EN

“Kiyev və Aİ Trampın planını rədd edəcək” - “ABŞ Konqresi də Trampın yoluna əngəllər qoyacaq”

Xəbər verildiyi kimi, Qərb mətbuatı ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Ukraynadakı müharibənin bitməsinə dair planının bəzi detallarını dərc edib. İddialara görə, planda Rusiyaya ərazi güzəştləri və Ukraynanın NATO üzvlüyünün qeyri-müəyyən vaxta təxirə salınması nəzərdə tutulur ki, bu da daha çox Vladimir Putinin tələblərinə uyğundur, nəinki rəsmi Kiyevin.

Turkustan.az xəbər verir ki, “Reuters” agentliyinin öz mənbələrinə istinadla yazdığına görə, Ukrayna hakimiyyəti, Aİ üzvləri və bir sıra ABŞ qanunvericiləri Trampın münaqişənin həlli ilə bağlı təkliflərinə qarşı çıxacaq. Çünki mümkün plana Ukraynanın Şimali Atlantika Alyansına qoşulması daxil olmayacaq.

“Reuters” xəbər verir ki, tanınmış analitiklər və keçmiş kəşfiyyatçıların fikrincə, Trampın təklifləri Ukraynanın NATO-ya üzvlüyünü özünün “Qələbə planında” əsas bənd kimi müəyyən edən Zelenskinin qatı müqaviməti ilə üzləşəcək. Aİ ölkələrinin rəhbərliyi və ABŞ Konqresi də Trampın yoluna əngəllər qoyacaq ki, Rusiya ilə bu cür razılaşma mümkünsüz olsun.

Agentlik əlavə edib ki, nəticədə Tramp Kiyevi danışıqlar masasına oturtmaq üçün ümid etdiyindən daha az təsir rıçaqına malik ola bilər, çünki Ukraynanın müttəfiqləri artıq hərbi yardımı artırmağa hazır olduqlarını bildiriblər və ABŞ-nin hazırkı Prezidenti Co Bayden Kiyevə silah göndərməkdə davam edir.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin dünənki bəyanatı da Kiyevin NATO üzvlüyü məsələsində israr etdiyini təsdiqləyir. Bəyanatda deyilir ki, Kiyev NATO-ya tam üzvlükdən başqa heç bir təhlükəsizlik zəmanəti ilə razılaşmayacaq. Hətta adı açıqlanmayan ukraynalı məmur “The Wall Street Journal”-a deyib ki, Kiyev 2025-ci ildə hərbi ehtiyaclar üçün Qərbdən 126 milyard dollar tələb edəcək.

Bütün bunlar onu deməyə əsas verir ki, Trampın seçkidən öncə Ukraynada müharibəni 24 saata dayandıracağı barədə verdiyi vədlər getdikcə reallıqdan daha çox uzaqlaşır. /AzPolitika.info/

Chosen
15
50
turkustan.az

10Sources