“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında çıxış edən Cümhuriyyət Xalq Partiyasının Türkiyə Böyük Millət Məclisindəki Qrupunun sədr müavini Murat Emir vacib məqamlara diqqət çəkib.
Moderator.az Musavat.com-a istinadən bildirir ki, millət vəkili regiondakı durumdan bəhs edib. Bildirib ki, Qafqazda sülhün qorunması, mühüm pəncərənin açılması hamımızı məmnun edir:
“Dünyada baş verən təlatümlər dialoqun əhəmiyyətini bir daha ortaya qoyur. Rusiya və Ukrayna arasındakı müharibə Avrasiyada yükdaşımaları təxirə salmışdı. Eyni şəkildə Cənubda da təchizat zəncirinə mane olmuşdu. Bu baxımdan Orta Dəhlizin - Tarixi İpək Yolunun canlandırılması böyük əhəmiyyət təşkil edir”.
Millət vəkili qeyd edib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər Şuşa Bəyannaməsi ilə öz pik həddinə çatıb. Əlavə edib ki, Bakı-Tblisi-Ceyhan dəmiryolu xətti daşımaların davamlı olmasına öz töhfəsini verir. TBMM üzvü Zəngəzur dəhlizindən də danışıb:
“Zəngəzur dəhlizinin açılması ilə bu fəaliyyət daha da əhəmiyyətli hal alacaq”.
O sonda birlik, bərabərlik mesajı verib: “Azərbaycanlı qardaşlarımız bilsin ki, TBMM-də təmsil olunan hər bir millət vəkilinin ürəyi azərbaycanlı qardaşlarımızla ortaq döyünməkdədir, bir və bütünük”.