Suriyada silahlı müxalifət Həma şəhərini ələ keçirdikdən sonra Hüms şəhərinə doğru irəliləyib.
Sfera.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, silahlı müxalif qruplar artıq şəhərin kənar məhəllələrinə daxil olmağı bacarıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrın 27-dən “Heyət Təhrir əl-Şamın” (HTŞ) öncüllük etdiyi müxalif silahlı qruplarla Suriya dövlətinin silahlı birləşmələri arasında yenidən toqquşmalar başlayıb. Toqquşmalar Suriyanın şimalında, Hələb vilayətinin qərbindən başlayaraq sürətlə genişlənib. Noyabrın 30-da Hələbin mərkəzinin böyük hissəsini ələ keçirən rejim əleyhdarı qruplar eyni gündə bütün İdlibdə nəzarəti ələ keçirib.
Dekabrın 1-də Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SMO) da əməliyyatlara qoşulub. SMO Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rıfat rayon mərkəzini terrorçulardan təmizləyib. Qruplar şiddətli qarşıdurmalardan sonra cənuba doğru enərək dekabrın 5-də Həma şəhərinin mərkəzini Əsədin ordusundan təmizləyib.
Suriya rejim qüvvələri ilə qarşıdurmada olan və Həma şəhər mərkəzinə nəzarəti ələ keçirən rejim əleyhinə qruplar Hüms vilayətində də irəliləyib. Səhər saatlarında Hüms vilayətinin qapısı olan Rasten və Telbise rayonları rejim əleyhinə olan qruplar tərəfindən ələ keçirilib. Rasten və Telbise rayon mərkəzlərini ələ keçirən qruplar şəhər mərkəzinin qərbindəki Vaer rayonuna girməyə başlayıb. Şimalda Ter Maela kəndini və Darul Kebire qəsəbəsini ələ keçirən rejim əleyhdarı qruplar irəliləməyə davam edərək, Hümsun şimalından şəhərə 3 kilometr yaxınlaşıblar.
Qeyd edək ki, müxalif silahlı qüvvələrin cənuba doğru irəliləməsi Suriya dövlətinin dənizə çıxışının qarşısını ala bilər. Çünki Hümsdan sonra silahlı birləşmələr Livan sərhəddinə çatacaqlar və bununla da Suriyanın paytaxtı Dəməşqdəki dövlətə aid qüvvələrin dəniz sahilinə çıxışı mümkün olmayacaq.
Suriyadakı prosesləri izləyən xarici analitiklər hesab edir ki, müxalif silahlı birləşmələrin əsas məqsədi əslində Hümsdan sonra paytaxt Dəməşqi də ələ keçirməkdir. Əgər bu baş verərsə, Əsəd hakimiyyətdən gedəcək və dövlət hakimiyyəti HTŞ-nin əlinə keçəcək.
Vasif
Sfera.az