Azərbaycan millisinin hücumçusu Mahir Emreli formasını geyindiyi Almaniyanın “Nürnberq” klubunun rəsmi telekanalına müsahibə verib.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu maraqlı açıqlamaları ilə diqqət çəkib.
O, 2-ci Bundesliqa təmsilçisinin sosial şəbəkə hesablarında azərbaycanlıların çoxluq təşkil etməsinə toxunub:
“Azərbaycanlı azarkeşlər də klubumuzu dəstəkləyirlər və burada məndən yaxşı nəticə gözləyirlər. Burada pis şey görmürəm. Almaniyada ölkəmizi təmsil edirik. Buna görə hər attığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni etməyə çalışıram”.
Forvard ötən turda “Fortuna” (Düsseldorf) komandası ilə matçdakı (2:2) nəticənin onları məyus etdiyini bildirib:
“Ardıcıl iki oyundur ki, son dəqiqələrdə qol buraxırıq. Bu səbəbdən özümüzü pis hiss edirik. Çünki rəqiblərdən daha yaxşı oynayırdıq. Növbəti görüşlərdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm”.
Emreli 15-ci turda, dekabrın 6-da səfərdə üz-üzə gələcəkləri “Elversberq”lə oyun barədə danışıb:
“Rəqibi təhlil edirik. Özümüzü növbəti qarşılaşmaya hazırlayacağıq. Bu matçda əlimizdən gələni edəcəyik. Gözəl stadionda oynamaq daha çox motivasiya verir. Həm də ən vacib olan fanatlardır. Tərəfdarlarımız hara getməyimizdən asılı olmayaraq, bizə dəstək olur, şou göstərirlər. Amma bəzən özümü səfərdəki kimi hiss etmirəm. Buna nümunə olaraq “Hoffenhaym”la (Almaniya Kuboku) matçı göstərə bilərəm. Özümü Nürnberqdəyik kimi hiss edirdim”.
“Mən Ronaldonun fanatı deyiləm”
Anasının ona ünvanlandığı suala da Emrelinin cavabı maraqlı olub. İkinci Bundesliqa təmsilçisinin heyətində 4 qola imza atan oyunçu “beşinci qolu nə vaxt vuracaqsınız” sualını belə cavablandırıb:
“Əgər anam bu qolu gözləyirsə, ümid edirəm ki, “Elversberq” qarşısında beşinci və ya altıncı qolu vuraram, bilmirəm. Mənim ölkəmdə anan sənə bir şey tapşırıbsa, bunu dərhal etməlisən. Çünki əks halda evdə problemlər yaşayarsan. Ümid edirəm ki, bunu edə biləcəyəm. İşin gülməli tərəfi burasıdır ki, hər zaman anamla bu barədə danışırdıq, amma indi deyəsən rəsmi açıqlama istəyir. Hər zaman mən nəticəyə və üç xalı əldə etməyə daha çox önəm verirəm, bu mənim üçün ən vacibdir”.
Emreli qol sevinci zamanı komanda yoldaşı Stefanos Tsimasla birlikdə Kristiano Ronaldonun hərəkətini təkrarlamalarına da münasibət bildirib:
“Ronaldo ən böyük oyunçulardan biridir. Amma mən onun fanatı deyiləm. Stefanos onun azarkeşidir”.
Futbolçumuz “Nürnberq”dəki məşqlərindən də bəhs edib: “Bu gün çox rahat idi, oyun bitdikdən sonra əsasən yoqaya və masaja vaxt ayırırıq, velosiped sürürük və sonra saunada dincəlirik. Cümə günü oyunumuz var və əlimizdən gəldiyi qədər sürətli toparlanmağa çalışırıq”.