EN

Müxalif qruplar necə sürətlə irəliləyə bilir: Generallar Bəşər Əsədi öncədən satıb?

"Heyət Tahrir eş-Şam (THŞ) Talibana bənzəməyə başlayıb. Taliban 1990-cı illərin ortalarında Əfqanıstanda fəallığını artıranda bu təşkilatın ölkənin tamamına nəzarət edəcəyi proqnozlaşdırılmırdı. Təşkilat qısa müddət ərzində gücləndi, sıraları genişləndi. Bu gün Əfqanıstanı Taliban təmsil edir. ABŞ belə nə qədər çalşsa da, Talibanı bitirə bilmədi, əksinə Əfqanıstanı bu təşkilata təhvil verərək ortadan sürüşdü. Dövlətlərin mütləq əksəriyyəti Talibanı terrorçu təşkilatlar siyahısına salmışdı, ancaq illər keçdikcə yanaşma dəyişdi. Hazırda Talibanla əməkdaşlıq edənlərin sayı artıb, təşkilatla ikitərəfli və regional əməkdaşlıq mövzuları müzakirə edilir. Azərbaycanın da Talibanla dialoqu var, səfirliyimiz Əfqanıstanda bərpa olunub, təşkilatın nümayəndələri Bakıda keçirilən COP29 tədbirində belə iştirak ediblər. HTŞ Suriyada irəliləməkdə davam edərsə, bu təşkilatla hesablaşanların sayı artacaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, HTŞ-i digər terrorçu təşkilatlardan fərqləndirən önəmli amil qruplaşmanın Suriyadan kənarda fəaliyyət göstərməməsidir: "Misal üçün PKK və İŞİD kimi terrorçu təşkilatlar Suriyadan kənarda da terror əsdirir, partlayışlar törədirlər. THŞ isə ancaq Suriyada savaşır. Buna baxmayaraq, nədən HTŞ bu qədər sürətlə irəliyə bilir? 30-40 minlik qüvvə ilə bu qədər şəhər və qəsəbəni neçə asanlıqla ələ keçirib? Bu məsələdə isə İraqla paralellər aparmaq mümkündür. ABŞ qoşunları 2003-cü ildə İraqa müdaxilə etdikdə müharibənin uzanacağı fikir mövcud idi. Ancaq Səddam Hüseynin ordusu savaşmadan şəhərləri və paytaxt Bağdadı ABŞ qoşunlarına təslim etdi. Yayılan xəbərlərə görə, ABŞ kəşfiyyatı Səddam Hüseynin generallarını pulla ələ almışdılar. İstisna deyil ki, Əsədin ordusundakı generallar da sabahlarını düşünərək şəhərlərdən geri çəkilirlər".

Məğrur,

Sitat.info

Chosen
55
sitat.info

1Sources