EN

"Samir Abasova qarşı mübarizə aparmağa hazıram"

Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-i əlavə vaxtda vurduğu qollarla (3:1) məğlub edən "Sumqayıt"ın yarımmüdafiəçisi Rövlan Muradov Sportinfo.az-a müsahibə verib.

- Belə gedişat gözləyirdin?

- Düzünü desəm gözləmirdim. Bizim üçün də sürpriz oldu. Amma kubok oyunlarının belə çətin olduğunu bilirdik.

- Oyunun gedişində mərhələni keçməmək qorxusunu hiss etdinmi?

- Rəqib öz gücünü ortaya qoydu. Amma bəzi anlarda tələskənlik olurdu. Bu da elə həmin qorxudan irəli gəlirdi.

- Vaqif Cavadovdan qələbə təbriki aldınız, yoxsa gedişata görə sizi tənqid etdi?

- Düzü, tənqid eşitdik. Amma təbrik də etdi. Yəni hər ikisi oldu. İstənilən oyunda ciddiliyi qorumağımızı tövsiyə etdi.

- "Neftçi" ilə matç öncəsi belə gərgin oyun sizə necə təsir edə bilər?

- 120 dəqiqə oynayacağımızı düşünmürdüm. Bərpa olunmaq üçün 3 gün vaxtımız oldu. Doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Düşünürəm ki, maraqlı və çətin oyun olacaq. "Neftçi" bizdən 3 xal geridədir. Onlar da qələbə qazanmaq istəyəcəklər. Biz də yuxarı pillələrə qalxmaq üçün növbəti 3 xal aktivimizə yazmağa çalışacağıq.

- Sabiq baş məşqçinə qarşı mübarizə aparmağa psixoloji baxımdan tam hazırsan?

- Təbii ki, hazıram. Normal haldır.

- "Neftçi" üzərində qələbə qazanmaq üçün sizə nə lazımdır?

- Qələbə istəyirik. Bunun üçün meydana çıxacağıq. Düşünürəm ki, məşqçilərimizin tapşırıqlarını maksimum əzmlə və düzgün yerinə yetirməklə sonda qalib tərəf ola bilərik.

XANOĞLAN İMANOV

Chosen
29
sportinfo.az

1Sources