EN

Kredit şərtləri asanlaşdırılır

Bu il noyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479,8 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına əsasən, bu göstərici ilin əvvəli ilə müqayisədə 9,6 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 8,9 faiz artıb. Vətəndaşlar isə gecikmiş kreditlərin artmasının səbəbini faizlərin çox olması ilə əlaqələndirirlər.

İqtisadçılar isə bildirirlər ki, vaxtı keçmiş kreditlərin sayının artmaması üçün bəzi qaydalara dəyişiklik edilməlidir. Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) yaranması və fəaliyyəti də vaxtı keçmiş kreditlərin artmasına müəyyən dərəcədə təsir edir. Belə ki BOKT-lər, banklara nisbətən daha az tələblə və daha sürətli şəkildə kredit verə bilirlər. Borcalanlar ödəmə qabiliyyətlərini düzgün qiymətləndirə bilmədikdə isə bu borcların vaxtında ödənilməməsi riski artır.

Ekspertlər, eyni zamanda, bildirirlər ki, BOKT-lərin fəaliyyətinin inkişaf etdirilməsi maliyyə inklüzivliyinin bir elementi olmaqla əhalinin, kiçik və orta sahibkarların maliyyə resurslarına daha geniş çıxış imkanlarını gerçəkləşdirir. Azərbaycan Respublikasının Mərkəzi Bankı həmin maliyyə qurumlarının bu rolunun artırılması, eləcə də onların təklif etdikləri kredit məhsullarının əlçatanlığı və şəffaflığının reallaşdırılması üçün öz mandatı çərçivəsində zəruri addımlar atır.

“Bank olmayan kredit təşkilatları haqqında” Qanuna 2023-cü ildə edilmiş dəyişiklərə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 15 noyabr 2024-cü il tarixli qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib. Bu dəyişikliklər Mərkəzi Bankın “2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub.

Qaydalarda keyfiyyət xarakterli yeni tələblər müəyyənləşdirilib. Belə ki, BOKT-lərdə kredit riskinin idarə edilməsi sisteminin təşkili, kredit riski siyasəti, kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı prosedurları, risk monitorinqi, habelə kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsinin hesablanması qaydası ilə
bağlı requlyativ tələblər gətirilib. Bununla yanaşı, vurğulanan qaydalarda ilk dəfə qısamüddətli “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər nəzətdə tutulub.

Eyni zamanda, qaydalarda kəmiyyət xarakterli və maliyyə dayanıqlığına təsir göstərən tələblər formalaşdırılıb. Belə ki, qaydalara əsasən, yeni yaradılan BOKT-lərdə nizamnamə kapitalına dair tələb 1 milyon manata çatdırılıb, mövcud və yeni BOKT-lərə 1 milyon manat kapital tələbi və öhdəliklərin kapitala nisbəti tələbi müəyyənləşdirilib, ehtiyatların yaradılmasına dair tələblərə də yenidən baxılıb. Qaydalardakı tələblər BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır. Mərkəzi Bank BOKT sektorunda gedən cari prosesləri, eləcə də dünyada bu sahədə qabaqcıl ölkələrin təcrübələrini diqqətdə saxlamaqla mövcud istiqamət üzrə təkmilləşdirmə fəaliyyətini davam etdirməyə mühüm önəm verir.

Qeyd edək ki, Mərkəzi Bank rəhbərinin imzaladığı yeni qərara əsasən, BOKTlər üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Ekspertlərin fikrincə,
BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılması risklərin sığortalanması və eyni zamanda, bu sahədə etibarlılığın gücləndirilməsi məqsədini daşıyır.

Ümumiyyətlə, BOKT-lərin nizamnamə kapitalının məbləği əvvəllər yüksək deyildi, bu da həmin maliyyə qurumlarında formalaşmanı şərtləndirirdi. Nəticə etibarilə sözügedən təşkilatlar bir sıra hallarda kifayət qədər yüksək faizlə kredit təklif edirdilər ki, bu da təbii olaraq vətəndaşlarımızın borclanmasına, daha sonra həmin borc kreditlərinin geri qaytarılmasında çətinliklərin müşahidə olunmasına gətirib çıxarırdı.

Ona görə də yeni qaydalar birmənalı şəkildə həm risklərin sığortalanması, həm də bu sahədə rəqabətin gücləndirilməsi məqsədi daşıyır. Bu, nəticə etibarilə
BOKT-lər üçün sektorun payının artırılması və ümumi kredit portfelində payının çoxaldılması baxımından zəruridir.

Beləliklə, BOKT-lər banklara nisbətən daha yüksək faizlə kreditlər təklif etdiklərindən bu faizlərin optimallaşdırılmasına və azaldılmasına ehtiyac var. Deməli, burada, təbii ki, həm kredit resurslarından səmərəli istifadə olunması, həm də yüksək faizli borclanmanın qarşısının alınması qarşıda mühüm vəzifə kimi durur.

Eldəniz ƏMİROV
iqtisadçı-ekspert

Həm bankların, həm də bank olmayan kredit təşkilatlarının fəaliyyətlərinin nəzarət olunub tənzimlənməsinə ehtiyac daim duyulub. Sözügedən addım da bu səbəbdən atılıb. Onu da qeyd edim ki, istər banklar, istərsə də bank olmayan kredit təşkilatları yalnız kredit verməkdə maraqlıdırlar. Lakin onlar verdikləri kreditin bir sıra hallarda risklərini düzgün qiymətləndirmirlər. Bilərəkdən və ya bilməyərəkdən bəzən krediti qarşı tərəfə (bura həm sahibkarlar, həm də vətəndaşlar daxildir) daha sərt şərtlərlə təqdim edirlər. Bu isə insanlara həm maddi çətinliklər yaradır, həm də bir müddət sonra problemli kreditə çevrilir. Bu kütləviləşəndə isə problemli kreditlərin həcminin artmasına səbəb olur.

Bir neçə illə müqayisədə hazırda həm banklara, həm də bank olmayan kredit təşkilatlarına ciddi nəzarət müşahidə olunur. Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi qaydasında fərqliliklər də məhz bu zərurətdən yaranır.

Burada əsas yanaşma BOKT-lərin kredit bazarında rəqabətə təsir göstərə bilmələrinin gerçəkləşdirilməsidir. Çünki indiki halda ölkədə fəaliyyət göstərən 50-dən çox bank olmayan kredit təşkilatlarının kredit bazarında rəqabətə təsir  imkanları məhduddur. Ona görə də mərhələli şəkildə BOKT-lərin də bazarda əsas
aktorlardan birinə çevrilməsinə ciddi ehtiyac var.

Chosen
28
xalqqazeti.az

1Sources