EN

III Beynəlxalq Türkoloji Konqresə yekun vuruldu

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə keçirilən “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqresin bağlanış mərasimi olub.AMEA-dan TehsilForumu.Az-a bildirilib ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə əvvəlcə Çankırı Karatekin Universitetinin rektoru professor Harun Çiftçinin videoçıxışı konqres iştirakçılarının diqqətinə çatdırılıb. O, ortaq mədəni dəyərlərin qorunması, türk xalqları arasında əməkdaşlığın inkişafı, eləcə də Türk dünyasının ortaq elmi mövzularının müzakirəsi baxımından konqresin önəmini qeyd edib.Daha sonra tanınmış türkoloq, tarix elmləri doktoru Süleyman Kayıpov, türkmənistanlı türkoloq alim Narbibiş Şammayeva, AMEA Folklor İnstitutunun direktoru vəzifəsini icra edən dosent Afaq Ramazanova, türkiyəli akademik Sacide Çobanoğlu və digərləri çıxış edərək konqresin Türk dünyasının öz məfkurəsini, ideologiyasını, əməkdaşlıq imkanlarını yüksəltməsi istiqamətində faydalı olacağını bildiriblər.Tədbirə yekun vuran AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konqresin bir çox cəhətdən əhəmiyyətli olduğunu söyləyib. O, III Beynəlxalq Türkoloji Konqresi Türk dünyasının bütövlüyünün, tamlığının və daha da möhkəmlənməsinin ən mühüm nəticələrindən biri kimi yüksək qiymətləndirib. Qeyd edib ki, bundan sonra da Türk dünyasının elmi-mədəni inteqrasiyasının genişlənməsinin təmin edilməsi istiqamətində bütün səylər səfərbər olunacaq.Akademik İsa Həbibbəyli ikigünlük konqres çərçivəsində səslənən məruzələrin ortaq tarix, ortaq dil, ortaq ədəbiyyat, ortaq mədəniyyət kimi mövzuları əhatə etməklə Türk dünyası birliyinin zənginliyini göstərdiyini bildirib.AMEA rəhbəri türk ölkələrinin müxtəlif elmi qurumları arasında əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi baxımından da tədbirin önəmini vurğulayıb. Bildirib ki, konqres çərçivəsində formalaşan dostluq, yenidən qurulan əməkdaşlıq Türk dünyasının bu gününü və sabahını möhkəmləndirməyə xidmət edir.Akademik İsa Həbibbəyli III Beynəlxalq Türkoloji Konqresin açılış mərasiminin I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində məhz AMEA-nın Rəyasət Heyətində keçirilməsinin tarixi əhəmiyyətini qeyd edib, tədbirin I Türkoloji Qurultayın 100 illiyinə hazırlıq kimi də mühüm rol oynadığını bildirib. Akademiya rəhbəri, həmçinin III Beynəlxalq Türkoloji Konqresin AMEA-nın 80 illik yubileyi ərəfəsində keçirildiyinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.“XXI əsrin “Türk əsri” olacağı haqqında əfsanənin gerçəyə çevrildiyinin mümkünlüyünü meydana qoyduq”, - deyə bildirən AMEA rəhbəri tədbirin Türk dünyasının birliyinə, həmrəyliyinə töhfə verdiyini söyləyib.Daha sonra akademik İsa Həbibbəyli Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” kitabının AMEA Rəyasət Heyətinin qərarı ilə çapdan çıxmış I, II və III cildlərini qonaqlara hədiyyə edib.Sonda konqresdə fəal iştirak edən gənc tədqiqatçılara təşəkkürnamələr təqdim olunub.Tədbir Türk dünyası ölkələrinin Dövlət himnlərinin səsləndirilməsi ilə başa çatıb.Qeyd edək ki, III Beynəlxalq Türkoloji Konqresi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Chosen
14
6
tehsilforumu.az

7Sources