EN

İnsanların qorxu və ümidlərindən istifadə edən şarlatanlar: “Psixoloq”, yoxsa falçı?

Sosial şəbəkələrdə özünü psixoloq adlandıran bir qadının pasienti ilə bağlı verdiyi açıqlama gündəmi silkələdi. Belə ki, həmin psixoloqun verdiyi açıqlamaya görə, Bakıda hansısa qadın 16 yaşlı oğlu ilə cinsi münasibətdə olduğunu etiraf edib. Onun bu açıqlaması insanlar tərəfindən hiddətlə qarşılandı.

Sosial şəbəkə istifadəçiləri qız övladına təcavüz edən atalara ağır cəza verildiyi kimi, həmin qadına da cəza verilməsini tələb edirlər. Bəziləri isə psixoloqun bunu gündəmə gəlmək üçün danışdığını və bu səbəbdən də cəzanın məhz onun özünə verilməli olduğunu bildirirlər.

Bütün bu qınaqlardan sonra həmin psixoloq yenidən açıqlama verərək hadisə barəsində onun inboksuna bir qadının yazdığını və onu müalicəyə dəvət etdiyini qeyd edib. Psixoloq həmçinin məqsədinin qalmaqal yaratmaq deyil, anaları maarifləndirmək, oğlan uşaqlarının yanında davranışlarına fikir vermək, iki yaşından sonra yataqlarını ayıtmaq lazım olduğunu və s. deyərək özünə bəraət qazandırmağa çalışıb.

Ümumiyyətlə, son zamanlar bu tip qalmaqallı çıxışları ilə gündəmi zəbt edən və bu yolla məşhurlaşan psixoloqların sayı həddindən artıq çoxalıb.

Həmin psixoloqlar demək olar ki, falçıları xatırladır və onlar kimi insanları hipnoz edərək pullarını mənimsəməyi bacarırlar. Araşdırdıqca, qəbulu ən azı 50 manatdan başlayan bu cür dırnaqarası psixoloqların ali təhsilinin belə olmadığı üzə çıxır. Qəbuluna gələn pasientinə daha da pis təsir göstərən bu işbazlar insanları soyub-talayırlar. Nəticədə isə xəstənin fiziki və psixi sağlamlıq durumu ağırlaşır. Eynilə falçılar da belədir. 21-ci əsrdə yaşamağımıza baxmayaraq hər çətinlikdə falçı yanına qaçan, onlardan kömək uman insanlar bu gün də az deyil. Bir balaca sıxıntıya düşən kimi cahil insanlar günahı özgələrdə görür, onlara dua-cadu olunduğunu zənn edərək falçılara üz tuturlar. Falçılar isə onların zəif tərəfindən istifadə edərək, müraciət edən şəxsləri soyub soğana çevirirlər.

Maraqlıdır, görəsən insan düşdüyü vəziyyətdən özünü çıxara bilmək gücünə malik deyilmi? Ümumiyyətlə, insanlara psixoloq lazımdırmı? Cəmiyyəti yalançı, şarlatan psixoloqlardan, hiyləgər falçıların dələduzluğundan necə xilas etmək olar?

Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili, ilahiyyatçı Ceyhun Məmmədov bildirdi ki, ümumiyyətlə cəmiyyətdə belə halların baş verməsi heç də ürəkaçan deyil:

“Bu, çox narahatlıq doğuran bir məsələdir. Bu istiqamətdə dövlət qurumları ciddi addımlar atır və məsələ ilə bağlı açıqlamalar verilir”.

Millət vəkili psixoloqun vacibliyi məsələsinə gəlincə, qeyd etdi ki, dünyanın müxtəlif ölkələrində insanlar psixoloqlara üz tuturlar:

“İnsanlar mütəmadi olaraq psixoloqlara üz tutur və bu, artıq bir mədəniyyət kimi formalaşıb. Ancaq seçim edərkən diqqətli olmalı və düzgün seçim etməlidirlər. Düzgün seçim olmadığı təqdirdə heç şübhəsiz ki, biz belə halların baş verdiyini görəcəyik. Eyni zamanda insan özü də güclü olmalıdır. Ən güclü psixoloq insanın özüdür və özü-özünü motivasiya etməyi bacarmalıdır. Ən zəruri hallarda insan psixoloqa üz tuta bilər. Burda insanların özündən də qaynaqlanan məsələlər var. Amma bütün hallarda insanlar özlərini qorumalı və seçimlərini düzgün etməlidirlər”.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, insanların şəxsi məlumatlarının ictimailəşdirilməsi psixoloq peşəsinin təməl prinsiplərinə, yəni məxfiliyə tamamilə ziddir:

“İnsanlar bəzən öz daxili güc və resurslarını istifadə edərək problemlərini həll edə bilər, lakin müəyyən hallar baş verəndə psixi sağlamlıq mütəxəssisinə müraciət etməkləri tövsiyə olunur. Uzunmüddətli stress, travma, depressiya və ya digər psixoloji pozuntular xüsusi peşəkar yardım tələb edir. Psixoloqlar elmi əsaslı metodlardan istifadə edərək insanlara problemlərinin kökünü başa düşməyə, müvafiq bacarıqlar qazanmağa və çətinliklərin öhdəsindən gəlməyə kömək edirlər. Psixoloq peşəsi, digər sahələrdə olduğu kimi, mütəxəssis biliyi tələb edir və onun rolu insanların psixoloji sağlamlığını yaxşılaşdırmaqdır. Psixoloq peşəsi elmi təhsilə və peşə etikası normalarına əsaslanır. Özünü psixoloq adlandıran, lakin bu peşənin elmi və etik standartlarına uyğun olmayan şəxslər psixologiya sahəsinin nüfuzuna xələl gətirir. İnsanların şəxsi məlumatlarının ictimailəşdirilməsi və ya manipulyasiya edilməsi psixoloq peşəsinin təməl prinsiplərinə, yəni məxfiliyə və hörmətə tamamilə ziddir”.

Chosen
25
1
publika.az

2Sources