EN

Qərbi Azərbaycana qayıdış gec-tez baş tutacaq! 

Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilir. Məqsəd beynəlxalaq diqqəti vaxtilə Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına və tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmasına çəkməkdir. Hazırda Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsi qarşıda duran ən mühüm vəzifələrdən biri hesab olunur.

Azərbaycan cəmiyyətində tanınan simalar mövzu ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüblər.


Xalq artisti Mübariz Tağıyev bildirib ki, Qərbi Azərbaycana qayıtmaq o bölgədən olan hər kəsin arzusudur:


“Orada evlərimiz, torpaqlarımız qalıb. Biz gec ya tez, Qərbi Azərbaycana qayıtmalıyıq. Nəyin bahasına olursa olsun bu baş verməlidirr. Erməni millətinin fəlfəsəfini mən yaxşı bilirəm, bir vaxt düşünürdülər ki, nəsillər dəyişəndən sonra bu məsələ unudulacaq. Ancaq belə olmadı. Onlar istəyəcəklər ki, ermənilər də Qarabağa qayıtsınlar. Bu diplomatik məsələdir, mən isə sənət adamıyam. Qərbi Azərbaycan həsrəti bizim qəlbimizdəki yaradır. Biz ailəlikcə 1973-cü ildə oradan deportasiya olunmuşuq. Yəni müharibə illərində köçməmişik. Babalarımın qəbri orada qalıb. Bütün əzizlərimiz orada torpağa basdırılıb. Deyilənlərə görə, Qərbi Azərbaycandakı qəbiristanlıqlarımız dağıdılıb, qalmayıb. Bir anlığa da olsa doğulduğum yerə gedim, heç olmasa baxım görüm orada nə var, nə yox”.
 

Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Cəbrayılovun sözlərinə görə, Qərbi Azərbaycan azərbaycanlıların tarixi yurd yeri olub:
 

“Biz zəngəzurluyuq, qohum-əqrabamız orada dəfn olunub. Mən Gorusda anadan olmuşam, o ərazilər heç vaxt erməni torpağı olmayıb. Ümidvarıq ki, diplomatiyamız Qərbi azərbaycanlıların öz yerlərinə qayıtması istiqamətində uğurlara imza atacaq. Mən inanıram ki, bu qayıdış olacaq. İndi olmasa da, 10-20 ildən sonra Qərbi azərbaycanlılar ata-baba yurdlarına dönəcəklər. Prezidentimiz də yorulmadan bu istiqamətdə siyasət yürüdür. Qarabağdakı torpaqlarımıza nəzarət bərpa olundu, indi də pillə-pillə Qərbi Azərbaycana qayıdışla bağlı addımlar atılır. Mənim bu qayıdışa böyük ümidimlərim var”.
 

Sabiq deputat Vahid Əhmədov bildirib ki, Qərbi Azərbaycana qayıdış gec-tez baş tutmalıdır:

 

“Bununla əlaqədar dövlət başçısı tərəfindən göstərişlər verildi, Qərbi Azərbaycan İcması yaradıldı. Qərbi Azərbaycanla əlaqədar beynəlxalq tədbirlər keçirilir, müəyyən bəyanatlar verilir. Hesab edirəm ki, Qərbi Azərbaycana qayıdış tamamilə haqlı mübarizədir. Bu gün Qərbi Azərbaycana qayıtmaq istəyənlər vaxtilə oradan qovulan insanlardır. Faktiki olaraq həmin torpaqlar onların vətənidir. Bu qayıdışın həyata keçirilməsinə müəyyən qədər vaxt lazımdır. Hazırda diqqət Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına yönəlib. Burada həmin şərtlərə baxılacaq. Çünki qarşı tərəf də ermənilərin Qarabağa qayıtması ilə bağlı müəyyən iddialar irəli sürürlər. Halbuki, onlar zorla deyil, könüllü şəkildə Azərbaycanı tərk ediblər. Prezidentimiz də onların Qarabağda qalıb yaşamalarına imkan yaratdı, amma özləri çıxıb getmək yolunu seçdilər.
Qərbi Azərbaycana qayıdış prosesi gec-tez baş tutmalıdır. Bu məsələ beynəlxalq arenada səslənməlidir, son vaxtlar tarixçi alimlərimiz də kifayət qədər elmi əsərlər çap edirlər. Belə əsərlərin çapını daha da artırmaq lazımdır. Beynəlxalq arenada səsləndirmək lazımdır ki, bu insanlar öz yurdlarından qovulublar. Qərbi azərbaycanlılara qarşı müxtəlif illərdə törədilən zorakılıq tarixi hadisədir, ona görə də beynəlxalq tədbirlər keçirməklə daha da irəli getmək mümkündür. Dövlət başçımızın bu məsələyə diqqəti çox böyükdür, Qərbi Azərbaycan İcması da aktiv faəliyyət göstərir. Hesab edirəm ki, həqiqət gec-tez öz yerini tapacaq”.

Chosen
10
23
modern.az

10Sources