EN

Həyat yolu gələcək nəsillərə örnək olan igid

Yağı düşmənə qarşı 44 günlük haqq savaşımız başlananda minlərlə qəlbi Vətən, torpaq sevdalı igidimiz ölümün gözünə dik baxa-baxa özünü odun-alovun içinə atdılar. Və qanları bahasına qəhrəmanlıq salnaməsi yazaraq xalqımıza şanlı qələbə yaşatdılar. İndi hər biri Vətən səmasının əbədi parlaq günəşinə çevrilən onlardan biridə 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olan Azərbaycan Ordusunun baş giziri şəhid Elmir Məmmədovdur. Adı dillərdə qəhrəmanlıq dastanına dönən Cəlilabadin igid oğlu həm də ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın və Füzulinin azadlığına görə medallarla təltif olunub.

Vətənpərvərlik ruhunda tərbiyə alan, Azərbaycanın hər qarşını canında əziz tutan Elmir Məmmədov yağı tərəfindən Qarabağın işğalını öz vicdanına sığışdıra bilməyib. Elə ordu sıralarına yola düşməkdə amalı dığalardan Vətənin qisasını almaq olub. Əsgərliyi cəbhə bölgəsində keçib. Nümunəvi xidmət etməklə seçilib. Hərbin sirlərinə mükəmməl yiyələnmək üçün təlimlərdə həmişə fəal olub. Cəbhə xətində ermənilərlə üz-üzə gələndə onlara layiqli cavab verib. Həqiqi hərbi xidmətini üzüağ başa vursa da, yenidən bu geyimi daşımağa qərar verib. Çünki, cənnət məkan yurd yerimiz Qarabağ hələ yağı tapdağında qalırdı. Elmir gizir təhsilini alıb Vətənin keşiyində durub. Və onun yolunda döyüşüb ölməyi özünə şərəf bilib. Ürəyində arzuladığı günə isə böyük həvəslə hazırlaşıb..

Elmir Məmmədov baş gizir rütbəsində 2016-cı ilin Aprel döyüşlərində həmişə yağıya qarşı öndə savaşıb və böyük şücaət göstərib. İgid döyüşçü ölümə meydan oxuya-oxuya Lələ təpəyə üçrəngli bayrağımızı taxanlardan olub. Bu möhtəşəm qələbədən sonra deyib: “ Vətən bizim namusumuz, şərəfimizdir. Onun torpaqlarına yağı ayağı yaraşmaz.”

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və müstəqil ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı baş gizir Elmir Məmmədov Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən haqq savaşımızda ilk gündən düşmənin kabusuna dönüb. Onlara qan uydurur, neçə-neçə canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Füzulidə gedən ağır ölüm-dirim vuruşunda düşmən gülləsinə tuş gəlsə də, onun qəhrəmanlığı, yüksək döyüş məharəti əsgərlərə nümunə olub...

Bəli, şərəfli ölümü Vətəninə, millətinə baş ucalığı gətirən, müqəddəs şəhidlik zirvəsindən gələcəyə boylanan Elmir Məmmədovun həyat yolu zaman-zaman gələn nəsillərə örnək olacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Chosen
35
ikisahil.az

1Sources