"Qarabağ"ın hücumçusu Redon Cicanın qış transfer pəncərəsində ölkəsinə qayıda biləcəyinə dair növbəti xəbərlər yayılıb.
QOL.az xəbər verir ki, Albaniyanın "Panorama" nəşri "Partizani" klubunun 26 yaşlı hücumçunu heyətinə cəlb etmək istədiyini yazıb.
Qeyd edilir ki, Cicanın Ağdam klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. Onu birdəfəlik transfer etmək üçün yüksək məbləğ tələb olunur. Bu səbəbdən "Partizani" hazırkı mövsümün ikinci yarısı üçün futbolçunu icarə qaydasında transfer etmək istəyir.
Qeyd edək ki, Cica bugünlərdə Albaniya mətbuatına verdiyi müsahibədə "Qarabağ"da istədiyi oyun şansını qazana bilmədiyi üçün qışda vətəni Albaniyaya qayıdacağını istisna etməyib.
Cica bu mövsüm "Qarabağ"da bütün turnirlərdə cəmi 10 oyunda meydana çıxıb və 3 qol vurub.