EN

Bu halda Antoniu Kostanın rəsm Bakı ilə dialoqu alınacaq - Ekspert

“Avropa Şurasının rəhbəri və Belçikanın keçmiş baş naziri Şarl Mişel öz səlahiyyətlərini portuqaliyalı Antoniu Kostaya təhvil verib. Avropa Şurasının Brüsseldəki iqamətgahında səlahiyyətlərin verilməsinin rəsmi mərasimi keçirilib. Kosta bu vəzifəyə 2024-cü ilin iyununda Aİ sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin səlahiyyətlərinin uzadılması ilə eyni vaxtda təyin edilib”.

“Avropa İttifaqının rəhbərliyi dəyişdi. Avropa Şurasının rəhbəri və Belçikanın keçmiş baş naziri Şarl Mişel öz səlahiyyətlərini portuqaliyalı Antoniu Kostaya təhvil verdi. Ursula fon der Leyenin Avropa Komissiyasının sədri kimi ikinci beş illik müddətinə vəzifəsində qalsa da, yeni komissarlar təyin olundu. Estoniyanın baş naziri Kaja Kallas Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı təyin olundu. Əvvəlki komissar Jozep Borrel idi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu deyib.

Siyasi ekspert qeyd edib ki, Jozep Borrel Ermənistanın mövqeyini müdafiə edir və rəsmi Bakı ilə gərgin münasibətləri var idi.

“Bu səbəbdən Borrel Azərbaycana səfər etmirdi. Rəsmi Bakı ümid edir ki, Kaja Kallas Jozep Borrelin səhvlərini təkrarlamayacaq. Rəsmi Bakının Ursula fon der Leyenlə münasibətləri normal idi. Ancaq onun Bakıda noyabr ayında Bakıda keçirilən COP29 tədbirində iştirak etməməsi mənfi qarşılandı. Halbuki, Ursula fon der Leyen daha əvvəl Bakıya səfər etmişdi. O Azərbaycan qazının və yaşıl enerjisinin Avropaya nəqlini dəstəkləyirdi. Buna baxmayaraq, Avropa İttifaqı Azərbaycan qazının uzun müddət ərzində nəqliylə bağlı saziş imzalamayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Avtopa İttifaqı rəsmilərindən ən yaxşı münasibətləri olduğu siyasətçi Şarl Mişel idi. O COP29 tədbirində də iştirak edirdi. Şarl Mişel Avropa İttifaqı komissarlarından fərqli olaraq Azərbaycanla Ermənistan arasında balansı qoruyurdu. Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə görüş təşkil etmişdi. İlham Əliyev Şarl Mişelin vasitəçiliyini müsbət qiymətləndirirdi. Şarl Mişelin vasitəçiliyi ilə tərəflər arasında müəyyən şifahi razılaşmalar əldə olunmuşdu. Fransa Prezidenti Emmanuel Makron Şarl Mişelin vasitəçiliyinə qoşulduqda İlham Əliyev bununla razılaşmadı. Çünki Fransa Prezidenti Ermənistanın mövqeyini müdafiə edirdi. Əgər Antoniu Kosta Şarl Mişel kimi Azərbaycanla Ermənistan arasında balansı qorusa, onda onun rəsmi Bakı ilə dialoqu alınacaq. Rəsmi Bakı Brüssellə münasibətlərdə gərginlik istəmir”.

Chosen
55
aznews.az

1Sources