EN

Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?

Yeni il bayramına bir aydan da az vaxt qalıb. Ölkə vətəndaşlarının əksəriyyəti bayramı müxtəlif şəhər və rayonlarımızda qarşılayırlar. Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə də öz təsiri göstərir. Artıq indidən evlərin kirayələnməsinə başlanılıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən turizm məsələləri üzrə ekspert Azər Həsənov bildirib ki, artıq bir neçə ildir qeyri-iş günləri ilə bağlı regionlara güclü axın olur.

"Bunun da əsas səbəbi xarici turların və yerli hotellərin qiymətinin baha olmasıdır.

Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə öz təsiri göstərir. Hər il olduğu kimi, bu il də belə olacaq. Qiymətlər evin otaq sayına və şəraitinə uyğun olaraq dəyişir. Adi günlərdə 50 manata təklif olunan gündəlik ikiotaqlı kirayə evin qiyməti bayram ərəfəsində minimum 80 manat olur.

Qiymətlər regionlardan asılı olaraq dəyişir. Bayramda ən bahalı gündəlik kirayə evlər İsmayıllı-Qəbələ, Quba-Qusar bölgəsində rast gəlinir. Belə ki, bu rayonlarda sadə evlərin qiyməti 100 manatdan başlayır. Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər nisbətən ucuzdur. Bu rayonlarda sadə evlərin günlük kirayəsi 50 manatdan başlayır.

Bölgələrdə villalar var ki, orada bir neçə ailə qala bilir. Həmin villaların hər şəraiti var. Belə villaların günlük qiymətləri 350-500 manat aralığında dəyişir. Belə villaları üç, dörd ulduzlu hotellərlə müqayisə etmək olar".

Daşınmaz əmlak məsələləri üzrə ekspert Pünhan İsmayılov bildirib ki, Yeni il və digər bayramlarda insanların daha çox səyahət etməsi və rayonlara getməsi təbii haldır.

"Bu dövr ərzində rayondakı kirayə evlərə olan tələbin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Həmçinin, bayramda daha çox ailəvi səyahət və qonaq gəlmə halları olduğu üçün kirayə evlərə tələbat artır.

Azərbaycanda bəzi rayonlar turizm baxımından cazibədar bölgələrdir. Xüsusilə qış turizminin inkişaf etdiyi rayonlarda (məsələn, Quba, Qusar, Şəki, İsmayıllı və s.) Yeni il və bayram dövründə turist axını artdıqca, kirayə evlərə tələbat yüksəlir və bu da qiymət artımına səbəb olur".

Ekspert qeyd edib ki, Yeni il zamanı rayondan şəhərə gələn və ya şəhərdən rayonlara gedən insanlar üçün kirayə evlərə tələbat artır.

"Bu mövsümə xas olaraq artan tələbat xüsusən yerli əhali üçün kirayə qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Kirayə ev sahibləri bayram dövründə kirayə qiymətlərini artıraraq, daha çox gəlir əldə etməyə çalışırlar. Bu, xüsusən kirayə evlərin sayı məhdud olan bölgələrdə daha çox müşahidə edilir.

Bu səbəblərdən Yeni il və digər bayram dövrlərində Azərbaycanda rayonlarda kirayə evlərin qiymətində artım müşahidə oluna bilər. Tələb artdıqca, təklifin də məhdud olduğu bölgələrdə qiymətlər yüksəlir", - deyə o qeyd edib.

Milli.Az 

Chosen
40
20
milli.az

10Sources