə də, kiçik və mikro sahibkarların ehtiyacları qarşılamaq baxımından əhəmiyyətlidir.
Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərinin aparılması da görülən işlərin məntiqi davamıdır. Yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Həmçinin bu cür komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir.
Bu o deməkdir ki, artıq Qubada insanların rahat yaşayışı təmin olunub. Bu onu bir daha təsdiqləyir ki, bütün layihələr uğurla reallaşır.
Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Bu gün həqiqətən də Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.
Zümrüd BAYRAMOVA