EN

Mahir Emreli, yoxsa Tonq Po? – YAZI

Kikboksinq üzrə dünya çempionu Erik Sloun Taylanda yollanır ki, çox güclü yerli döyüşçü Tonq Po ilə qarşılaşsın. Erikin kiçik qardaşı və sekundantı Kurt döyüşdən əvvəl uzaqdan qəribə səslər eşidir, bu səslərin qaynağı ilə maraqlanır. Kurt gördüyü mənzərədən şoka düşür: Tonq Po beton sütunlara elə zərbə vurur ki, tavandan mala tökülür. Kurt qardaşına yalvarır ki, ehtiyatlı olsun və ya döyüşdən imtina etsin, ancaq dünya çempionu məğlubedilməz olduğuna əmindi. Güclü Tonq Po rinqdə Eriki qəddarcasına döyür. Kurt rinqə dəsmal ataraq döyüşü dayandırmağı tələb edir, ancaq Tonq Po artıq məğlub etdiyi Erikin onurğasını qırır, onun çempion kəmərini kiçik parçalara bölür. Erik iflic olur, ömrünün qalan hissəsini əlil arabasında keçirir...

Öz aramızdı, uşaqkən baxdığım və bütün dünyada məşhur olan filmin süjetini az qala yarıya qədər danışdım. Davamının necə olduğunu bilmək istəyirsizsə, “yutub”da adını yazın, izləyin. Amma mənim sözümün canı başqadı...

Mahir Emrelinin futbolçu bacarığına və keyfiyyətlərinə zərrəcə şübhə etmirəm. Dəfələrlə demişəm, icazə versəz, bir də deyərəm: müstəqil Azərbaycanın futbolunun ən istedadılı üç yetirməsindən biridi. Təəssüf ki, eyni zamanda, həm də üç ən intizamsız, ipə-sapa yatmayan, meydandan kənarda qayda-qanun tanımayan yetirməsindən biridi. Məlum ailə münaqişəsində xoşagəlməz hərəkətləri oldu, şəxsən mən bu gün də onun ata yox, ana soyadı daşımasını qəbul etmirəm. Və ya yaxınlarda “Nürnberq”in baş məşqçisi, əfsanəvi Miroslav Kloze Mahir haqda danışırkən “sərt xasiyyəti var, bəzən oyun zamanı nəyisə bəyənməsə, əsəbləşə bilər" demişdi. Kəsəsi, Mahir nadinc adamdı – bizdə kənddə uşaqları belə təsnifatlaşdırırdılar, mən də çox vaxt həmin qrupda olurdum...

Hə, bu Mahir oktyabrın 11-də - yığmamızın Estoniya ilə səfər oyunundan sonra da əsəblərinə hakim ola bilməyib. Gözlənilməz və acı məğlubiyyət onun əsəblərini necə korlayıbsa, paltardəyişmə otağına yollanarkən tunelin üst hissəsindəki dəmir tavana əli ilə zərbə endirib, ora ziyan vurub. Yəni Tonq Poluq edib. Mahir savadlı, dünyagörmüş futbolçudu, çox güman, məlum filmə də baxıb və ordan öyrəndiklərini Tallindəki "A.Le Koq Arena”nın üzərində tətbiq edib. Nəticədə UEFA tarixdə ilk dəfə hansısa azərbaycanlı futbolçuya töhmət verib. Hələ AFFA da Estoniyanın futbol qurumu ilə əlaqə saxlamalı, tavana dəyən ziyanı ödəməlidi.

Özü də qitə futbol qurumu Mahirin üzərinə çox ağır maddə qoyub: ləyaqətli davranış qaydalarını pozmaq! Çox sərt ittihamdı, bunun altından çıxmaq lazımdı. Mahirin isə bunun üçün hələ vaxtı çox olacaq – “Nürnberq”də də, yığmada da. Sadəcə, artıq böyümək, müdrikləşmək, qollarla yadda qalmaq vaxtıdı. Tonq Po filmlərdə olur, Mahir, real həyatda yox! Real həyatda elə Mahir Emreli ol, kifayətdi!

HUŞƏNG

Chosen
33
football-plus.az

1Sources