EN

Həyat həqiqətlərinin bədii tərcümanı

Natiq Rəsulzadə – 75

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı Natiq Rəsulzadənin 75 yaşı tamam olur. Bu münasibətlə Nizami Kino Mərkəzində yubiley mərasimi keçirildi.

Məclisi giriş sözü ilə açan Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Natiq Rəsulzadənın həyat və yaradıcılığı barədə məlumat verdi. O bildirdi ki, yazıçının əsərləri 40 ildən bəri dünyanın bir çox ölkələrində müxtəlif dillərdə nəşr olunur: “Yazıçı Moskvada Maksim Qorki adına Ədəbiyyat institutunda oxuyarkən söz korifeylərindən dərs almış, həyat həqiqətlərinin bədii dəyərə çevrilməsində gərəkli təcrübə qazanmışdır. Bu təhsil onun yaradıcılığı üçün təkan olmuşdur. Ötən illərdə yazıçı 200-dən çox hekayənin, 50-dən artıq kitabın müəllifi kimi zəngin ədəbi irs yaratmışdır”.

Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Natiq Rəsulzadənin sənət uğurlarından, onunla dostluq əlaqəsindən söz açdı: “Natiq haqqında fəxrlə danışmaqdan yorulmuram, çünki o, qələminin sehri ilə ürəklərə əbədi yol tapıb. Sağ ol, əziz qələmdaşım, mən sənin hər bir əsərini səbirsizliklə gözləyirəm”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu isə yubilyara ürək sözlərini belə çatdırdı: “Nə yaxşı bu dünyada Natiq Rəsulzadə yaradıcılığı var. Onu dərk etmək, ssenariləri əsasında filmlər hazırlamaq asan deyil. Bunun üçün peşəkarlıq və onu duyan ürək olmalıdır”.

Xalq artisti Həmidə Ömərova dedi ki, Natiqin qəlbi elə böyükdür ki, o, kədərli olanda da gülür: “Natiqin sənətkarlıq gücünü kəşf etmək üçün onu dərindən öyrənməlisən. O, fenomen yazıçıdır. Belə şəxsiyyətlər Azərbaycanın qürurudur, fəxridir”.

Mərasimdə daha sonra qeyd edildi ki, “İntihar edənin gündəliyi”, Gecə çaparı”, Məhəbbət ili”, ”Yağışlı bayram”, “Kabuslar arasında”, ”Quş çəkirəm”, “Ulduz yollar”, “Tələ”, “Adacıq” və başqa kitabları ilə geniş oxucu auditoriyasının ürəyinə yol tapan, qələmi ilə sözü qüdrətləndirən Natiq Rəsulzadə Azərbaycan ədəbiyyatında özünəxas cığır açıb.

Natiq Rəsulzadə təbrik və xoş sözlərə görə razılığını bildirərək dedi:

Hər yaşın öz gözəlliyi var. İnsan yaşa dolduqca geriyə baxır. Bu gün bir anlıq uşaqlığımı, gəncliyimi, ötən illərimi yada saldım. Bu gün 75 rəqəminə yaxından baxdım. Bundan sonra daha həvəslə yaşamağı, yaratmağı düşündüm. Yaşamağı bacarmaq lazımdır”.

Kəmalə ABDİNOVA
XQ

Chosen
41
xalqqazeti.az

1Sources