EN

Tokayev Qətər əmiri ilə ikitərəfli əlaqələri və investisiya layihələrini müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşüb.

"Far.Az" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan lideri Qətər əmirinə Doha forumuna onu dəvət etdiyinə görə təşəkkür edərək bu forumun dünyadakı mövcud problemlərə dair açıq dialoq üçün unikal platforma olduğunu vurğulayıb.

"Qasım-Jomart Tokayev Qətər əmirinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. Söhbət zamanı bank, telekommunikasiya, energetika, kənd təsərrüfatı və tibb sahələrində investisiya layihələri ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib", - məlumatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, Qətər əmiri, öz növbəsində, Astana ilə Doha arasında əməkdaşlığın uzunmüddətli strateji xarakter aldığını söyləyib:

"O vurğulayıb ki, hökumətlər ikitərəfli səfər zamanı qəbul edilmiş qərarların həyata keçirilməsi üçün sistemli şəkildə işləyirlər. Qasım-Jomart Tokayev və Təmim bin Həməd Al Tani yüksək səviyyəli fəal siyasi dialoqun gələcəkdə Qazaxıstan-Qətər münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyinə diqqət çəkiblər".

Qeyd edək ki, bu gün Qətərin paytaxtında 22-ci Doha forumu keçirilir. Dünyanın hər yerindən bir çox yüksək səviyyəli iştirakçının məruzəçi kimi iştirak etdiyi ikigünlük forumun mövzusu “İnnovasiya ehtiyacı” kimi müəyyən edilib. Dünya liderləri, siyasətçilər və ekspertlər forumda iki gün ərzində geosiyasi gərginlik, qlobal təhlükəsizlik, humanitar böhranlar və texnoloji inkişafı müzakirə edəcəklər.

2023-cü ildə Doha Forumunda 120 ölkədən 3500 qonaq və 270 məruzəçi iştirak edib.

Chosen
10
1
far.az

2Sources