EN

Universitetlərdə 7 yeni ixtisas: bəs müəllimlər kimlər olacaq? – Kadr çatışmazlığı

 

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları artıq gələn ildən etibarən universitetlərin bakalavriatura səviyyəsində tədris olunacaq.

Bu yenilik barəsində ictimaiyyət, eləcə də təhsil ekspertlərinin fikirləri heç də birmənalı deyil. Bir qisim mütəxəssis yeni ixtisasların əmək bazarının tələbləri ilə heç də uyğunlaşmadığı qənaətindədir. Onların fikrincə, əmək bazarının cari şərt və tələbləri bu ixtisaslar üzrə iş tapma imkanlarını o qədər də yüksək dəyərləndirmir.

Mövzu ilə bağlı Musavat.com-a danışan təhsil eksperti Elmin Nuri deyir ki, ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsi üzrə 7 yeni ixtisasın yaradılması bir çox parametrlər baxımından təqdirəlayiqdir:

“Lakin subyektiv qənaətimiz bu fikirlərin əksi üzərində olacaqdır. Düşünürəm ki, yeni tədris olunacaq bütün 7 ixtisas əmək bazarının tələblərinə əsasən yüksək şəkildə proqnozlaşdırılıb və bu istiqamətdə qarşıdakı dönəm üçün praktikilik göstəricisi dəqiqliklə hesablanıb. Xüsusən də iki ixtisas: “data analitikası” və “Proqram təminatı mühəndisliyi”  ilə bağlı bunları daha ürəkdən səsləndirmək olar. Artıq dünya əmək bazarında bu iki ixtisasın yeri, kadr potensialına olan tələbat pik həddə çatmaqdadır. Süni intellekt əsrinin əsas danışan dillərindən biri olan data analitikanın nəinki tədrisi, hələlik anlayışın özü belə bizim üçün yaddır. Halbuki dünya miqyasında bir çox  universitetlərdə bu ixtisasın tədrisinə artıq bir neçə on il bundan əvvəl təcili və təxirəsalınmaz şəkildə start verilib.

Data analitikasına əmək bazarında olan tələbat nəinki ildən ilə, hətta aydan-aya dəyişir. Bizdə isə təəssüf ki, bu istiqamətdə kadr bazası həddindən artıq zəifdir. Hətta o qədər zəifdir ki, bir çox qurum,  təşkilat və şirkətlər data analitikası istiqamətində öz əməkdaşlarına  təlim keçmək üçün normal təlimçi belə  tapmaqda çətinlik çəkirlər. Bazarda bu istiqamətdə olan yaxşı mütəxəssislər isə həm xidmət haqqı, həm də sıx qrafik baxımından çox əlçatmaz olurlar. Data analitikası ixtisasının tədrisinə başlasaq da, bir reallığı mütləq deməliyəm: biz bu istiqamətdə ən azı bir 10 il zaman itirmişik. “Ziyanlı yolun yarısından da qayıtmaq xeyirdir”,- deyərək, gələn ildən həm bu, həm də digər yeni ixtisasların tədrisinə start verməliyik. Bu zaman belə bir ciddi sual meydana çıxacaq, həmin ixtisasların yerli universitetlərdə tədrisini kimlər həyata keçirəcək? Bu, həqiqətən də ciddi problemə yol açan bir sualdır. Etiraf etməliyik ki, bununla bağlı ciddi çatışmazlığımız olacaq. Çünki yeni ixtisasların demək olar ki, hamısı ilə bağlı biz nəinki pedaqoq, hətta ekspert,  mütəxəssis qıtlığını belə yaşayırıq. Belə olan halda, bu ixtisaslar üzrə yeni kadrlar necə və kimlər tərəfindən hazırlanacaq? Şəxsən məndə bu suallarla bağlı o qədər də pozitiv cavab yoxdur. Amma haradansa, necəsə başlamaq lazımdır. Kadr problemini qabartsaq, bu istiqamətdə daha bir neçə il geri düşəcəyik”.

Şahanə Rəhimli
Musavat.com

Chosen
26
1
musavat.com

2Sources