Heç kimə sirr deyil ki, bu gün qəzetlər az tirajla çap edilir.
Çünki onun dərci çox vəsait tələb edir. Kağız bahalaşıb, çap bahalaşıb, üstəlik yerhaqqı da bahadır. Əgər dövlətin dəstəyi olmasa, bir neçə gündən sonra qəzetlərin nəşri dayanar.Ən azından ona görə ki, heç bir qəzet catışdan əldə edilən cüzi vəsaitlə ayağa dura bilməz. Rayon yerlərində qəzet oxumaq istəyən adamlar isə qəzet tapa bilmirlər. Füzuli rayonunun ən iri kəndlərindən biri Böyük Bəhmənlidir. Bu kəndin yeddi minə yaxın əhalisi var. Və demək olar ki, kənddə hər şey gözəldir. Asfalt yollar, qaz, su, işıq,iki məktəb , uşaq bağçası, bir- birindən gözəl marketlər, mağazalar göz oxşayır.Şükür Allaha, camaatında dolanışığı lap yaxşıdır.
Amma hər şeyi olan Bəhmənlidə bir qəzet köşkü yoxdu.Qəzet oxumaq istəyən adam onu almaq üçün ya Horadiz şəhərinə getməlidir, ya da Əhmədbəyli kəndinə. Çünki qəzetlər , ancaq həmin yerə gəlir. Əvvəllər qəzet Bəhmənlidəki poçta gələrdi, amma indi poçt fəaliyyət göstərsə də orda qəzet yoxdu. Orta və yaşlı nəsilsə, qəzet oxumaq istəyir, lakin onu Bəhmənlidə tapa bilmirlər. Maşını olan adam gedib, qəzeti Horadiz şəhərindən, ya da Əhmədbəylidən alır. Kəndlərdə, o cümlədən Böyük Bəhmənlidə qəzet köşkləri açmaq lazımdır.
Bu kənddə həftə- səkkiz mən doqquz bir ticarət obyekti açılır, məgər qəzet köşkü açmaq belə bir müşkül məsələdir?! Qəzetləri yaşatmaq üçün bu addımlar bütün kəndlərdə atılmalıdir. Belə ki, kəndlərdə qəzet oxuyan adamlar çoxdur. Və bir də qəzet oxumayan millət kar, kor və laldır. Kəndlərdə isə qəzet oxumaq istəyən adamlar kar, kor, lal olmaq istəmir!
Emil Faiqoğlu