EN

Bir neçə nazirlik və xidmət yanlarındakı İctimai şuraları buraxacaq...

Image

İctimai şuralar icra hakimiyyətinin qəbul etdiyi qərarlarda cəmiyyətin mənafeini müdafiə etməlidir

Məlum olduğu kimi, Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycan Milli QHT Forumu bir sıra dövlət qurumları, xüsusilə yerli icra hakimiyyəti orqanları yanında İctimai şuraların formalaşdırılmasında kobud pozuntu hallarını müşahidə edir. Bəzi hallarda yerlərdə bir sıra qurumlar seçkili təsisat olan İctimai şuralara təyinat əsasında tərkib formalaşdırır, hətta buna dair daxili sərəncamlar imzalayır. Azərbaycan Milli QHT Forumu bu cür halların Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununa zidd olduğunu bəyan edir. Apardığımız təhlillər göstərir ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai şuraların təxminən 25%-i eyni şəxslərdən ibarətdir. Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var”.

Ümumiyyətlə, ilk növbədə ictimai şuraların hansı ehtiyacdan yaradıldığına və onun model olaraq nəzərdə tutulan fəaliyyət fəlsəfəsinə diqqət yetirək. İctimai şuralar inkişaf etmiş ölkələrdə icra hakimiyyəti orqanlarında cəmiyyətin təmsilçisidir, onun mənafelərini müdafiə etməlidir. Məsələn, hər hansı bir nazirlik, komitə və digər icra hakimiyyəti orqanları kollegial olaraq hər hansi bir qərar qəbul edir. Qərarın müzakirəsi zamanı bütün fikir söyləyən fərdlər yalniz icra hakimiyyətinin məmurlarından ibarət olur. Ona görə də həmin qərar yalnız hökumətin mənafeyinə uyğun şəkildə qəbul edilir. İctimai şura ideyasını ortaya atan fikir adamları bunu icra hakimiyyəti orqanlarının qərarlarında cəmiyyətin mənafelərini operativ şəkildə müdafiə etmək məqsədi ilə təklif ediblər. Məsələn, Tarif Şurası yanacağın qiymətini qaldırmaqla SOCAR-ın itkilərini qarşılamaq, onun rentabelli işləməsini təmin etmək istəyir. Təklif müzakirə olunanda toplantıda istirak edən nazir müavinləri, sözsüz ki, qiymətlərin qaldırılmasını əsaslandırmağa calışacaq. Çünki o, dövlət məmurudur, dövlət müəssisəsini müdafiə etməlidir. Bu məqamda toplantıda iştirak edən İctimai şura üzvləri isə cəmiyyətin maraqlarından çıxış etməlidir və əsaslandirmalıdır ki, yanacağın qiymətinin bahalaşması əhalinin cibinə uyğun deyil. Yəni ictimai şuranın model olaraq fəlsəfəsi bundan ibarətdir - icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarların müzakirəsində cəmiyyətin mənafeyini müdafiə etmək. Çox təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən ictimai şuraların hec biri bu mövqedən çıxış etmir və formal xarakter daşıyır.

Hətta dövlət qurumlarının ictimai şuralarından birinin üzvünə zəng gəlir ki, iclas keçiririk, sənin də adını iştirakçılar sırasına yazırıq. O da cavab verdi ki, bəli, yazın, çox sağ olun. Yəni bu gün ictimai şura üzvləri cəmiyyət qarşısında öz məsuliyyətini hiss etmir. Çünki onu cəmiyyət seçməyib və o bu işdə maraqlı deyil. Maraqlı olanlar isə cəmiyyətə deyil, öz maraq dairəsinə xidmət edir.

Fikrimizcə, "İçtimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməli və ictimai şuralar işlək mexanizmilərlə yenidən qurulmalıdır.

Hazırda dövlət qurumlarının ictimai şuralarını bir qrup QHT zəbt edib. Dövlət qurumlarına da onların formal xarakteri sərf edir.

İctimai şuralarda yalnız QHT sədrləri deyil, aktiv ictimaiyyət nümayəndələri, media təmsilçiləri və ya bələdiyyə üzvlərinin də iştirakçılığı təmin edilməlidir. İctimai şuraların indiki durumu isə acnacaqlı və formal xarakter daşıyır.

Akif NƏSİRLİ





Chosen
47
baki-xeber.com

1Sources