EN

Hansı məhsullar geri qaytarıla bilməz? - AÇIQLAMA

"Geri qaytarılmayan məhsullar alıcıların hüquqları və satıcıların siyasətləri ilə müəyyən edilir. Bu məsələdə qanunvericiliyin və satıcı qaydalarının rolu böyükdür. Azərbaycanda və dünya üzrə bir çox məhsul növü müəyyən şərtlər altında geri qəbul edilmir".

Bu sözləri Milli.Az-a hüquqşünas Leyla Mehdiyeva deyib.

O bildirib ki, mağazadan alınan malların 14 gün ərzində geri qaytarılması mümkündür. Ancaq "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti bəzi malların dəyişdirilməsi və qaytarılmasının mümkün olmadığı barədə qərar qəbul edib.
"Qərara əsasən, dəyişdirilməsi və qaytarılması qadağan olan mallar qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıq olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları aiddir". 

Hüquqşünas qeyd edib ki, proqram təminatları, DVD-lər, oyunlar, rəqəmsal yükləmələr və e-kitablara geri qaytarılma tətbiq olunmur. Çünki bu məhsulların alındıqdan sonra ikinci dəfə satılması mümkün olmur.
"Bəzi mağazalar, endirimli və xüsusi təkliflə satılan məhsulları geri qəbul etmir. "Son satış" (final sale) etiketli məhsullar da bu kateqoriyaya aiddir. Elektron cihazlar (telefonlar, noutbuklar, televizorlar və s.) istifadə edildikdən sonra bəzən geri qəbul edilmir. Lakin, əgər məhsulda istehsalat qüsuru aşkarlanarsa, bəzi satıcılar dəyişdirmə və ya geri qaytarma təklif edirlər.

Bütün bu qaydalar alıcı və satıcı arasında qarşılıqlı anlaşmaya əsaslanır. Alış etməzdən əvvəl geri qaytarma siyasəti ilə bağlı satıcılardan ətraflı məlumat almaq tövsiyə olunur. Bu, həm alıcıların, həm də satıcıların hüquqlarının qorunmasına kömək edər".

Aysel Əkbər
Milli.Az

Chosen
47
39
milli.az

10Sources