EN

RUSİYA SURİYADAN QAÇIR?! – Hərbi gəmilər Tartusu tərk edir, rus bazasının Dəməşqlə əlaqəsi kəsilir

Suriyada müxalif qüvvələr paytaxt Dəməşq istiqamətində irəlilədikcə, Bəşər Əsəd rejiminin təmsilçiləri və tərəfdarları ilə yanaşı, bölgədəki Rusiya qüvvələri də real təhlükə altına düşür. Artıq Rusiya hərbçilərinin və özəl hərbi şirkətlərə aid yaraqlılarının üsyançı qüvvələrin nəzarətinə keçən Hələb və digər bölgələrdən qaçdığı məlumdur. Eyni zamanda, Rusiyanın burada xeyli sayda canlı qüvvə itirdiyi, eləcə də böyük miqdarda müasir silahlarının müxaliflərin əlinə keçdiyi barədə məlumatlar var.

Rusiyanın Suriyadakı hərbi birləşmələrinin komandanının dəyişdirilməsi və desant qüvvələrinə rəhbərlik edən komandirinsə itkilərə görə hesabat vermək üçün Moskvaya çağırılması Kremlin böyük uğursuzluğa düçar olmasının bariz göstəricisidir.

Lakin, görünür, Rusiyanın Suriyadakı problemləri bununla bitmir. Belə ki, artıq Rusiyanın hələ 1971-ci ildən Suriyanın Aralıq dənizindəki Tartus limanında yerləşən strateji hərbi bazası da böyük təhlükə altındadır. Çünki üsyançılar bir qədər də irəliləsələr, bazadakı rusların Suriyanın qalan hissəsi, xüsusilə də Dəməşqlə əlaqəsi kəsiləcək.

Artıq müxalif qüvvələr Həma, Homs bölgələri və hətta Dəməşqə doğru dərin irəliləyişə nail olublar. Əsas məqsəd paytaxt Dəməşqin bu iki şəhərlə və Aralıq dənizi ilə nəqliyyat, logistika əlaqələrini kəsməkdir. O zaman həm də Rusiya, İran və Əsəd qüvvələri arasında bu strateji istiqamətdə quru əlaqəsini kəsmək mümkün olacaq.

Hurriyyet.az xəbər verir ki, Suriyadakı Türkiyə yönlü “teleqram” kanalları Rusiyanın öz döyüş gəmilərini Suriyadan təxliyyə etdiyini bildirir. Qeyd olunur ki, Rusiya hələ 1971-ci ildən yerləşdiyi Suriyanın Tartus limanından hərbi dəniz qüvvələrini mərhələli şəkildə çıxarmağa başlayıb. Belə ki, artıq dekabrın 2-də Rusiyanın “Yelnya” yardımçı gəmisi Tartusdan ayrılıb və iki freqatın, bir yardımçı gəminin və bir sualtı qayığın da yola düşdüyü bildirilir.

Bu arada Suriya müxalifəti Həma şəhərinin ətraflarında “təmizləmə” əməliyyatı aparır və şəhərin mərkəzinə doğru irəliləyir. Bir qrup yüksək rütbəli Əsəd hərbçiləri və İran zabitləri Həmadan vertolyotla qaça bilib.

Türkiyə “teleqram” kanallarının məlumatına görə, Həma şəhəri ətrafında döyüşlər qızışır. Suriya müxalifət qüvvələri, türkmən birlikləri və Türküstan briqadası PUA-lardan istifadə edərək Əsəd qüvvələrinin və İran proksilərinin texnikasını yandırır. Dünən bütün gecə Həma şəhəri ətrafında Suriya müxalifəti ilə Əsəd və iranyönlü qüvvələr arasında şiddətli döyüşlər olub. Müxalifət qüvvələri şimaldan və qərbdən şəhərə yaxınlaşan əraziləri nəzarətə götürə bilib. Səhər saatlarından Həmanın mərkəzini ələ keçirmək üçün döyüşlər gedir. Əgər müxalif qüvvələr Həma üzərində nəzarəti ələ keçirə bilsələr, o zaman Bəşər Əsəd rejiminin vəziyyəti tamamilə çıxılmaz ola bilər.

Bu arada Suriya müxalifət qüvvələri Suriyanın şimal-şərqində kürd terror qruplarının mühüm qalalarından biri olan Mənbici də azad etmək üçün yeni hərbi əməliyyata hazırlaşır.

Maraqlıdır ki, HƏMAS da Əsəd rejiminə qarşı üsyanı dəstəkləyib. Təşkilatın sözçüsü Talal Nasser deyib: "Suriya inqilabını alqışlayırıq! İnşallah bu, Dəməşqin azad edilməsinə qədər davam edəcək. Artıq cəlladların və qatillərin (Əsəd rejimi-red.) getmə vaxtıdır".

“AzPolitika.info”

Chosen
302
50
hurriyyet.az

10Sources